beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın sirli yerləri niyə "Ölüm" -lə başlayır?

Toxunma, öldürər!

Dünyanın coğrafi xəritəsində elə yerlər var ki, onların adları çəkiləndə insan vahimələnir: «ölülər təpəsi», «iblis bataqlığı», «ölüm dərəsi» və s. Bunların hər biri özündə çoxlu gizli əfsanələr saxlayır. Bu rəvayətlərdə ehtiyatsız səyyahların təsadüfi ölümləri deyil, sirli və izah edilməsi çətin olan ölümlər barədə danışılır. Mahiyyətcə bu adlar nə vaxtsa bu gün transformator qutusunun üzərində yazılmış «Toxunma, öldürər!» lövhəsi ilə eyni məqsəd daşıyıb.

Ölülər dağı

Şimali Uralda 1079 metr yüksəklikdəki zirvənin mansı dilindəki «Xolat Syaxıl» adı məhz belə tərcümə olunur. Zaman-zaman o, öz adının doğruluğunu təsdiq edib. Yerli əhalinin ən yaşlıları hələ də burada baş vermiş hadisəni danışırlar. 1959-cu il fevral ayının 2-də «Ölülər dağı»nın enişində Uraldan olan turistlər düşərgə salır. Bir neçə gün sonra onları ölü tapırlar. Faciənin səbəbləri bu günə qədər məlum deyil. Doqquz nəfər təcrübəli yürüşçünün ölümləri ilə bağlı müxtəlif fərziyələr irəli sürülürdü — ildırım vurmasından tutmuş, UNO-ların təsirlərinə qədər. Daha bir ehtimal o idi ki, guya turistlər «vakuum silahı»nın sınaqdan keçirildiyi əraziyə daxil olublar. Ancaq bu fikir də özünü doğrultmadı. Çünki «vakuum bombası»nın partlaması nəticəsində yaranan sipmtomların heç biri — əyalətlərdə insanlarda yüksək təzyiqdən damarların partlaması və daxili qanaxma, partlayışın episentrində isə bədənin bir neçə hissəyə bölünməsi kimi əlamətlər yox idi. Eyni zamanda partlayış nəticəsində ərazidə hava kəskin şəkildə zəhərlənir. Beləliklə, irəli sürülən versiyaların heç biri öz təsdiqini tapmadı.

Fenomen tədqiqatçıları bildirirlər ki, «ölümsaçan» adlar daşıyan coğrafi nöqtələr qeyri-adi təbii hadisələrin meydana gəldiyi anomal zonalardır. Bu tip bəzi rayonların sirri açılıb. Məsələn, Kamçatkadakı «ölüm dərəsi»ndəki ağ sümük təpələri artıq heç kimi təəccübləndirmir. Alimlər müəyyənləşdiriblər ki, quşların, Sibir porsuqlarının, hətta ayıların ölümlərinin ilk baxışda aydın olmayan səbəbi yerin çatlarından vaxtaşırı sızan və nəfəs orqanlarını iflic edən vulkanik sian qazıdır.

Lakin bəzi hadisələr var ki, onları izah etmək və anlamaq insan idrakının imkanı xaricindədir. Misal üçün, Yakutiyadakı «ölüm dərəsi» və Vilyuy çayı. Bunların sirri ondadır ki, rəvayətə görə, əgər kimsə bu yerlərin yaxınlığında gecələmək istəsə, anlaşılmayan səbəbdən ölür. Bu tip ölüm müasir dövrdə radioaktiv zəhərlənmədən baş verən ölümə bənzədilir. Lakin Yakutiyada belə yüksək təbii radiasiya hardandır? Axı bu rayonda dəqiqliklə aparılmış geoloji tədqiqatlar belə bir fakt aşkarlamayıblar.

Çinin Sıçuan əyalətindəki «ölüm dərəsi» haqqında daha qorxunc məlumatlar dolaşmaqdadır. Onu tez-tez «qara bambuk dərəsi» də adlandırırlar. 1950-ci ilin yayında orada yüzlərlə adam izsiz itib, heç bir səbəb olmadan da bir təyyarə partlayıb. 1962-ci ildə dərə özünün yeni qurbanlarını udub. Geoloqlar karvanını müşayiət edən və yeganə sağ qalan şəxs — bələdçi sonradan baş verənləri belə təsvir edirdi: «Öndəki dəstə dərəyə girən kimi, oranı qatı duman bürüdü. Qarmaqarışıq səslər eşidildi, ərazi aydınlanandan sonra isə orada heç kəs yox idi».

«Sıçuan anomal zonası»na ekspedisiya göndərən alimlərin fikrincə, bütün olanlara səbəb irinli bitkilərin tərləməsidir ki, bundan insan boğulmağa başlayır, istiqamətini itirir, nəticədə məhv olur. Lakin digər tədqiqatçılar iddia edirlər ki, bunlar yalnız zahiri ehtimallardır, əsl həqiqətdə isə baş verən hadisələrin kökü «qara bambuk dərəsi»nin qeyri-adi güclü maqnit sahəsindədir. Çinin Tzilin əyalətindəki Çanbayşan dağlarında yerləşən «ölüm dərəsi» də məhz bu xüsusiyyətinə görə seçilir. Orada da məlum olmayan səbəblərə görə təyyarələr qəzaya uğrayır, insanlar itkin düşür. Hətta o dağlara jenşen axtarmağa gedən və ərazini beş barmağı kimi bilən təcrübəli ovçular da geri qayıtmayıblar. O yerlərdə kompasın əqrəbləri “çaşır”, insanlar yaddaşlarını və istiqamətlərini itirərək qəribə anlaşılmaz vəziyyətə düşürlər. Yolçular sehirlənmiş kimi eyni yerdə dolanıb — durur, çıxıb getmək üçün doğru yolu tapa bilmirlər.

ABŞ-ın Kaliforniya ştatındakı «ölüm dərəsi» də insanların həyatı üçün böyük təhlükədir. Bu böyük, hamar, heç bir həyat şərtləri olmayan gilli yayla Yerin ən isti ərazisidir. Bu səhranın bəzi yerlərində ilk baxışdan adi görünən və futbol topu ölçüsündən, ton yarıma qədər çəkisi olan qaya parçaları var. Məhz bu daşların sirrini alimlər uzun illərdir ki, çözə bilmirlər. Məsələ ondadır ki, bu daşlar məlum olmayan səbəbdən və müəmmalı şəkildə özlərindən sonra iz qoyaraq hərəkət edir. Ölüm dərəsi

Belə bir hadisəyə Rusiya ərazisində də rast gəlinir. Mavi daş — əfsanəvi qaya parçası Pereslavl-Zalesski yaxınlığındakı Qorodişe kəndi ətrafında yerləşir. Qədim rus inancına görə, bu daşda arzu və niyyətləri yerinə yetirən ruh yaşayır. XVII əsrin əvvəllərində kilsə bütpərəstliklə mübarizəyə başladığı zaman Semyonov kilsəsinin keşişi Anufri dərin bir quyu qazmağı və Mavi daşı orda basdırmağı əmr edir. Bir neçə il sonra qaya parçası müəmmalı şəkildə torpağın altından çıxır. 150 il sonra Pereslavlın kilsə başçıları qərara alırlar ki, bu qaya parçasını tikiləcək kilsənin təməlinə qoysunlar. Daşı xizəyə yükləyib Pleşeyeva gölünün üzərindən keçirən zaman buz qırılır və daş gölün dibinə düşür. Lakin tezliklə balıqçılar müşhakidə edirlər ki, daş gölün dibi ilə hərəkət edir, yavaş-yavaş yerini dəyişir. Yarım əsr sonra qaya parçası Yarilin dağının ətəyinə çatır və bu günə qədər də oradadır.

