beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlmanların ən çox ehtiyacı nəyədir?

Müsəlmanların bu günkü hallarına baxsaq görərik ki, onlar çox zəlil bir vəziyyətdədirlər. İslam tarixi boyu müsəlmanlar bu günkü kimi ağır vəziyyətdə olmamışlar və qəlbində zərrə qədər iman olan hər bir müsəlman, müsəlmanların bu vəziyyətinə baxdıqda mütləq onun qəlbi ağramalı, acı çəkməlidir.

Müsəlmanların 80-90 % demək olar ki, müsəlmanların bu halına baxdıqda yalnız və yalnız öz hisləri, qəzəb və nəfsi-istəkləri tərəfdən baxırlar. Və bəd dua edərək: "Allah kafirlərə lənət etsin, Allah onların bəlalarını versin, Allah onların başlarına daş yağdırsın"- deyirlər. Lakin çox az bir qism insanlar - Allahın Rəhm Etdiyi Kimsələr - onlar müsəlmanların bu hallarına öz hisləri, qəzəb və nəfsi-istəkləri tərəfdən deyil, elm tərəfdən baxırlar və elm tərəfdən baxaraq müsəlmanların bu halına doğru düzgün diaqnoz qoya bilirlər. Lakin kim ki, bu məsələlərə qəzəb, kin-küdurət tərəfdən baxırsa, onlar bu məsələyə doğru düzgün diaqnoz və düzgün fikir yürüdə bilmirlər. Ona görə də fiqhi məsələlərdə belə bir qayda var: "Əl-Hukmu Farun Anid Tasavvur - Əgər sən bir məsələni ətraflı şəkildə təsəvvür etməsən, o məsələ haqqında bir hökm, qərar verə bilməzsən". Ona görə də mütləqdir ki, biz müsəlmanların bu halına elm tərəfdən baxaq və görək müsəlmanlar nə üçün bu vəziyyətdədirlər?

Axı onlar nə ediblər və nə edirlər ki, bu cür zəlil və sınmış bir vəziyyətə düşüblər. Dinin zəifləməsi, cahilliyin baş alıb yayılması, yad adətlərin dinə daxil olması, kafir dövlətləri tərəfdən əzilmələr və s. Biz bu məsələni araşdırmalıyıq.
Həqiqətən də müsəlmanların bu günkü halı misal olaraq sizə söyləyəcəyim bir hekayədədir. Bu hekayə bir qövmlə bağlıdır ki, onlar dağların əhatəsində, gözəl bir guşədə yaşayırdılar. O qövmün məskunlaşdığı yerdə yağış suları ilə yığılaraq, təmiz saf bir çay dağların ətəyindən axaraq onların ərazisində bir göl yaratmışdı. Bu qövmün camaatı gölün suyundan içər, mal-qaralarını suvarar və əkin sahələrində istifadə edərdilər. Və o gölün suyunun səbəbilə Allah bu qövmə izzət, şan-şöhrət, şərəf, qüdrət, qüvvət vermişdi. O qövmün ağsaqqalları daima öz camaatlarına deyərdilər: "Bu gölü qoruyun, göz bəbəyiniz kimi qoruyun. Bu gölə nə çör-çöp, nə də zibil atmayın". Hətta o, qövmün camaatı o çaya nə isə atıb onu zibilləməyi heç düşünmürdülər. Buna baxmayaraq ağsaqqallar onlara daima nəsihətlər edir, daimə xatırladaraq yadlarına salardılar ki, “bu çaya heç bir şey atmayın. Bu çayı canınızdan da çox qoruyun”. Çünki, onlar bilirdilər ki, onların bu cür qüvvətlənməsi, qüdrətlən¬məsi, izzət, şan-şöhrət, şərəf tapmalarına səbəb yalnız və yalnız bu göldür. Bu qövmün ətrafında bir çox tayfalar yaşayırdılar. O tayfalar bilirdilər ki, bu qövm güclü və qüvvətlidir. Onlara hörmət edir və sayırdılar. Bilirdilər ki, onlara heç bir şey edə bilməzlər. Hətta o qövmlər heç düşünmürdülər ki, onlara hücum edib qalib gələ bilərlər. Çünki bilirdlər ki, bu mümkün olan şey deyil. Onların güclü və qüvvətli olmalarına səbəb yalnız və yalnız bu çaydır. Lakin vaxt ötür, illər keçir, ağsaqqallar, bu qövmün ağıllı, dünya görmüş insanları dünyalarını dəyişirlər. Yeni nəsillər gəlir. Yeni nəsillər gəldikcə, onlar o vədi (əhdi) unutmağa başlayırlar. O vəd ki, bu qövmün ağsaqqaları nəsillərdən-nəsillərə ötürərək bu çayın qorunması barəsində öz qövmlərindən əhd alırdılar.
Bir gün bu qövmün cahil bir sakini heç kəsin onu görmədiyini zənn edərək çayın içinə bir çöp atır. Görür ki, ona heç kəs güldən artıq bir söz demədi və bundan sonra bu qövmün camaatı bu çaya istədikləri zir-zibili, istədikləri çör-çöpü, istədikləri ölmüş heyvanların leşlərini atmağa başlayırlar. Öz ehtiyaclarını belə o çayda ödəməyə başlayırlar və nəticədə bu çayın suyu çirkab, bulanmış bir hala gəlir. Allah bu çayı qorumadıqlarına görə onlara dəhşətli xəstəliklər göndərir. Qövmün camaatı xəstəlik tapır. Bu xəstəlik nəticəsində camaat zəifləyərək çox aciz bir hala gəlirlər. Buna baxmayaraq onlar çayı zibilləməyə davam edirdilər və düşmənlər bu qövmün zəiflədiyini artıq hiss etmişdilər və düşündülər ki, artıq vaxt yetişib onlara qalib gəlmək olar. Düşmən hücumlara başlayır. Onları öz əsarətləri altına alaraq başlarına istədikləri oyunu gətiritlər, mal-qaralarını məhv edir, dövlətlərini əllərindən alır, ailələrini dağıdır, özlərini də zəlil bir vəziyyətə qoyurlar. Elə bir vəziyyətə ki, artıq bu qövm çox zəifləmiş, heç bir sözləri də keçmirdi, heç bir şey də edə bilmirdilər. O qövmlər istədikləri zülmü onların başlarına gətirirdilər. Bir gün bu qövmün sağ qalmış adamları bir yerə toplanaraq: "Biz qərar verməliyik, sözü bir yerə qoyub camaatımızı bu zülmkarlardan necə qurtarmağı düşünməliyik". Bu fikirlərə əsasən qövmün camaatı üç yerə bölündü.
Birinci qrup: Bu qövmün cavan nəsli toplanır. (Qollarında güc, başda ağıl olmayanlar). Onlar deyirlər: "Bizim bu vəziyyətə düşməyimizin səbəbi yalnız düşmənlərimizdir. Onlar bizi bu hala salıblar. Biz onlara qarşı silah toplayıb döyüşərək qalib gəlməyə çalışmalıyıq. Bu yolda ölsək də, məhv olsaq da, kökümüz kəsilsə də belə onlara qarşı döyüşməliyik. Bu cavanların fikri idi.
İkinci qrup: Orta nəsil toplanır. Onlar deyirlər: "Xeyir biz onlara qarşı vuruşa bilmərik. Biz zəif və çarəsizik. Hər bir vasitəyə əl ataq ki, özümüzü bu xəstəlikdən təmizləməliyik. Özümüzü müalicə etdikdən sonra biz onlara qalib gələ bilərik. Bu orta nəslin fikiri idi".
Üçüncü qrup: Bu qrup isə ağsaqqallardan ibarət idi. Dünya görmüş, saç saqqalları bu yolda ağarmış insanlar idi. Onlar: "Bizim gücümüz yoxdur, biz düşmənə qarşı nə ilə vuruşa bilərik? Bizim indi vuruşmağa taqətimiz yoxdur. Çünki, xəstəlik bizi çox zəiflətmişdir. Bizim indi özümüzü müalicə etməyə də gücümüz yoxdur. Axı biz özümüzü necə müalicə edə bilərik ki, biz yenə də o çirkab sudan içirik. Bir tərəfdən özümüzü müalicə edək və sonra da gedib o çirkab sudan içək. Bizim xəstələnməyi¬mizə səbəb çayı qorumamağımız və onun suyunu bulandırmağımızdır". Onlar dedilər: "Biz yalnız və yalnız o çayı təmizləməliyik. Çayı təmizləmək üçün ata-baba¬larımızın (Sələfi Salehlərin) dedikirlərinə qayıtmalıyıq, onlar bu çaya atılan nəcasətdən, zibildən qorumağı vəd almışdılar. Biz çayı mənbəsindən təmizləməliyik. Ondan sonra Allah bizə güc də verəcək, qüvvət də. O ağsaqqallar cavanlara da, orta nəsilə də nəsihət verərək: "Vallahi, heç döyüşməyə də ehtiyac olmayacaq. Allah bizim düşmənlərimizin qəlblərinə qorxu salacaqdır. Onlar bizim gücümüzü görərək geri çəkiləcəklər. Düşmənlərin bizə qalib gəlməsi, bizim zəifləməyimizə görədir, onların güclü olmasına görə deyildir. (Məs: "20 yaşında bir gənci hamı döyür, söyür heç kəsə gücü çatmır cavab versin. 20 yaşı olsa da zəif və acizdir. Onun yanına 5 yaşında bir uşaq gətirirlər. 20 yaşında olan cavan 5 yaşında olan uşağı öz gücünə görə döyəcək, yoxsa 5 yaşında uşağın zəif olmasına görə ona gücü çatacaq? Sözsüz ki, 5 yaşında uşağın zəif olmasına görə uşağa qalib gəldi, öz gücünə görə deyil). Ağsaqqallar da o qrupları başa salmağa çalışırdılar ki, düşmənlərin bizə qalib gəlmələrinə səbəb yalnız və yalnız, bizim zəif olmağımıza görədir, onların güclü olmalarına görə deyildir. Vallahi, əgər biz çayı qorusaq, bu çayı təmizləsək Allah bizə güc də verəcək, əvvəlki izzəti, şan-şöhrəti, qüdrəti də verəcəkdir. Düşmənlər bizim bu güclənməyimizi gördükdən sonra, özləri qorxub geriyə çəkiləcəklər".
Həqiqətən də bu ağsaqqalların nəsihətində ağıllı insanlar üçün böyük faydalar vardır. Çünki, onlar dünya görmüş kimsələr idi. Bu cavanlara və orta nəsilə verdikləri böyük nəsihət həqiqətən də doğru idi. Onları başa salmağa çalışdılar ki, bizim bu vəziyyətdən çıxmağımızın yolu yalnız və yalnız birdir: Tasfiyyə Vət Tarbiyyə – Təmizlənmək və Tərbiyyə olunmaqdır.
O, çay – Tövhid – çayıdır. Bu çayı şirkdən, küfürdən, bidətdən, nifaqdan, cürbəcür günahlardan təmizləməliyik. Biz o çayı təmizlədikdən sonra özümüzü tərbiyə etməliyik. Tərbiyə etdikdən sonra da, Allah bizə qələbə verəcəkdir.

İmam Malik deyir: "Bu ümmətin başı nə ilə islah olunmuşsa (düzəlmişsə, nə ilə doğru yola yönəlmişsə), bu ümmətin sonu da yalnız onunla islah olunar. O, gün din olmayan heç bir şey bu gün də din olmaz".
(Qadi-İyad "əş-Şifa" 2/ 88. )

Vallahi, doğurdan da bu belədir. Müsəlmanların bu hala düşmələrinə səbəb yalnız və yalnız özümüzük, düşmənlərimiz deyildir. Biz özümüz bu Tövhid çayını günahlarla, şirklərlə, bidətlərlə o qədər bulandırmışıq ki, Allah bizi zalımlarla imtahana çəkib. Ona görə də biz mütləq öz Sələflərimizin, Allahın və Peyğəmbəri Muhəmmədin (s.a.v) yoluna qayıtmalıyıq. Səhabələrin dediklərini etməliyik ki, Allah onlara şan-şöhrət, izzət, şərəf verdiyi kimi, bu şan-şöhrəti, izzəti bizə də versin. Peyğəmbərimiz Muhəmmədin (s.a.v) bir çox moizələrində oxuduğu məşhur Xutbətul-Hacə adlanan duasında belə bir kəlamlar vardır: "Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin (s.a.v) yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl bir bidətdir, hər bir bidət isə zəlalətdir, hər bir zəlalət isə oddadır”.(Muslim "Şərhu Nəvəvi" 6/ 153-156, Əhməd 3/ 319,371, ən-Nəsai 3/ 188-189, əl-Beyhəqi "Sunənul-Kubra" 3/ 214 Cabir ibn Abdullah yolu ilə: əl-Albani "Muxtəsər Səhih Muslim" 409, "Mişkətul Məsabih" 3149, 5860.)

Bir düşün? Peyğəmbər (s.a.v) bu sözləri nə zaman demişdi? Məgər Peyğəmbərimizin (s.a.v) zamanında bidət var idi? Xeyr! Peyğəmbər (s.a.v) öz ümmətinə, səhabələrinə daima xatırladırdı ki: "Tövhid çayını, tövhidi bidətlərlə zibilləməyin. Bidətlərdən çəkinin, necəki, o ağsaqqallar öz qövmlərinə deyərdilər ki: "Bu çayı təmiz saxlayın. Çünki, bizim izzət və qüvvət tapmağımıza səbəb yalnız və yalnız bu çaydır. Bu çaya görə Allah bizə güc-qüvvət verib". Eyniylə bizə də Peyğəmbərimiz Muhəmmədin  sözlərini insanlara çatdıraraq: "Allaha şərik qoşmayın, bidət etməyin, küfr etməyin. Bunlarla Tövhidi bulandırmayın kı, Allah da bizə güc, qüvvət, izzət versin". Səhabələr bu yolu necə qoruyurdular? Ömərin (r.a) dövründə, Ömərə (r.a) xəbər gəlir ki, Subaya adında bir nəfər Allahın mütəşəbih ayələri barəsində insanlar arasında şübhə yayır. Ömər onu yanına çağırtdırır və ondan əqidəsi (fikirləri) barəsində soruşur. O, da Ömərə öz əqidəsindən xəbər verir. Bu vaxt Ömər (r.a) əlində olan xurma ağacının çubuğu ilə onun başına o qədər vurur ki, başı yarılır. Deyir ki, aparın onu zindana salın. Bir müddətdən sonra yenə deyir ki, onu mənim yanıma gətirin. Yarası yenicə sağalmışdı ki, Ömər yenə çubuqla onun başına vurur, başı yenə qanayır və deyir ki, aparın salın zindana. Bir müddətdən sonra yenə onu yanına çağırtdırır, yarası təzə sağalmışdı ki, yenədə çubuqla onun başına vurmağa başlayır. Bu vaxt: "Ya Ömər! Bəsdir artıq, ya məni xeyirli ölümlə öldür, ya da əgər sən istəyirsən ki məni təmizləyəsən, Vallahi, artıq sən məni (bu fikirlərdən) təmizlədin". Ömər (r.a) Allahın dinini necə qoruyurdu. Ömərin xəlifəliyindən sonra Xəvariclər çıxır. Onlar toplanaraq Ömərin cəzalandırdığı kimsənin yanına gəlirlər və: "Ey Subay, sənin fikirlərini dəstəkliyənlər çıxıb, ged onlara qoşul". Həmin şəxs: "Vallahi, xeyirli insan, artıq məni islah etmişdir, məni artıq bu fikirlərdən təmizləmişdir, mən o yola heç vaxt dönmərəm". Baxın, görün səhabələr Allahın dinini necə qoruyurdular.

Ömər ibn Yəhyə öz atasından, o da öz atasından rəvayət edir ki, hər gün biz sübh namazından öncə İbn Məsudun  evinin ətrafında yığışar və birlikdə namaza gedərdik. Bir gün səhər Əbu Musa əl-Əşari (r.a) də gəldi və İbn Məsuda (r.a) : "Bir az bundan əvvəl məsciddə bir hadisə ilə qarşılaşdım ki, heç xoşuma gəlmədi. Gördüm ki, bir dəstə insan dairə şəklində toplaşıb namazı gözləyirdilər və hər bir kəsin əlində də xırda daşlar var idi. İçərilərindən bir nəfər: “Yüz dəfə Lə İləhə İlləllah deyin” və onlar da yüz dəfə zikr edərdilər. Sonra yenə də: “Yüz dəfə Subhənəllah deyin”- deyirdi. İbn Məsud : "Sən onlara nə dedin"- deyə soruşdu. Əbu Musa : "Sənin fikrini bilmədiyimə görə heç bir söz demədim"- dedi. Məscidə gəldik. İbn Məsud camaatdan birinə yaxınlaşdı və: "Sizin halınız nədir?"- deyə soruşdu. Onlar: "Bu daşlar vasitəsilə biz nə qədər zikr etdiyimizi sayırıq"- dedilər. İbn Məsud : "Daha gözəl olardı ki, siz öz pis əməllərinizi sayasınız. O ki qaldı sizin yaxşı əməllərinizə, mən zaminəm ki, onların heç biri itməyəcəkdir. Vay sizin halınıza, ey Muhəmməd ümməti! Səhabələr sizin arasında olduğu vaxt siz nə tez uçuruma doğru getdiniz…” Onlar: "Ey Abdur-Rahmən! Biz yalnız xeyir istəyirdik!"- dedilər. O: "Sizin kimi nə çox xeyir istəyənlər, lakin bu xeyirdən məhrumdurlar. Həqiqətən, Peyğəmbər (s.a.v) buyurmuşdu: “İnsanlar vardır ki, onların oxuduqları Quran boğazlarından aşağı enməz. Allaha and olsun ki, bəlkə də sizin çoxu onlardansınız". Amr ibn Salam deyir ki: "Həqiqətən də biz onların çoxunu Nəhrəvanda Xəvariclərin dəstəsində gördük".(əd-Dərimi. )
Baxın İbn Məsud (r.a) Allahın dinini qoruyur, baxın səhabələr Allahın dinini necə qoruyur, baxın Muhəmməd (s.a.v) Allahın dinini necə qoruyurdu. Onlar çalışırdılar ki, bu Tövhid çayına zərrə qədər də bir zibil, bir çirkablıq atmasınlar. Çalışırdılar ki, Tövhid çayını qorusular, bilirdilər ki, müsəlmanların izzət, şan-şöhrət tapmasında, qüvvətli, qüdrətli olmasında səbəb yalnız və yalnız bu Tövhid çayını qorumalarıdır.
O qövmün cavanları və otra nəsili ağsaqqallara dedilər: "Siz bizim düşmənlərə qalib gəlməyimizi istəmirsiniz". Ağsaqqallar: "Vallahi, biz sizdən də çox xeyir istəyirik və istəyirk ki, bizim bu qövm əvvəlki halına qayıtsın, izzətlənsin, şöhrətlənsin. O qövmlər ki, onlara hücum ediblər, onlar geri qayıtsınlar". Cavanlar dedilər: "Onda siz bizim düşmənlərimizin cəsuslarısız, onlara tərəf işləyirsiniz ki, biz onlara qalib gəlməyək".

Bu gün müsəlmanların halı ilə müqayisə etdikdə Şeyx Useymin, Şeyx Albani, İbn Bəzz (Allah rəhmət etsin) kimi ağsaqqallara, saç saqqalları İslam dinini öyrənməkdə ağarmış insanlara, o cavanlar - Qolda Güc, Başda Ağıl Olmayanlar - eyni kəlimələri deyirlər: "Siz bizim xeyrimizi istəmirsiniz, siz istəmirsiniz ki, müsəlmanlar qalib gəlsinlər. Siz bizim düşmənlərimizin cəsuslarısınız". Amma Vallahi, o alimlər, saç-saqqalları bu yolda ağarmış Peyğəmbərlərin varisləridir, Peyğəmbərlərin qoyduğu elmi daşıyanlardır.

Şeyx Useymin (Allah rəhmət etsin) deyir: "... Bəs biz müsəlmanlar nə etməliyik? Döyüşməyimiz axmaqlıqdır. Bu Allahın qoyduğu (Quran və Sünnədə) hikmətə ziddir. Lakin biz Allahın əmr etdiyini etməliyik: "Onlara qarşı gücünüz çatdığından hazırlayın…". Bu bizim üzərimizə düşən ən xeyirli olanıdır. Ən böyük güc də İman və Təqvadır. İman və Təqva – bizim nəfsi-istəklərimizə qarşı, tənbəlliyimizə qarşı və dünyaya olan sevgimizə qarşı mübarizə aparmaq üçün ən böyük gücdür". O deyir: "Üzərimizə düşən ən vacib olan əməl özümüzdə imanı və təqvanı tərbiyələndirmək və bu yolda bütün gücümüzü sərf etməkdir. O ki qaldı gücümüz çatmayan işlərə, bu bizim üzərimizə vacid deyildir".

