Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

7 rəqəminin sirri

Yeddi rəqəmi təəccüb doğuran rəqəmlərdən biridir. Bu rəqəm sirli rəqəmdir, müqəddəs, İlahi, xoşbəxtlik rəqəmidir. Dini təsəvvürlərə görə, 7 rəqəmi zaman və məkanı idarə edir. Dünyanın bütün xalqları 7 rəqəminə həmişə xüsusi diqqət yetirmişlər.
Misirdə yeddi rəqəmi əbədi həyat rəmzidir. O, yaradıcılıq rəmzi sayılır. Eramızdan əvvəl 2500-ci ildə hökmdarlıq etmiş Şumer padşahı Luqulannemundu ölkəsinin Adabe şəhərində ilahə Nintu məbədi tikdirmişdi. Məbədin yeddi darvazası, yeddi qapısı var idi. Tikinti işi qurtarandan sonra bu münasibətlə yeddi buğa və yeddi qoyun qurban kəsmişdilər.
Qədim Yunanıstanda yeddi rəqəmi Zevsin oğlu, incəsənət hamisi Apollonun rəmzi sayılır. Apollon ayın yeddinci günü doğulmuşdu, lira çalğı alətinin yeddi simi vardı.
İslam ənənələrində cənnətin yeddi qapısı, cəhənnəmin yeddi pilləsi ifadələri məlumdur.
Məkkəyə həcc ziyarəti zamanı zəvvarlar müqəddəs Kəbənin ətrafına yeddi dəfə dolanırlar. Mərhumun ruhu yeddi gün məzarının yanında olur. Təzə dünyaya gəlmiş körpəyə yeddinci gün ad qoyurlar.
Bağışlanılmaz yeddi günah mövcuddur:
1. Qəzəb
2. Tamahkarlıq
3. Paxıllıq
4. Acgözlük (qarınqululuq)
5. Şəhvət
6. Xudpəsəndlik
7. Tənbəllik
Yeddi rəqəminə çox tez-tez müxtəlif kəlamlarda, atalar sözlərində (zərb-məsəllərdə), habelə tarixi faktlarda təsadüf olunur. Məsələn, Bakı yeddi təpə üstündə salınmışdır, həftənin yeddi günü, yeddi dəfə ölç, bir dəfə biç. Göyün yeddinci qatı, soğan yeddi dərdin dərmanıdır, yeddi qapı qonşu, yeddi günbəz, yeddi gözəl. İşıq spektri yeddi əsas rəngdən - qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi rənglərdən ibarətdir. Musiqidə səs sırası yeddi tondan (notdan) təşkil olunmuşdur və s.
yeddi rəqəmi (7 digit)


Şübhə yoxdur ki, qədim zamanlarda 7 rəqəmi öz mistik xüsusiyyətini səmadakı gözlə görünən 7 planet (Günəş, Ay, Venera, Mars, Merkuri, Yupiter, Saturn) sayəsində almışdı. Yeddi planet bir-birindən həmişə eyni bərabər məsafədə qalır və eyni bir orbit üzrə fırlanır. Buna görə də yeddi rəqəmi kainatın əbədi harmoniyası ideyasının əsasını təşkil etmişdir. Beləliklə də, yeddi rəqəmi təbiətdə ilahi quruluşun obrazı və modeli, həm də harmoniyası kimi müqəddəs sayılmış və astroloqlar üçün həmişəlik olaraq böyük əhəmiyyət kəsb etmişdir. Yeddi rəqəmi müqəddəs sayılan iki "3" rəqəminin üstünə "1" rəqəmi gəlməklə alınan ilahi monada hesab edilmişdir: 3+ 3 + 1. Misirlilərdə bununla əlaqədar 7 parlaq səma cismi allahlara çevrilmişdi. Finikiyalılarda yeddi kabir (yunan mifologiyasında allahlar), farslarda Mitranın (qədim Şərq dinlərində Günəş allahı) 7 müqəddəs atı səcdəgah sayılırdı. Ərəb rəvayətlərinə görə yeddi mələk Günəşi buzun və qarın köməyi ilə soyudurdu ki, Yeri yandırıb külə döndərməsin, 7 min mələk hər səhər Günəşi hərəkətə gətirirdi.
Şərqin iki çox böyük çayının - Qanqın və Nilin hər birinin 7 qolu vardır. Qədim Şərqdə 7 əsas çay - Nil, Fərat, Oks (Amu-Dəryanın qədim adı), Caksartez, Araz və Hind məlumdur. 7 məşhur dəfinə, qızıl ilə dolu 7 şəhər mövcud olmuşdur. Burada dünyanın 7 möcüzəsinin adı da xatırlanmalıdır. Həftənin yeddinci günü, yəni bazar günü qədim romalılar tərəfindən Günəş günü kimi bayram edilirdi.