Bəs bununla bağlı hansı ehtimallar irəli sürülür?

Mistiklər qeyd edirlər ki, burada düşünməli heç nə yoxdu, «gəzən daşlar» axirət mənası daşıyır. Bu iddianı təsdiq edən fakt kimi İkinci Dünya müharibəsi zamanı İngiltərədə baş verən və böyük səs-küyə səbəb olan hadisəni misal gətirirlər. Hadisə Esseks qraflığında baş verib. Nəsildən-nəslə ötürülən rəvayətə görə, yerdə qazılmış oyuqdakı qranit qayanın altında qəddar ruh gizlənib. Yol genişləndirilən zaman buldozer o daşı kənara atıb. Bundan sonra baş verən hadisələr ölkənin hər yerindən jurnalistlərin oraya axışmasına səbəb olub. O zamankı qəzet və jurnallarda baş vermiş hadisənin geniş təfərrüatı yazılır: «Bağlı və boş kilsədəki zənglər çalmağa, ağır dirəklər və kənd təsərrüfatı alətləri havada uçuşmağa başlayır. Qorxmuş kənd əhalisi tələb edir ki, qranit təcili olaraq öz əvvəlki yerinə qaytarılsın və qədim magik ayinlərin müşayəti ilə bu tələb yerinə yetirilir. Bununla da mərəkə sona çatır».

Materialistlər isə öz növbələrində qeyri-adi qüvvələrin mövcudluğuna inanmır və baş verənlərə daha real izahat axtarırlar.

Yayılan versiyalar arasında yağış və küləyin təsiri qeyd olunur. Tədqiqatçılar iddia edirlər ki, Kaliforniyadakı daşlar yağış zamanı küləyin təzyiqi ilə gil üzərində sürüşürlər. Lakin burada yağışın yağması çox nadir hadisədir, eyni zamanda daşların qoyduğu izlər hakim küləyin əks istiqamətindədir. Hempşir kollecinin əməkdaşlarından ibarət tədqiqat qrupu «yağış versiyası»nı praktikada tətbiq etmək istəyiblər. Ərazini su ilə islatdıqdan sonra daşların da üzərinə su tökürlər, lakin daşı yerindən tərpətmək mümkün olmur. Aparılan hesablamalardan sonra aydın olur ki, ton yarımlıq qayanı yerindən tərpətmək üçün külək saatda 400 km sürətlə əsməlidir. Hətta nəzəri cəhətdən də belə bir fırtınanı təsəvvür etmək çətindir…

Rəsmi mənbələrdən: Şimal-Şərqi Rumıniyanın Bakeu şəhəri yaxınlığında naməlum qüvvə avtomobillərin mühərriklərini dayandırır və onları Mequre təpəsi ilə yuxarı dartır. Yerli sakinlər iddia edirlər ki, zaman-zaman Mequre (tərcümədə «kurqan») təpəsinin zirvəsində mavi rəngdə müəmmalı alov görünür.

Azərbaycanın Göy-göl rayonunuda "Ölüm dərəsi"?

Oxşar hadisə Azərbaycanın qərbində əvvəlki Xanlar, indiki Göy-göl rayon mərkəzindən 5 kilometr məsafədə (Göy-gölə gedən yolda) baş verib. Moskvadan gələn tədqiqat qrupu avtomobili bu yamacda saxlayıb, lakin hər dəfə avtomobil Yerin cazibə qüvvəsinin əksinə olaraq öz-özünə yuxarıya doğru hərəkət edib.

Daşları və avtomobilləri bütün təbiət qanunlarına zidd olaraq hərəkət etdirən hansı qüvvədir? Bu suala cavab axtaran tədqiqatçılar hələ də son sözlərini deməyiblər.


Tarix: 10.12.2014 / 18:30 Müəllif: Aziza Baxılıb: 180 Bölmə: Maraqlı Melumatlar