Şeyx Albaninin (Allah rəhmət etsin) Təqva studiyası tərəfindən, 1579-cu kasset, Kuveytdə "İhyə ət-Turas əl-İslam – İslam irsinin dirçəlişi cəmiyyəti" tərəfindən İordaniya şəhərində verdiyi moizəsindən götrülmüşdür. Mövzunun adı isə, Xalis Tövhid və zəlalət firqələridir. Şeyx Albani bu moizəsində Tövhid haqqında, zəlalat firqələri haqqında müsəlmanlara xəbər verdikdən sonra, zalda iştirak edən bir nəfər Şeyxə, müsəlmanların bu günkü halı barəsində sual verir. Şeyx: "Şübhəsiz ki, hər bir müsəlmana məlumdur ki, bu gün müsəlmanlar İslam tarixində misli bərabəri görülməyən zəlillik, acizlik içərisindədirlər. Ona görə də biz müsəlmanların bu halına qarşı yalnız qəzəb və sərt hislərimizi bildiririk. Lakin bu kifayət deyildir. Bu qəzəbimiz müqabilində öz hazırlığımızı, tədarükümüzü görməliyik… Şeyx burada ayə oxuyur; "Onlara qarşı döyüşmək üçün, onlara qarşı çıxmaq istədikləri zaman, hazırlılıq görərlər…" Ona görə də biz döyüşə çıxmazdan öncə, hər tərəfli silahlanmalıyıq. Hər birimiz Allhın bu ayəsini oxuyuruq, (xütbələrdə) bu ayələr deyilir, divarlar bu ayə ilə bəzədilir: "İntənsurullahə Yənsurukum – Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər...”. (Muhəmməd 7). Qızıl saplarla bu ayə yazılaraq divarlardan asılır. Çox təəssüf ki, divarlar bu ayə ilə bəzədilsə də müsəlmanların qəlblərində bu ayədən əsər-əlamət belə yoxdur. Hətta fərqinə də varmırıq ki, bu ayə nəyə işarə edir. Müsəlmanların bu günkü acizliyini görürük, halbuki bu ayə acizlikdən çıxmağı bizə bəyan edir. Hər birimiz: "Əgər siz Allaha kömək etsəniz" ayəsinin cavabının nə olduğunu bilirik: "Allah da sizə kömək edər". Sanki: "Əgər sən qidalansan, yaşayacaqsan, əgər yemək və içməkdən imtina etsən öləcəksən"- sözlərinə bənzəyir. Bu da ayədə olan kəlimələrə bənzəyir. Alimlər bu ayənin əksi olaraq: "İnləm Tənsurullahə ləm Yənsurukum – Əgər Allaha kömək etməsəniz, Allah da sizə kömək etməz". Bu da müzəlmanların bu günkü halıdır. Hər bir müsəlman mənimlə razılaşar ki, bu gün İslam ümməti elə bir haldadır ki, İslam tarixində heç bir zaman belə bir şey görünməmişdir. Biz nədən başlamalıyıq? Müsəlmanları idarə edən əmirlərə qarşı müharibədən, yoxsa yer üzündə olan bütün kafirlərə qarşı döyüşməkdən və ya bizi zülmə sürükləyən nəfsimizdən? Bundan da başlamaq lazımdır. Buna görə də müsəlmanlar bu gün kafirlərə qarşı döyüşə bilməzlər, onlar ilk öncə Allaha və Rəsuluna (s.a.v) həqiqi şəkildə iman gətirməlidirlər. Lakin insanların çoxu bunu bilməz.
Yaxşı, biz Allaha nə ilə kömək edirik?
Şeyx sözünə davam edərək deyir: "İkinci isə "Onlara qarşı gücünüz çatdığından hazırlayın…". Biz ittifaqa gəldik ki, bizdə nə maddi silah var, nə də mənəvi silah. Bəs onda onlara qarşı necə vuruşmalıyıq? Daha yaxşı olmazmı biz ağıllarımızla hökm verməyi, öz hislərimizə qapanaraq hökm verməyi buraxaraq, bir az özümüzü boğub, daha bir az öncəyə, keçmişə, sələfilərimizin yoluna qayıdaq və deyək ki: "Vallahi, döyüş üçün gərək bizim imanımız olsun, həm maddi, həm də mənəvi silahımıza ehtiyacımız var. Ona görə də gəlin birinci öz imanımızı düzəldək, sonra da özümüzü silahlarla təchiz edərik. Lakin biz imanımızı düzəltməyə qadirik. Allah Peyğəmbərimiz Muhəmmədə (s.a.v) , onun səhabələrinə onların silahlarının çox olmasına görə qələbə verməmişdir. Onların saylarının çox olmasına görə qələbə verməmişdir. Məgər tarix bunu sübut etmir?” Həmin şəxs dedi: "Düz deyirsiniz Şeyx". Tariximiz sübut etmir ki, Peyğəmbərimiz Muhəmməd (s.a.v) döyüşlərdə həmişə say etibarı ilə az olub, güc etibarı ilə zəif olub, lakin çox sayda güclü düşmənlərə qalib gəlirdilər. (Məgər Peyğəmbərimiz Muhəmməd (s.a.v) bizə buyurmayıb ki: "Məndən əvvəl heç bir Peyğəmbərə verilməyən beş şey mənə verilib; Mən bir yerə hücum etməmişdən bir ay qabaqcadan Allah mənim düşmənlərimin qəlblərinə qorxu salır".(əl-Buxari, Muslim. ) Bəs indi düşmənlərin qəlblərində olan o qorxu hanı? Vallahi, yoxdur. Əksinə müsəlmanların qəlbləri qorxu ilə bürünmüşdür. Çünki, tövhid əqidəsi əmin-amanlıq əkir. Əmin-amanlığı dağıtmır. Həm daxildə, həm də düşmənlərin qəlbində. Əgər biz Allaha haqqı ilə iman gətirsək, bu əqidə həm bizdə, həm də cəmiyyətdə əmin-amanlıq yaradar. Əgər əmin-amanlıq istəyiriksə, gərək biz düzgün əqidəyə, Allaha qayıdaq. Əgər istəyiriksə əmin-amanlığımız qorxu ilə əvəz olunsun, onda biz ixtiyar sahibiyik. Çünki, qorxunun məsdəri şirkdir; "Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu saldıq". (Ali-İmran 151). Əmin-amanlığın məsdəri isə Tövhiddir; "İman gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır". (əl-Ənam 82). İnsanların dindən uzaq düşdükləri bir gündə, şirkin baş alıb getdiyi bir gündə, yad adət-ənənələrin İslam adı ilə dinimizə daxil edildiyi bir gündə hansı əmin-amanlıqdan danışmaq olar. Dünyaya nəzər salsaq görərik ki, müsəlmanların saylarının çox olmasına baxmayaraq zəlil gündədilər. Cürbəcür təzyiqlərə, işkəncələrə, hücumlara məruz qalıblar. Çünki, müsəlmançılıqdan (İslamdan) yalnız adı qalıb. Həzrəti Əli (Allah ondan razı olsun) deyir: "Vaxt gələcək ki, İslamdan yalnız onun adı qalacaqdır, vaxt gələcək ki, Qurandan yalnız onun şəkili qalacaqdır, məscidlər boş qalacaqlar, qondarma alimlər çıxacaqdır". Peyğəmbər (s.a.v) buyurur: "Ümmətlərin (dövlətlərin) birləşərək sizin üzərinizə vəhşi heyvanların öz şikarlarının üzərinə hücum etdikləri kimi hücum etmələri artıq yaxındır”. Səhabələr: "Ya Rəsulallah! Bizim sayımızın az olduğuna görə belə olacaqdır?"- deyə soruşdular. Peyğəmbər (s.a.v) buyurdu: "Əksinə, sizin sayınız onda çayın gətirdiyi çör-çöp kimi çox olacaqdır. Lakin Allah düşmənlərin qəlbindən sizə qarşı olan qorxunu çıxaracaqdır. Sizin qəlbinizdə isə Allah Vəhm yerləşdirəcəkdir". Səhabələr: "Vəhm nədir, ya Rəsulullah!" Peyğəmbər (s.a.v) buyurdu: "Dünyaya sevgi, ölümə isə nifrət".(Əbu Davud 4297, Əhməd 5/ 278. )
Ömər (r.a) deyir: "Biz elə bir ümmətik ki, Allah bizi İslam ilə izzətləndirib. Əgər biz İslamdan qeyrisində izzət axtarsaq Allah bizi zəlil edər". Ona görə də insan Uca Allahdan nə qədər qorxarsa, düşmənləri də bir o qədər ondan qorxarlar. İnsan özü ilə Allah arasında olanı nə qədər islah edərsə, Allah da onunla başqaları arasında olanları islah edər).
Şeyx sözünə davam edərək deyir: "Tarixçilərin bu sözünü təhlil etmək lazımdır. Vallahi, tarix təkrarlanır, müsəlmanlar öz həqiqi imanlarına döndükləri zaman, Allahın və Peyğəmbərin (s.a.v) buyurduqlarına döndükləri zaman, Allah onları qələbə ilə sevindirəcəkdir. Qələbə ilə onlara sevinc bəxş edəcəkdir, onları izzətli, şərəfli, hörmətli edəcəkdir".

