beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏN XEYİRLİ QONAQ: RAMAZAN AYI

Ey müsəlmanlar!.. ALLAH`dan layiqincə qorxun!.. Çünki ALLAH`dan layiqincə qorxmaq axirətdə ən gözəl sonluqdur.
“Ey iman gətirənlər! ALLAH`dan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Ali İmran surəsi, 3/102.)

Bilin ki, dünya həyatı şirin və gözəldir. Nemətləri vardır, saxta olmasa... Zənginlikdir, sonda yox olmasa... Ona bağlanan sonda yox olur, yerləşən oradan daşınır. Vəziyyətlər dəyişir və hər qul hesaba çəkilir. Dünyaya sarılan cəfası bitməyən işə, əlçatmaz ümidə və sonu bilinməyən ehtirasa bağlanmışdır.

Günlər sürətlə keçir, aylar bir-birini təqib edir. Dünya özü də böyük müddət deyil, ondan da yalnız az bir hissə qalmışdır. Təmiz olanı içilmiş və yerdə çirkli hissəsi qalmışdır.

Təhlükələr və maneələr, qarışıq fitnələr, kiçik və böyük hadisələr... İnsanlar bunlar arasında mömin və kafir, təqvalı və günahkar, xilas olan və itirənlərə bölünür... Özünü və uşaqlarını, qadınlarını və dostlarını qəzəb və nifrətə aparan amillərdən qoruyan nə xoşbəxtdir...

“…ALLAH`a (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir” (Ali İmran surəsi, 3/101.)

Ey müsəlmanlar!.. Himayə və qazancı ilə, gözəllik və böyüklüyü ilə mənfəətli bir ay gəlib çatdı. Nur saçan qonaq, xoş ətirli bir ay… Ehsanı təmiz və xeyirlər dolu… Gözəlliyi həddə sığmayan, xeyirləri sayılamayacaq qədər çox… Ətrafında rüku edən və ya səmimi qəlblə oxunan ayələrin yüksələn sədası ilə qəlbi incələn və gözləri yaşaran insanlar görərsən ki, bu aclığını və susuzluğunu aradan qaldırar.

Sizləri Ramazana qovuşdurduğu üçün ALLAH`a (Subhanahu va Taala) şükr edin. Bu aya qovuşmağı arzu edən nə qədər insan ona qovuşa bilmədi. Ölüm qəflətən gəldi və həlak oldular.

Ey müsəlmanlar!.. Bizlər ona çatdığımız zaman nə qədər sevimli insanı, yaxını məzara yatırdıq.

Qardaşlarım! Bizlərdən köçən köçdü. Onların gedişi bizim üçün bir xəbərdarlıqdır. Ölüm bizimlə birgədir… Köçmə vaxtı yaxınlaşdı, azuqəmiz yox!.. Tövbə qapıları bağlanmazdan əvvəl özünüzü xilas etməyə çalışın! Bu zaman heç kimə malı fayda verməyəcək. Əzminizi artırın və qərarınızda qəti olun! ALLAH`a (Subhanahu va Taala) xeyirli əməllərinizi göstərin! Bacaran ciddi şəkildə bacarmış, imtahanı qazanan, səyi ilə qazanmışdır. Bilin ki, tənbəllik edənin ümidi suya düşər və o müvəffəq olmaz. Aişə (radiyallahu anha) belə deyir:

“Rəsulullah (Sallallahu aleyhi və səlləm) Ramazanda, başqalarından daha çox səy göstərirdi.” (Muslim.)

Ey müsəlmanlar!.. Bu ay, qəbul və xoşbəxtlik ayıdır. Bu ay, bağışlama və comərdlik ayıdır. Bu ay, yüksəliş və irəliləyişin başlanğıcıdır. Vay tənbəl olanların halına… Ənəs ibn Malik (radiyallahu anhu) qüdsi bir hədisdə Peyğəmbərdən (Sallallahu aleyhi və səlləm) belə buyurduğunu nəql edir:

“Qul mənə bir qarış yaxınlaşsa, mən ona bir arşın yaxınlaşaram. O mənə bir arşın yaxınlaşsa mən ona bir qulaç yaxınlaşaram. Mənə doğru iti addımlarla gəlsə, mən ona doğru qaşaraq gələrəm.” (əl-Buxari.)

Ey ALLAH`ın qulu! Əgər ciddisənsə, bu ciddilik vaxtıdır. Əgər hazırsansa, bu ibadət zamanıdır. Budur, şeytan zəncirlənmiş və diləyənə xeyir qapısı açıqdır. Əbu Hureyrə (radiyallahu anhu), Rəsulullahın (Sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

“Ramazan gəldikdə, cənnət qapıları açılır, cəhənnəm qapıları bağlanır və şeytanlar zəncirlənir.”

Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurur:

“Ramazanın ilk gecəsi olduqda, şeytanlar və azğın cinlər zəncirlənir, cəhənnəm qapıları bağlanır və ondan heç bir qapı açılmır. Cənnət qapıları açılır və bu zaman bağlı qapı olmur. Bir münadi (səslənən) belə deyir: “Ey xeyir istəyən yaxınlaş! Ey şər istəyən uzaq ol!” ALLAH`ın cəhənnəmdən azad etdiyi insanlar vardır ki, bu da hər gecədir.” (İbn Macəh.)

Ey müsəlmanlar! Bu, dönüş və günahlardan saflaşma zamanıdır. Bu, qarşılıqsız bağışlayan kərəm sahibinin rəhmətidir. Tövbə etməyə tələsin! Qəbir və torpaq yurduna köç yaxınlaşmışdır.

Ey günahlara alışan! Ey səhvlərin qulu, tövbə et!.. ALLAH (Subhanahu va Taala) yaxşılıq və mərhəmət etməyi sevir, tövbə edənlərə lütfündən verir. Bu ayda tövbə ilə günahlarını yuyan, vaxt itirmədən səhvlərini düzəldən nə xoşbəxtdir!

Ey günahların əsiri! Bu ayda darda olanlar xilas edilir, günahkarlar azad edilir və üsyankarlar bağışlanır. Fürsəti əldən vermə, vaxtı itirməkdən çəkin! Bütün bu fürsətləri rədd edib Ramazan keçdiyi halda bağışlanmayanlardan olma! Rəsulullah (Sallallahu aleyhi və səlləm) minbərə çıxır və:

“Amin, amin, amin”

deyir. Deyilir ki:

“Ey ALLAH`ın Rəsulu! Minbərə çıxdın və “Amin, amin, amin” dedin?

Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurur:

“Cəbrail mənim yanıma gəldi və “Kim Ramazan ayında bağışlanmasa, cəhənnəmə girsin və (ALLAH) onu (rəhmətindən) uzaqlaşdırsın. “Amin” de!” dedi və mən də “Amin” dedim.” (İbn Huzeymə. İbn Hibban. )

Ey müsəlmanlar! Azğın insanların sizlər üçün hazırladığı faydasız proqramlardan çəkinin! Onlar güvən içindədir, hətta bir gün də cəzalandırılmırlar. Günahkarlar nə oruca, nə də iftara diqqət yetirirlər! Gənclərə zəhər içirir, onların ziyana uğratmaqdan başqa bir şey etmirlər. Ey pis aqibətilə razılaşan!.. Bu pis alış-veriş və çirkin dostluqdur!

Ey gözlərini haramlara baxmaqda sərbəst buraxanlar! Siz ayların ən xeyirlisindəsiniz! Bu ayın hörmətini tapdalamaqdan, şərəfinə toxunmaqdan və dəyərini aşağı salmaqdan çəkinin! Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurur:

“Kim yalan söz və ona əməl etməkdən imtina etməsə, onun yeməyini və içməyini tərk etməsinə ALLAH`ın ehtiyacı yoxdur.” (əl-Buxari.)

Ey təmizliyi buraxıb, bulanıqlığı seçən, səhərləri rəzillik və hayasızlıqla keçirən! Hər gün ulaq leşi üzərindən qalxan kimi oyanan! Sənin açıq olan yoldan çəkinib, alçaq və çirkin yollara düşməyin çox təəccüblüdür?! Məgər qulağında pərdə var? Gözün nə üçün nuru görmür? Sən qəflətdəsən və bununla bağlı üzrlü deyilsən! Ömrün yerdə qalan anlarını dəyərləndir! Gələcək haqqında ehtimallar edənlərə “tövbə edin” deyildikdə, bunu daim gələcəyə saxlayanlar kimi olma! Şəhvətlərini, hələ görmədikləri, lakin iman etdikləri axirətdəki bilinməyən zamana saxlayanlar nə xoşbəxtdir!

“Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər (Peyğəmbər və möminlər) isə əsl müttəqilərdir. Onlar üçün RƏBB`inin dərgahında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur! ALLAH (bununla) onların etdikləri ən pis işlərin üstünü örtəcək və gördükləri ən yaxşı işlərə görə onları mükafatlandıracaqdır (yaxud etdikləri əməllərin ən gözəl mükafatını verəcəkdir).” (əz-Zumər surəsi, 39/33-35.)

Ey müsəlmanlar! Vaxtların keçiriləcəyi və saatların sərf ediləcəyi ən mühüm şey Quran ayələrinin oxunması, açıqlamalarının və öyüdlərinin dərk edilməsidir.

“Cəbrail (aleyhissalam) Ramazan ayında Rəsulullahın (Sallallahu aleyhi və səlləm) yanına gəlir və Onunla Quranı (mütaliə) təkrar edirdi.” (əl-Buxari. Muslim.)

Quran qəlblərin şəfası, işlər bir-birinə qarışdığı zaman ədalətli hakim, göz oxşayan hekayələr, təsirli öyüdlər, parlaq hikmətlər və tövhidə işarə edən açıq dəlillərdir. O, ürəklərə yağış damlasından daha sərin, gözlərə yorğunluq yuxusundan daha ləzzətlidir. O, əbədi həyata gedən ruhdur. Ruh olmadıqda cəsəd ölür. Qurana yönəlin və dəyərlərini ortaya çıxarın! Ayələrinin nüzul (nazil olma) səbəblərini öyrənin! Təfsir kitablarına müraciət edin! Quranı az oxumaqla kifayətlənməyin! Xoşbəxt insan, bütün səyini Qurana verən, əzm və düşüncəsini Ona həsr edəndir. Həmin insan onun qurumayan bulağından və bitməyən feyzindən su içir:

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir …” (əl-Bəqərə surəsi, 2/185.)

Ey ALLAH`ın qulu!.. Quranı hər dəfə xətm etdikdən sonra əvvələ qayıt və yenidən oxu! Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurur:

“Oruc və Quran Qiyamət günü qula şəfaət edir. Oruc: “Ey RƏBB`im! Onu yeməkdən və şəhvətdən uzaqlaşdırdım, məni ona şəfaətçi qıl!” deyir. Quran, “Onu gecə yuxusundan uzaqlaşdırdım, məni ona şəfaətçi qıl!” deyir. Bundan sonra ikisi də ona şəfaətçi təyin olunur.” (Əhməd ibn Hənbəl.)

Ey müsəlmanlar!.. Bu ay nəfəqə vermə, bağışlanma diləmə və şəfqət göstərmə ayıdır. Ey var dövlətlərini saya bilməyənlər! Fəlakətə uğrayan, çətinlikdə olan, yoxsulluq və xəstəlik çəkən ac insanları xatırlayın! Onlara yardım edin və onların ehtiyaclarını aradan qaldırın! Yoxsulu doyurun və çətinlikdə olana yardım edin, nəfəqə verin! Xəsis olmayın! Yoxsa ALLAH (Subhanahu va Taala) da ruzisini daraldar.

Muhəmməd Mustafanın (Sallallahu aleyhi və səlləm) sözünü dinləyin, ey camaat:

“Ey Adəm oğlu! Sənin nəfəqə verməyin sənin üçün daha xeyirlidir. Onu verməməyin pisdir. Kifayət qədər malının olması ayıb deyil. Verən əl, alan əldən daha xeyirlidir.” (Muslim.)

Digər hədisdə belə buyurur:

“Sədəqənın ən fəzilətlisi, Ramazanda verilən sədəqədir.”

Rəsulullah (Sallallahu aleyhi və səlləm) insanların ən comərdi idi. Ramazanda Cəbrail (aleyhissalam) Onun yanına gəldiyi zaman ən comərd halda olurdu.

Ey müsəlmanlar! xeyirli mövsümlər çox azdır. Onlar tez keçib gedir. Bu qısa ayda laqeyd davranmayın! Bu ayda fərz, vacib və sünnə ibadətlərini yerinə yetirin!

“İftarda tələsdikləri müddətdə insanlar hələ də xeyirlidirlər.”

“Bizim orucumuzla Əhli Kitabın orucu arasındakı fərq sahur yeməyidir.”

“Bir qurtum su liə də olsa sahurda yeyin.”

Rəsulullah (Sallallahu aleyhi və səlləm) namaz qılmazdan əvvəl bir neçə yaş xurma ilə iftar edirdi. Yaş xurma olmasa, bir neçə quru xurma ilə, quru xurma da olmasa, bir neçə qurtum su içirdi. İftar etdikdə belə deyirdi:

“Susuzluq getdi, damarlar islandı və ALLAH`ın izni ilə əcr sabit oldu.”

“Kim unudaraq yeyib, içsə orucunu tamamlasın. Ona yalnız RƏBB`i yedirib, içirmişdir.”

“Nə kəffarət nə də qəza lazımdır.”

“Oruclu olduğu zaman bilməyərək qusan, heç nə etməməlidir. Kim bilərək qussa, qəza etsin.”

Yuxuda olduğu zaman mənisi çıxanın orucu pozulmur, lakin öz istəyi ilə mənisini çıxaranın orucu pozulur.

“Kim inanaraq və qarşılığını ALLAH`dan gözləyərək Ramazanda gecə namazı qılsa, keçmiş günahları bağışlanır.”

“Kim imamla birlikdə qalxıb sona qədər namaz qılsa, ona bütün gecə namaz qılanın savabı yazılır.”

“Kim bir oruc tutana iftar versə, oruc tutanın əcrindən əksik olmadan ona da savab yazılır.”

“Oruc tutduğunuz gün pis söz deməyin və cahillər kimi davranmayın. Əgər kimsə onu söysə və ya onunla mübahisə etsə, “Mən oruc tutmuşam, mən oruc tutmuşam!” desin.”

Ramazanda edilən bir ümrə, Peyğəmbərlə (Sallallahu aleyhi və səlləm) birlikdə edilən bir həccə bərabərdir.

Ey müsəlmanlar! Orucunuz tamamlanmadan və iftar vaxtı gəlmədən iftar etməkdən çəkinin! Şəri üzr olmadan oruc pozaraq bu aya hörmətsiz yanaşmayın! Əbi Umamə əl-Bahili ? Rəsulullahın (Sallallahu aleyhi və səlləm) belə buyurduğunu bildirir:

“Mən yatdığım zaman iki adam yanıma gəldi və çiyinlərimdən tutub, çətin bir dağa gətirdilər və “Çıx!” dedilər. “Mənim buna gücüm çatmaz” dedim. “Biz bunu sənin üçün asanlaşdırarıq” dedilər və mən çıxdım. Dağın zirvəsinə gəldikdə, birdən şiddətli səslər eşitdim. “Bu səslər nədir?” dedim. “Bu cəhənnəm əhlinin səsidir” dedilər. Sonra məni apardılar. Bir də ayaqlarından asılmış, yanaqları yarılmış və qanları axan bir camaat gördüm. “Bunlar kimdir?” dedim. “İftar vaxtından əvvəl oruclarını açanlardır” dedilər.” (İbn Huzeymə. İbn Hibban.)

Müsəlman qadın İşa (yatsı) namazına və təravih namazına gəldikdə, qoxu sürməkdən, fitnəyə səbəb olan, imanı zəif nəfsləri meyl etdirən, pis insanların diqqətini cəlb edən və qəlbində xəstəlik olanları təhrik edən bəzəkli paltarlar geyinməkdən, əcnəbi (məhrəmi olmayan) sürücü ilə tək qalmaqdan çəkinməlidir. Çünki bunun nəticələri xoş deyildir və harada bitəcəyi bilinmir. Zeynəb əs-Səqafiyyə (radiyallahu anha), Rəsulullahın (Sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

“İşa (Yatsı) namazına gəldiyiniz zaman, o gecə qoxu sürməyin.”

Bir başqa rəvayətdə isə belə buyurur:

“Məscidə gəldiyiniz zaman, heç biriniz qoxu sürməsin.” (Muslim.)