Yeddi rəqəmi daim insanı müşayiət edir. Körpə yeddinci ayında diş çıxarmağa başlayır. On dörd aydan sonra (2x7) oturmaq, iyirmi bir aydan sonra (3 x 7) yerimək öyrənir, otuz beş aydan sonra (5 x 7) anasını əmmir. Uşaq on dörd yaşında (2x 7) tam formalaşmağa başlayır, iyirmi bir yaşında (3 x 7) boy atması dayanır.
7 rəqəmi ilə əlaqədar digər faktlar da məlumdur. Məsələn, qadının hamiləlik dövrü 280 gün (7 x 40) davam edir. Heyvanlar aləmində siçan 21 günə (7x 3), dovşanlar və siçovullar 28 günə (7x4), pişik 56 günə (7x8), it 63 günə (7x9), aslan 98 günə (7x14), qoyun 147 günə (7x21) doğur.
Quşlarda, məsələn, toyuqlarda inkubasiya dövrü 21 gün (7x3), ördəklərdə 28 gün (7x4) çəkir.
Yeddi rəqəmi digər rəqəmləri zərb etməklə alınmır, o, özü zərb ediləndə birinci onluq həddində rəqəm hasil olunmur. Bu cəhətdən heç bir rəqəmə bənzəmir. Ona görə ki, 9= 3x3, 8= 2x4, 6=2x3, 10= 5x2 və s.
Qədim xalqlardan başlayaraq 7 rəqəminə xüsusi diqqət yetirilməsi Yer kürəsinin peyki olan Ay ilə əlaqədardır. Bəzi xalqlar arasında belə bir inam vardı ki, yerdəki həyat və ölüm Ayın böyüməsi və kiçilməsi ilə əlaqədardır. Klassik astroloq Ptolomey deyirdi ki, Ay Yerdə olan hər bir şeyə öz təsirini göstərir. Ayın çıxması və batması zamanı çaylarda su gah artır, gah da azalır, qabarmalar və çəkilmələr baş verir, insanlar və bitkilər dəyişikliyə məruz qalır. Təzə Ay çıxanda təbiət yeniləşir, insanlara yeni qüvvə gəlir, hər dəfə Ay çıxanda qüvvəsi insanlara keçir.
Ay tsikli dörd fazadan ibarətdir, bu fazaların hər biri yeddi günə bölünür. Şumerlilər Ay tsiklinə əsasən öz təqvimlərini tərtib etmişdilər. Təqvim ayı dörd həftədən ibarət idi. Hər həftədə yeddi gün var idi. Tsikllərin sonuna əlavə günlər gəlmişdi ki, Ayın səmada görünməz olduğu günlərin yeri dolsun. Babilistanda Ay tsiklinin müəyyən mərhələsinin başa çatdığını göstərən hər bir yeddinci gün Ay Allahı Sinə (Sin şumer-akkat mifologiyasında Ay Allahıdır, o, şumer şəhəri Uredə "Nanna", yəni, "işıqsaçan" adını almışdır) həsr edilirdi. Həmin gün təhlükəli, bədbəxtlik törədən gün sayılırdı. Ona görə də həftənin yeddinci günü istirahət etmək üçün nəzərdə tutulurdu və təhlükə ilə üzləşməməkdən ötrü heç bir iş görülmürdü. Okkultistlərin fikrincə, insan bədəni hər yeddi ildən bir təzələnir. Okkultistlər belə düşünürlər ki, xəstəliklər yeddi günlük tsiklə müvafiq olaraq inkişaf edir. Belə çıxır ki, 7 rəqəmi doğum, inkişaf, qocalıq, xəstəliklər, ölüm kimi həyati tsiklləri və ritmləri idarə edir. Həmin səbəblərə görə, 7 rəqəmi mükəmməllik rəqəmidir. İnsanın inkişafının hər bir mərhələsi, Ayın hər fazası yeddi günə sona yetir.
İstənilən yeddi obyekt tamamlanmış tsikldən ibarətdir. Məsələn, yeddi mövcud planet, yeddi günə bərabər həftə, yeddi spektr rəngi, insan üzünün yeddi hissəsi, insan bədənində yeddi dəlik və i.a. Okkultistlər 7 rəqəminin xassələrini həyatın gizli ritmləri hesab edirlər.
Dünyanın da 7 möcüzəsinin olması çoxlarına məlumdur:
1. Efesdə Artemida məbədi. Rəvayətə görə, Artemida məbədi Kiçik Asiyanın bütün dövlətlərinin iştirakı ilə 120 ilə tikilmişdir.