Vallahi, bu gözəl sözlərdir. Həqiqətən, biz imanımıza Allahın və Rəsulunun (s.a.v) buyurduqlarına qayıtsaq, Allah bizə o qələbəni vəd buyurub. Vallahi, bizim zəifliyimiz, acizliyimizdir ki, biz elm almırıq, elm oxumuruq, elm öyrənmirik. Hətta öyrədirlər də belə gedib o dərslərdə iştirak etmirik. Bu bizim acizliyimizdir. Bu gün müsəlmanların bu hala düşmələrinə səbəb də onların cahillikləridir ki, biz Allahın və Rəsulunun 9s.a.v) dediklərini üstün tutmuruq. Hansısa bir şeyxlərin, imamların, axundların dedikləri sözləri üstün tuturuq.

Allah ən-Nur surəsinin 55-ci ayəsində buyurur: “Allah sizdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir”. Vallahi, Allah bizə vəd buyurub. Allah vədinə xilaf çıxmaz, vədə xilaf çıxan bizik. Allah bizə vəd buyurub ki, əgər biz iman gətirsək və yaxşı işlər görsək bizi əvvəlkilər kimi yer üzünün varisləri edəcək. Allah bizim özümüzün, Allahın razı qaldığı İslam dinini möhkəmləndirəcək. Allah bizim qorxumuzu əminamanlıqla, arxayınçılıqla əvəz edəcək. Amma bu gün biz baxırıq ki, bu yoxdur.

Deməli biz Allahın Peyğəmbərinin (s.a.v) buyurduğu şəkildə iman gətirməmişik. Saleh işlər görmürük, insanlara - Əmr Bil Mərufu - yaxşılığa əmr edib, - Nəhyi Ənil Munkəri - qadağalardan çəkinməyi tövsiyyə etmirik. Allahın bu şərtini yerinə yetirmədiyimizə görə Allahın vədi hələ yerinə yetməyib. Məgər Allah buyurmayıb ki: "Möminlərin əleyhinə heç vaxt kafirlər üçün yol açmaz?" Amma indi əksinə görürük. Görürük ki, kafirlər müsəlmanları əzir. Görəsən bu nəyə görədir? Vallahi, Allah  zalım deyildir, Vallahi Uca Allah zülm edən deyildir. Zalım bizik, zülm edən bizik. Ona görə də Allah bizi zalımlarla imtahana çəkir. Vallahi, biz Allaha asi olduq, biz Allaha üsyan etdik, biz insanlara yaxşılıq əmr edib, pislikdən çəkindirmədiyimizə görə, Allah bizi məğlub etdi. Biz məğlubuq, çünki biz dinimizi öyrənmədik, yalnız və yalnız “gücümüzə arxalanaraq, ağlımızı işlətmədən onlara qarşı vuruşmalıyıq”- dedik. Subhənallah! Sən onlara qarşı nə ilə vuruşacaqsan? Məgər o ağsaqqallar bu ümmətin, İslamın xeyrini istəmirlər? Məgər Şeyx Albani, Şeyx Useymin, Şeyx İbn Bəzz və digər İslamın mötəbər alimləri bu ümmətin xeyrini istəmirdilər? Onlar bu ümmətin xeyrini bizdən də çox istəyirlər. Onların saç-saqqalı bu yolda ağarıb, onlar bilirlər ki, bizim yalnız və yalnız güclənməyimizə, qüdrətlənməyimizə, izzət, şan-şöhrət tapmağımıza səbəb bizim Allahın və Peyğəmbərin (s.a.v) yoluna qayıtmaqdır.
İnsanları şirkdən, nifaqdan, bidətdən, küfrdən çəkindirməyimizdir. İnsanlara xeyir işləri əmr edib, pislikdən uzaqlaşdırmağımızdır.

Həsənul-Bəsri əmirə qarşı bəd dua edən birini gördükdə deyir:
"Onu da bil ki – Allah Sənə Rəhm Etsin – hökmdarların zülmləri Allahın intiqamlarından bir intiqamdır. Uca Allahın intiqamlarına da qılıncla qarşılıq verilməz. Bu intiqamlar dua, tövbə, Allaha dönüş, günahlardan çəkinmək ilə bir tərəf edilir və silinir. Allahın intiqamı qılıncdan daha kəskindir".(İbnul-Cövzi "Ədəbul-Həsənul-Bəsri" s. 119.)

Başqa bir rəvayətdə: Həsənul-Bəsri (rahmatullahi aleyhi) Həccaca bəd dua edən bir kimsənin sözlərini eşitdikdə belə demişdir: "Bunu etmə, Allah sənə rəhmət etsin. Əslində bu müsibətlər sizə öz əllərnizlə etdiklərnizdən ötrü gəlmişdir. Biz qorxuruq ki, Həccac əsir edilir və ya ölürsə, meymunlar və donuzlar gəlib sizə rəhbər olurlar".(
(İbnul-Cövzi "Ədəbul-Həsənul-Bəsri" s. 119.)

Məgər o zalım hökmdarların olmasına səbəb, bizim öz əllərimizlə etdiyimiz günahlarımız deyil? Allah Qurani-Kərimdə buyurur: "İnsanların öz əlləri ilə etdikləri əməllər üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr ki, Allah onlara etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə onlar qayıtsınlar". (ər-Rum 41). Vallahi, Uca Allah zülm edən deyil, zülm edən bizik. Biz zülm etdik, biz zalım olduq, Uca Allah bizi zalımlarla imtahana çəkdi. Ona görə də yalnız və yalnız tövhidə, haqq yola qayıtmaq üçün bizim məqsədimiz birdir. Allahın dininə, tövhid dininə insanları dəvət etməkdir. İnsanları Sələflərin rəhbəri olan Muhəmmədin (s.a.v) yoluna qaytarmalıyıq.

Görürsən ki, bəziləri deyirlər: "Nə qədər dəvət etmək olar. Biz dəvət edirik bizə qulaq asan kimdir?" Məgər sən Peyğəmbərlərdən üstünsən? Sən ölənə kimi insanları Allahın dininə dəvət etməlisən. Nəticəni fikirləşmə. Çünki, nəticəni verən Allahdır. Bizim boynumuza düşən dəvətdir ki, biz də bunu etməliyik. Allah Qurani-Kərimdə İbrahimi (Aleyhissalam) tək olmasına baxmayaraq ümmət adlandırdı. Nəyə görə? İbrahim tək idi, haqqa dəvət etdi, doğru söylədiyinə görə Allah onu ümmət adlandırdı. İbn Məsud deyir: "Əgər sən haqq üzərindəsənsə, tək olsan da belə sən camaatsan". Əgər biz insanlara doğrunu deyiriksə, haqqı deyiriksə demək biz ümmətik. Kim istəyir bizə qulaq assın, kim də istəyir qulaq asmasın. Allah İbrahimə buyurdu: "İnsanları həccə dəvət et". İbrahim dedi: "Ya Rəbbim! Mən kimi dəvət edim? Heç kəs yoxur". Allah buyurdu: "Sən dəvət et". İbrahim təpənin üzərinə çıxaraq insanları həccə dəvət etdi". İbrahim dünyasını dəyişdi, həccə gələnləri görmədi. Lakin indi baxın neçə milyon insan həccə gedir. Nəticəsi nə oldu? Neçə milyon insanın Həccə gedməsinə səbəb oldu.

Həmçinin, Buruc surəsində keçən Əshəbul-Uhdud – hadisəsi. Suheyb (r.a) rəvayət etdi ki, Peyğəmbər (s.a.v) buyurdu: "…Hökmdar: "Mənim göndərdiyim adamlara nə oldu?"- deyə soruşdu. Uşaq: "Allah məni onlardan qorudu!"- dedi. Uşaq sözünə davam edərək: "Sən mənim dediklərimi yerinə yetirmədən məni öldürə bilməzsən!"- dedi. Hökmdar: "O nədir?"- dedi. Uşaq: "Camaatı bir meydana topla, məni də bir xurma ağacına bağla. Sonra oxumdan birini götürüb yayın ortasına qoyaraq: "Bismilləhi Rabbil-Ğuləm - Uşağın Rəbbi olan Allahın adı ilə!"- de və sonra oxu at. Belə etdikdə məni öldürə bilərsən!"- dedi. Hökmdar camaatı bir meydançaya topladı və uşağı da xurma ağacına bağladı. Uşağın dediyi kimi oxlardan birini götürüb yayın ortasına qoyaraq “Bismilləhi Rabbil-Ğuləm - Uşağın Rəbbi olan Allahın adı ilə!”- deyərək oxu atdı. Ox uşağın alnına batdı. Uşaq əlini alnına qoyub öldü. Bu zaman camaat: "Biz uşağın Rəbbinə iman etdik! Biz uşağın Rəbbinə iman etdik! Biz uşağın Rəbbinə iman etdik!"- dedilər. Daha sonra hökmdarın adamları: "Gördünmü? Qorxduğun şey başına gəldi. Artıq camaat iman etdi!"- dedilər. Hökmdar dərhal yol ağızlarında xəndəklər qazılmasını əmr etdi.(əl-Buruc surəsinin 4-10-cu ayələrinə baxa bilərsiniz. ) Xəndəklər qazıldı, içərsində od qalandı. Hökmdar: "Özünüzü xəndəklərə atın! Hər kim dinindən dönməzsə onu xəndəyə atın!"- deyə əmr etdi. Hökmdarın adamları əmri yerinə yetirərək insanları odla dolu xəndəklərə atmağa başladılar. Nəhayət növbə yanında körpə uşaq olan bir qadına gəldi. Qadın odla dolu xəndəyə düşməkdən qorxaraq geri çəkildi. Bu an körpə uşaq dilə gələrək: "Anacan! Səbr et, şübhəsiz ki, sən haqq üzərindəsən!"- dedi”.(Muslim 3005. )
Bu padşah nə Allah qəbul edirdi, nə də hər hansı bir din. Oxu çəkib, atır və ox gedib uşağa dəyir və uşaq ölür. Lakin uşaq ondan sonra baş verən nəticəni görmür, amma uşaq dəvətini etdi. Nəticəsi nə oldu? Bütün qövm əllərini göyə qaldıraraq: "Biz bu uşağın Rəbbinə iman gətirdik". Padşah təəccübləndi və dedi ki: “Gör üşaq nə etdi. Mən bir uşağa qalib gələ bilmirdim, amma indi bütün qövm mənə qarşıdır”.

Biz də yalnız və yalnız dəvət etməliyik. Fitnələrdən və fitnə əhlindən uzaq durmalıyıq. Nuh (aleyhissalam) doqquz yüz əlli il dəvət etdi, əlli-altmışa yaxın insanı dəvətini qəbul etdi. Allaha çox şükür olsun ki, Allah bizə bu neməti verib, biz insanları dəvət edə bilirik. Kimisə İslama gətirə bilirik. Biz buna görə Allaha şükr etməliyik. İnsanlara Əmr bil mərufu, Nəhyi ənil munkəri bildirməliyik. İnsanlara yaxşılığı əmr edib, pisliklərdən çəkindirməliyik. Yalnız və yalnız bundan sonra Allah qələbəni, zəfəri, qüdrəti, şan-şöhrəti bizə nəsib edəcək. Yalnız və yalnız Tövhid çayını təmizlədikdən sonra küfrdən, şirkdən, bidətdən, nifaqdan təmizlədikdən sonra Allah bizə güc verəcək. Allah bizə elə bir güc verəcək ki, düşmənlərimiz qorxularından geri çəkiləcəklər. Vallahi, bu belədir! "Allah sizdən iman gətirənlərə və yaxşı işlər görənlərə onları özündən əvvəlkilər kimi yer üzünün varisləri edəcəklərini, möminlər üçün onların Allahın özü bəyəndiyi dini, İslamı möhkəmləndirəcəyini və onların qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər şübhəsiz ki, əsl fasiqlərdir". (ən-Nur 55).
Allaha dua edirəm ki, Allah bu qısa moizəni İslam ümməti, Muhəmməd ümməti üçün xeyirli və faydalı etsin! Allah bizə haqqı haqq olaraq göstərsin və haqqa tərəf yönəlməkdə, haqq əhli ilə birlikdə olmağa yardımçı olsun! Allah bizə batili batil olaraq göstərsin və batildən batil əhli ilə birlikdə uzaqlaşmaqda kömək etsin! Allah bütün əməllərimizi ixlasla Onun üçün Sünnəyə uyğun olaraq edənlərdən etsin! Allah bizi fitnədən və fitnə əhlindən qorusun! Allah bizim yaşadığımız bu dövlətimizi, məmləkətimizi cürbəcür fitnələrdən, bəlalardan qorusun! Bizim dövlətimizə hidayət versin! Allah bizə torpaqlarımızı düşmənlərdən tezliklə almaqda yardımçı olsun. Allah bizi dünyada və axirətdə möhkəm bir kəlimə olan Lə İləhə İlləllah ilə sabit qədəm etsin! Bizi yalnız və yalnız müsəlman olduğumuz halda öldürsün! Amin!


Tarix: 10.04.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1058 Bölmə: Maraqlı melumatlar