Amra bintu Abdi`r-RAHMAN, Aişənin (radiyallahu anha) belə dediyini rəvayət edir:

“Əgər Rəsulullah (Sallallahu aleyhi və səlləm) qadınların sonradan nə etdiyini görsəydi, İsrailoğullarının qadınlarının məscidlərdən uzaqlaşdırıldığı kimi onları məscidlərdən uzaqlaşdırardı. Amradan “İsrailoğullarının qadınları məscidlərdən uzaqlaşdırıldımı?” deyə soruşulduqda “Bəli” dedi.” (Muslim.)

Qadınların evlərində qıldıqları namaz onlar üçün daha xeyirlidir. Abdullah ibn Ömər ?, Peyğəmbərin (Sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

“Qadınlarınızı məscidlərdən uzaqlaşdırmayın, lakin evləri onlar üçün daha xeyirlidir.” (Əbu Davud.)

Ümmü Sələmə (radiyallahu anha), Rəsulullahın (Sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

“Qadınlar üçün məscidlərin ən xeyirlisi evlərinin içidir.” (Əhməd ibn Hənbəl.)

Ey müsəlmanlar! Öyrənməyin əlacı sual verməkdir. Bilmədiyinizi və başa düşmədiyinizi soruşun! Kim bilmədən bir şeylər etmək istəsə, etdikləri qəbul edilmir.

Ey müsəlmanlar! İnsanları kədərləndirən, müsəlmanlar arasında yayılmış çirkin adət və pis vərdiş vardır. Bu, Ramazan ayında yemə və içmədə israf etmə vərdişidir. Bu vərdiş, insanların bir çoxunu artıq qalan yeməkləri zibil qutularına atmağa sövq etmişdir. Halbuki, ac və susuz olan, yemək axtaran insanlar və yoxsul ailələr vardır.

Ey ALLAH`ın qulları! ALLAH`dan layiqincə qorxun! Nemətlərə belə şükr edilmir.

“…İsraf etməyin. (ALLAH) israf edənləri sevməz!” (əl-Ən`am surəsi, 6/141.)

“Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə RƏBB`inə qarşı nankordur!” (əl-İsra surəsi, 17/26-27.)

Orta yolu seçin, orta yol gözəldir. Müəyyən ölçü daxilində nəfəqə verin!

“Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!” (əl-İsra surəsi, 17/29.)

İsrafda xeyir, xeyirdə də israf yoxdur. ALLAH (Subhanahu va Taala) belə buyurur:

“...Əgər (Mənə) şükr etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki,) Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim surəsi, 14/7.)

Ey müsəlmanlar! Hər oruc tutanın gündüz və gecə qəbul olunan bir duası vardır. Bu vaxt onun üçün qəbul qapıları açılır. Əbu Sə`id əl-Xudri ?, Rəsulullahın (Sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

“Hər müsəlmanın gündüz və gecə qəbul olunan bir duası vardır.” (əl-Bəzzar.)

Amr ibn əl-As ?, Rəsulullahın (Sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

“Şübhəsiz ki, hər oruc tutanın iftar anında rədd edilməyən bir duası vardır.” (İbn Macəh.)

Bu mübarək ayda özünüz, ailəniz və qohumlarınız üçün xeyirli dualar çox edin! Əllərinizi qaldırın və dünyanın hər yerində gücsüz olan, yurdlarından çıxarılmış və əsir edilmiş din qardaşlarınıza yardım etməsi üçün ALLAH`a (Subhanahu va Taala) yalvarın! İslam ümməti bu gün, ən çətin dövrlərindən birini keçirir. Çəkişmələr və hiylələr qurulur. ALLAH`dan (Subhanahu va Taala) başqa sığınacaq yerimiz yoxdur. Yalnız Ona təvəkkül edirik. Hər cür faciəyə və bəlaya qarşı Ondan yardım diləyirik. ALLAH`a (Subhanahu va Taala) dua edin, şikayətlərinizi və dəvətinizi Ona bildirin! Duanın qəbuluna mane olan amillərdən çəkinib, imanla silahlanın! Bilin ki, bu, ümmətin yuxudan oyanması, dostunu və düşmənini ayırması, nəzəri və təcrübi olaraq dininə qayıtması üçün ALLAH`ın (Subhanahu va Taala) bir imtahanıdır.


Tarix: 17.04.2013 / 12:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 542 Bölmə: Maraqlı melumatlar