beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kərimdən necə faydalana bilərik

Uca Allah buyurur ki: "Şübhəsiz ki, bunda qəlb sahibi, yaxud hazır olub qulaq asan kimsə üçün öyüd-nəsihət vardır" (Qaf, 50/37)

Qurandan faydalanmaq istəyiriksə onu oxuduğumuz zaman bütün diqqətimizi toplamalı, ona yaxşıca qulaq asmalı, onu dinləyən sayıqlığını itirməməlidir. Çünki, O, şan-şöhrəti Uca Rəbbimizin Elçisi (sallallahu əleyhi və səlləm) vasitəsilə bizə xitab edilmişdir.
Təsirin tamlığı bu təsiri zəruri edən bir amil, bu təsiri qəbul edən bir yer, bu təsirin meydana gəlməsi üçün bir şərt və bu təsiri qabaqlayan xüsusiyyətlərin yoxluğu ilə bağlı olduğundan, kərim ayə bütün bunları ən özünəməxsus, ən aydın və məqsədə daha çox dəlalət edən kəlmələrlə izah etmişdir.
Uca Allahın: "Şübhəsiz ki, bunda … öyüd-nəsihət vardır" (Qaf, 50/37) buyruğu Qaf surəsinin əvvəlindən buraya qədər keçən bütün xüsusiyyətlərinə bir işarədir. Bax, amil budur.
"...qəlb sahibi..." ifadəsi də bu təsiri qəbul edəcək və təsirlənəcək yeri bildirir. Bundan məqsəd isə, Allahdan nazil olan buyruqları başa düşən, anlayan diri qəlbdir. Beləliklə, Uca Allah belə buyurur: "…Ona vəhy olunan ancaq öyüd-nəsihət və açıq-aşkar Qurandır ki, onunla diri olanları qorxutsun" (Yasin, 36/69-70) Burada diri sözündə nəzərdə tutulan qəlbin diri olmasıdır.
Uca Allahın: "…qulaq asan kimsə…" buyruğunda, onlara deyilənlərə qulaq asan, deyilənləri yaxşıca dinləyən şəxslər nəzərdə tutulur. Bu da sözdən təsirlənmək üçün bir şərtdir.
"...yaxud hazır olub..." ifadəsi də qəlbi qəfildən deyil, hazır olaraq dinləyəni bildirir.
İbn Quteybə deyir ki, sən, qəlbin və ağlın dərk etməyə hazır olduğu bir halda Allahın Kitabına qulaq as. Onu dinləyərkən qəflətdə və yanılmalar içərisində olma.
Bax bu, təsirin gerçəkləşməsinin qarşısını alan maneəyə işarədir. Bu maneə qəlbin yanılması, ona deyilənləri yaxşıca fikirləşmədən onlar haqqında düşünməyi və təfəkkürü tərk etməsidir.
Buna görə, Qurani Kərim – amil, təsiri qəbul edən yer – diri qəlb, dinləmək isə – şərt rolunu oynayır. Qəlbin başqa işlərlə məşğul olması, xitabın mənasından uzaqlaşması və başqa bir səmtə yönəlməsini bildirən, anlamağa mane olan xüsusiyyətlər olmazsa, təsir də gerçəkləşər. Bu təsir isə, Qurani Kərimdən faydalanmaq, ondan öyüd-nəsihət və ibrət almaqdır. (Bax: İbn Qeyyimin "əl-Fəvaid" əsəri, səh. 3-5)


Tarix: 17.04.2013 / 15:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar