beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xöşbəxlik nədədir?

İnsanların xoşbəxtlik barəsində olan düşüncə və təsəvvürləri müxtəlifdir. Kimsə xoşbəxtliyi var-dövlətdə, kimsə ad-sanda, kimsə sakit və rahat həyat yaşamaqda, kimsə problemsiz olmaqda, kimsə firavanlıqda, kimsə də əmin-amanlıqda görür. Amma görəsən doğurdan da bunların hansı biri insanı xoşbəxt edir?
Ümumiyyətlə, insan xoşbəxtliyi onda olmayan, həmişə arzusunda olduğu şeylərdə axtarır. Misal üçün, kasıb xoşbəxtliyi var-dövlətli olmaqda, tək-tənha qalmış insan onu yan-yörəsinin qohum-əqrəba, dost-tanış ilə dolu olmasında, nadan və savadsız adam onu alim və savadlı olmaqda, həmişə problemlərdə olan insan isə onu sakit və başağrısız həyatda axtarır.

Amma onların xəbəri yoxdur ki, nə çox pullu-varlı insanlar var ki, o qədər varın-dövlətin içində ola-ola özünü ən bədbəxt insan hesab edir. Nə çox qohum-əqrəbalı, dos-tanışlı, alim və savadlı, sakit və başağrısız həyat yaşayan insanlar var ki, yenə də nəyisə axtarır, nəyinsə çatışmamasını hiss edir, ona görə də özlərini xoşbəxt görə bilmirlər.

Demək xoşbəxtlik nə var-dövlətdə, nə ad-sanda, nə savadlılıqda və nə də sakit həyat yaşamaqdadır. Bəs onda xoşbəxtlik nədədir?
İnsanların bu sualın qarşısında aciz qalıb ona cavab tapa bilməmələri heç də təəccüblü deyil. Çünki insanı yaradan onun özü yox, başqa bir varlıqdır. Ona görə də o, heç vaxt özbaşına onu nəyin xoşbəxt və nəyin bədbəxt edəcəyini bilə bilməyəcəkdir.
İnsan çox acizdir, çox şeyləri bilmir. O, bir çox şeylərin onun ziyanına olduğu halda xeyirli olduğunu və əksinə, bir çox şeylərin onun xeyrinə olduğu halda zərərinə olduğunu düşünür. Bir sözlə desək, insan çox vaxt öz xeyir - şərini bilmir. İnsanın bu xüsusiyyətinə Qurani-kərimdə də işarə olunur. Bir yerdə Uca Rəbbimiz وَ خُلِقَ الْإِنْسانُ ضَعيفاً"İnsan zəif yaradılmışdır" - deyir. Başqa bir yerdə وَ ما أُوتيتُمْ مِنَ الْعِلْمِ إِلاَّ قَليلا "Sizə yalnız cüzi bir bilik verilmişdir!" - buyurur. Başqa bir yerdə isə belə deyir: وَ عَسى‏ أَنْ تَكْرَهُوا شَيْئاً وَ هُوَ خَيْرٌ لَكُمْ وَ عَسى‏ أَنْ تُحِبُّوا شَيْئاً وَ هُوَ شَرٌّ لَكُمْ وَ اللَّهُ يَعْلَمُ وَ أَنْتُمْ لا تَعْلَمُون "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməzsiniz."
Dünyada baş verən cinayətlərə nəzər etsəniz görəcəksiniz ki, ən qorxulu cinayətləri, adətən kimsəsiz və yiyəsiz böyümüş insanlar törədirlər. Görəsən niyə belədir? Bu ona görədir ki, belə bir insan uşaq ikən öz yolunu özü seçmişdir, öz başına qalmış, heç bir valideyn himayəsi və göstərişi olmadan yaşamış və nəticədə belə işlərə bulaşmışdır. Yiyəsiz, atılmış, küçə-bacada böyüyən uşaq heç kimin himayəsi olmadan, özbaşına öz həyat yolunu düzgün seçə bilərmi? Biz insanlar da eynilə belə bir uşaq kimiyik, xoşbəxtliyin nədə olduğunu bizə bizi yaradan Xaliqimiz göstərməlidir. Xoşbəxtlik yolunu özümüz özbaşına seçsək, əlbəttə ki, həmişə onun həsrətində olacağıq.
Uca Rəbbimiz lütf qılmış və bizə düz yolu göstərən bir müqəddəs kitab nazil etmişdir. O kitabda hər şey olduğu kimi, xoşbəxtliyin də nədə olduğu, onun necə əldə olunması təfərrüatı ilə qeyd olunmuşdur. Amma təəssüflər olsun ki, biz insanlar öz suallarımıza cavabı bu müqəddəs Quranda axtarmırıq, bu möcüzəvi hidayət kitabının yalnız yas yerlərində oxunulması ilə qənaətlənib, onu taxçalarda qoruyub-saxlamağa adət etmişik.
Nə isə... Mən isə öz adətim üzrə sualımın cavabını Qurani-kərimdə axtaracağam.


Qurani-Kərimdə xoşbəxtlik anlamı "fəlah və iflah" maddəsindən tutulmuş "əfləhə”, “yuflihu” və “müflihun" kəlmələri ilə ifadə olunur. Lüğət alimlərinin nəzərincə "fəlah" xoşbəxtlik mənasını daşıyır.
Misal üçün, "Əttəhqiq fi kəlimatil-Quran" adlı lüğət kitabında müəllif fəlah kəlməsinin mənasında bir çox rəyləri saydıqdan sonra belə deyir: "Amma tədqiqat göstərir ki, bu kəlmənin yeganə mənası nicat tapıb xoşbəxtliyə nail olmaqdır". Və yaxud məşhur "Məcməül bəhreyn" kitabında belə deyilir: "Əfləhə, xilas olub xoşbəxtliyə çatdı mənasını daşıyır." Lisanül-Ərəb kitabında da "fəlah" kəlməsinə eyni ilə yuxarıdakı mənalar verilir. Belə ki, deyilir: "Fəlah feyzə çatmaq, nicat tapmaq və nemətlər içində səadətə qovuşmaq kimi məna edilir."
Qurani-Kərimdə düz 16 ayədə bu maddə vasitəsi ilə xoşbəxtlikdən söz açılır. Bu 16 ayədən 13-ündə xoşbəxt insanlardan və onların xüsusiyyətlərindən, qalan üç ayədə isə xoşbəxtliyin necə əldə olunması yollarından bəhs olunur. Bəqərə /5, Ali İmran/104, Əraf/157, Tövbə/88, Nur/51, Loğman/5, Mücadilə/22 kimi ayələri dediyimizə misal gətirmək olar.
İman, xoşbəxtliyin ilkin amili
Qurani-Kərim baxımından xoşbəxtliyin ilkin amili "iman"- dır.Uca Allah Möminun surəsinin birinci ayəsində belə buyurur:
قَدْ أَفْلَحَ الْمُؤْمِنُون‏ "Doğrudanda iman gətirənlər nicat tapıb xoşbəxt oldular"
Əgər Allah-Təala buyurursa "iman insanı xoşbəxt edir", bunda heç bir şəkk-şübhə ola bilməz. Amma axı iman nədir, hansı iman insanı xoşbəxt edir, necə xoşbəxt edir? Bu suallar barəsində bir az söhbət etməliyik.
İman deyəndə ilk növbədə Allahın varlığı, yeganəliyi, eləcə də onun bütün sübuti və səlbi sifətlərinə inam və əqidə bağlamaq nəzərdə tutulur. İlahinin ədaləti, onun xaliqiyyəti və malikiyyəti və sair sübuti sifətlərinə inam və onun zülmkar, qəddar, məhdud və kin-kidurətli və bu kimi sair səlbi sifətlərin olmamasına əqidə bağlamağa "iman etmək" deyilir. Bunlardan əlavə, Ulu Tanrının göndərdiyi 124 000 peyğəmbər və onların bəzilərinə nazil olmuş kitabları qəbul edib onlara inam bağlamaq da imana daxildir.
Bunu da qeyd etməliyəm ki, hər iman insanı xoşbəxt edə bilməz, təbii ki, xoşbəxtlik üçün həqiqi, güclü və xalis iman lazımdır. Elə ona görədir ki, Qurani-Kərimin bir yerində Allah-taala iman gətirən insanlara müraciət edib onların iman gətirmələrini istəyir:يا أَيُّهَا الَّذينَ آمَنُوا آمِنُوا بِاللَّهِ وَ رَسُولِهِ وَ الْكِتابِ الَّذي نَزَّلَ عَلى‏ رَسُولِه‏
"Ey iman gətirənlər! Allaha, onun rəsuluna və o rəsula göndərilmiş kitaba iman gətirin!..."

Bu ayədən belə çıxır ki, onların imanları həqiqi və güclü iman deyilmiş, ona görə də onlardan yenidən iman gətirmək tələb olunur. Bir də ki, mən imanlıyam, mən möminəm deməklə insan imanlı olmur, imanı dildə yox, qəlbdə və o qəlbin göstərişlərindən doğan rəftarlarda axtarmaq lazımdır. Demək istəyirəm ki, gəlin islamla imanı bir-birindən ayıraq, İslamı və müsəlmançılığı dildə axtarmaq mümkündür, belə ki, hər kəs Allahın birliyinə və həzrət Mühəmmədin onun rəsulu olduğuna diliylə şəhadət verərsə, artıq müsəlman olub İslam dininə qoşulmuşlardan sayılır. Amma iman belə deyil. Qurani-kərimdə Allah-taala bədəvi ərəblərin iman iddialarının cavabında elə belə buyurur:
قالَتِ الْأَعْرابُ آمَنَّا قُلْ لَمْ تُؤْمِنُوا وَ لكِنْ قُولُوا أَسْلَمْنا وَ لَمَّا يَدْخُلِ الْإيمانُ في‏ قُلُوبِكُم‏
"Bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz iman gətirmədiniz! Ancaq: “Biz islamı qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır...
Bu əsasla bizim çoxlarımız sadəcə müsəlmanıq, mömin olmağımıza isə həqiqi inam və əməl lazımdır. Buaradan "bəs müsəlmanlar niyə geri qalıblar" sualının cavabı da bəlli olur. Çünki, insana xoşbəxtlik, müvəffəqiyyət, zəfər, uğur, qələbə, inkişaf və tərəqqi gətirən sadə müsəlmanşılıq yox, həqiqi imandır və nəzərdə tutulmuş müsəlmanlar ya imanlarının olmamasına görə və yaxud da imanlarının zəif və süst olduğuna görə həmişə geridə qalmalı olublar.

İman necə xoşbəxt edir?

Doğrudan necə olur ki, iman insanı xoşbəxt edir? Bir ömür özünü bədbəxt sayan insan elə ki, iman gətirir, mömin olur, bir anda dəyişib xoşbəxtmi olur? Və yaxud sualı belə qoyaq, görəsən imanda hansı xüsusi imtiyaz və qüdrət vardır ki, insanın taleyində belə bir mühüm rol oynayıb, onu bədbəxtlikdən xoşbəxtliyə çıxarır?!
Bir tərəfdən də baxıb görürsən nə çox namaz qılıb oruc tutan, həccə gedib, zəkat verən mömin insanlar var ki, onlar da özlərini bədbəxt sayır və onlardada xoşbəxtlikdən bir əsər yoxdur. Axı niyə?! Məgər iman xəşbəxtlik gətirmirmi?!
Bilirsiniz, ümumiyyətlə xoşbəxtlik hissləri nikbinlikdən doğur. Hamımız bilirik ki, dünya əzəldən çətinlik üstündə qurulmuşdur, bu həyat təbiətən elə yaranmışdır ki, onda həmişə çatışmazlıq və çətinlik olmalıdır. İnsan da bu həyatın ən ali bir varlığı olaraq bu çətinliklərin içində üzə-üzə öz Xaliqinə tərəf irəliləməkdədir. Hikmətli yaradan Bələd surəsinin 4–cü ayəsində belə buyurur:
لَقَدْ خَلَقْنَا الْإِنْسانَ في‏ كَبَد "Biz insanı məşəqqətdə yaratdıq!"
İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşir. Bu, ilahi bir hikmətdir, həyatın qanunudur! Demək, çətinlik həmişə var. Amma söz burdadır ki, bəziləri bu növ çətinliklərlə üzləşdikdə özlərini dünyanın ən bədbəxt insanı sayır, başlarına bir pis hadisə gələn kimi giley-güzar və şikəyət edirlər, bəxtlərindən gileylənir, talelərinin uğursuzluğundan şikəyətlənirlər. Elə davranırlar ki, sanki dünya sona çatıb. Bu cür bədbin insan, hər baş verən hadisəni pis yozan kəs, hər şeydən şikayətlənən, heç nə və heç kimdən razı olmayan şəxs təbii ki, heç vaxt özünü xoşbəxt hiss edə bilməyəcəkdir.
Xoşbəxt olmaq üçün həyata, onda baş verən olaylara, çətinliklərə və müsibətlərə qarşı nikbin olmaq lazımdır. Və nikbin olmanın yeganə yolu isə imanlı olmaqdır. İmanlı şəxs hər hadisəni, hər işi Allahdan görür və bilir ki, bunlar hamısı Allahın hikməti və məsləhəti əsasında baş verir. İmanlı kəs bütün bunlara inanır. İmanlı kəs bilir ki, həqiqi malik təkcə onu yaradan Ulu Allahdır, ona görə də İlahinin verdiyini lütf, aldığını isə borc sayır. İmanlı kəs Allahının ədalətli olmasına, onun hikmətli və alim olmasına tam inam bağlamışdır. İmanlı şəxs bilir ki, o bu dünyaya əbəs yerə yox, imtahan üçün gəlmişdir və çəkdiyi əziyyətlərin hamısı bir növ İlahi sınaqdır. İmanlı kəs bilir ki, çəkdiyi bütün əzab-əziyyətlərin qarşısında onu cənnət bağları gözləyir, hər şey qeyd olunur və çox dəqiq hesabat olacaqdır. İmanlı şəxs bilir ki, etdiyi əməllərilə öz gələcəyini sığortalayır. İmanlı şəxs bütün bu dediklərimizi İlahinin insanlara bəxş etdiyi səmavi kitabdan oyrənmişdir. Qurani-kərimdə insan imtahanı barədə belə deyilir:
وَ لَنَبْلُوَنَّكُمْ بِشَيْ‏ءٍ مِنَ الْخَوْفِ وَ الْجُوعِ وَ نَقْصٍ مِنَ الْأَمْوالِ وَ الْأَنْفُسِ وَ الثَّمَراتِ وَ بَشِّرِ الصَّابِرين‏
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!
İmanlı şəxs bunların hamısına iman bağlamışdır. Axı belə bir inamla onu nə sarsılda bilər, nə bədbin və narahat edə bilər?! Elə buna görə də imanlı kəs özünü tam xoşbəxt hiss etməyə layiqdir. O, ən çətin anlarda belə xoşbəxtdir. O, ən acınacaqlı vəziyyətlərdə belə nikbindir, bütün çətinliklərin və baş verənlərin qarşısında belə deyir: "Şükürlər olsun sənə, ya rəbbim", "özün bilən məsləhətdir, İlahi!" Budur imanın xoşbəxtlik gətirmə sirri!
Maraqlı burasındadır ki, "iman" sözünün lüğəti mənası da buna dəlalət edir. Belə ki, Onun mənasında məşhur lüğət alimi Rağib İsfahani yazır:
"İman kəlməsi müstəqill mütəəddi olarsa, "əmn-amanlıq vermək və aram etmək" mənasını daşıyır, elə buna görədir ki, Qurani-Kərimdə Allaha da mömin deyilir, çünki, Allah ona iman gətirənlərə əmin-amanlıq və qəlbi aramlıq bəxş edir. Amma əgər bu kəlmə qeyri müstəqill mütəəddi olarsa, "əmin-amanlıq tapmaq və aram olmaq" mənasını ifadə edəcəkdir".
Buna əsasən mömin şəxs iman gətirməklə qəlbən aramlıq tapır. O, heç nə üçün nigaran deyil, çünki öz Allahına arxayındır.
Sonda, xoşbəxtlərdən söz açan ayələrdən bir neçəsinin sadəcə tərcüməsini qey edib söhbətimi yekunlaşdırıram.
“O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, namaz; bərpa edir və onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edirlər.
O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəksiz inanırlar, məhz onlar öz Rəbbi tərəfindən doğru yoldadırlar. Nicat tapıb xoşbəxt olanlar da onlardır.”
“İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olmalıdır! Bunlar, həqiqətən nicat tapıb xoşbəxt olmuş şəxslərdirlər.”
“Nəfsini (çirkinliklərdən) təmizləyən mütləq nicat tapıb xoşbəxt olacaqdır!”
“(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh vermişdir. (Allah) onları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır.”



Qeydlər:

1. Nisa/28.
2. İsra/85.
3. Bəqərə/216.
4. Ət-təhqiq fi kəlimatil-Quran, c. 9, s. 132.
5. Məcməül-bəhreyn, c. 2, s. 400.
6. Lisanül-ərəb, c. 2, s. 547.
7. Nisa/136.
8. Hücürat/14.
9. Bəqərə/155.
10. Əlmüfrədat fi ğəribil-Quran, s. 92.
11. Bəqərə/3-5.
12. Ali İmran/104.
13. Şəms/8.
14. Mücadilə/22.


Tarix: 11.04.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 701 Bölmə: Maraqlı melumatlar