2. Qalikarnas şəhərindəki mavzoley. Mavsol adlı çarın şərəfinə inşa edilmişdir. Eni təqribən 66 metr, uzunluğu təqribən 77 metr, hündürlüyü isə 46 metrdir. Hazırda işlədilən "mavzoley" sözü Mavsol adından götürülmüşdür.
3. Zevsin qədim yunan memarı Fidii tərəfindən Olimpdə ərsəyə gətirilmiş heykəli. Olimpli Zevsin heykəli taxtda oturan vəziyyətdə olmuşdur. Heykəl 17 metr hündürlükdə olduğundan başı az qala tavana dirənmişdi. Yunanıstanın görkəmli memarı Fidi Zevsin paltarını, başındakı tacı xalis qızıldan hazırlamışdı. Zevsin əlində tutduğu ilahə Nikanın libası, qələbə çələngi də qızıldan idi. Zevsin bədəni, başı və ilahə Nika fil sümüyündən hazırlandığından onların heykəli canlı kimi görünürdü.
4. Semiramidanın asma bağları. Babil şəhəri ən yaxşı vaxtlarında hər tərəfdən hündür divarlarla əhatələnmiş dördbucaq şəklində idi. Fərat çayı onun yanından axırdı. Şəhərin 100 qapısı var idi. Babil şəhəri öz gözəlliyi və zənginliyi ilə hamını, o cümlədən qonaqları da heyran qoyurdu. Daha heyranlıq doğuran asma bağlar idi. Bağlar möhkəm sütunlar üstündə qərar tutan platformalar üstündə salınmışdı. Bağların yarusları pilləli düzəldilmişdi. Əruslar bir-biri ilə ağ və çəhrayı rəngli geniş pillələrlə əlaqələndirilmişdi. Adətən şimal-qərbdən əsən sərin küləklərə tərəf baxan bu bağların ətri, kölgəlikləri və sərinliyi meşəsiz Babil sakinlərinə möcüzə təsiri bağışlayırdı. Babilin və onun asma bağlarının süqutundan sonra da onlar haqda əfsanələr dolaşırdı.
5. Rodos Kolossu (Nəhəngi). Bu, Egey dənizindəki Rodos adasında eyni adlı şəhərin eramızdan qabaq 305-304-cü illərdə mühasirədən azad edilməsi şərəfinə ucaldılmış nəhəng heykəl- Zevsin oğlu, ilahə Artemidanın ekiz qardaşı, işıq allahı Appolonun nəhəng heykəlidir. Appolonun nəhəng heykəli limanın girəcəyində həm mayak, həm də darvaza rolunu oynayırdı.Yelkənli gəmilər nəhəng heykəlin ayaqları arasından keçirdi. Rodos şəhəri eramızdan qabaq 220-ci ildə dağıdıcı zəlzələyə məruz qaldığından heykəl də aşmış və torpaq altında qalmışdı.
6. İskəndəriyyə mayakı. Bu nəhəng mayak eramızdan qabaq 299-279-cu illərdə Misirin İskəndəriyyə şəhəri buxtasının girişində Foros adasında inşa edilmişdi. Hündürlüyü 150 metrə yaxın idi. Onun üçüncü mərtəbəsini dairə formalı fonar təşkil edirdi. Həmin mərtəbədə dənizlər allahı Poseydonun 7 metrlik tunc heykəli də qoyulmuşdu. Mayakın metal güzgülərlə gücləndirilən işığı 60 kilometrdən də görünür və dənizçilərin istiqamətini düzgün səmtləşdirməyə kömək edirdi. 1326-cı ildə baş vermiş zəlzələ nəticəsində dağılmışdır.
7. Misir ehramları. Dünyanın 7 möcüzələrindən müasir dövrümüzədək salamat qalmış yeganə möcüzə nümunəsidir.
Qədim Misir arxitekturası bizim dövrümüzdə də özünün nəhəng daş tikililəri ilə heyrət doğurur. Qədim məbədlərin göylərə ucalan və meşədəki ağacları xatırladan çox böyük sütunları arasında azmaq da olar. Həmin məbədlərin girişlərində fironların çox böyük heykəlləri, daş sfinikslər adama zəhmli keşikçiləri xatırladır. Qədim Misirdə sfinks hakimiyyət rəmzi sayılırdı. Onun bədəni şir bədəni, başı isə insan başı idi.

Təqribən 5 min il əvvəl Nil çayının aşağı axarındakı vadidə ilk quldarlıq dövlətləri meydana gəlmişdi. Eramızdan qabaq 4-cü minillikdə bu kiçik dövlətlərin hökmdarlarından biri ölkələri özünə tabe edərək vahid padşahlıq yaratmışdı. Onun paytaxtı Nil çayının sol sahilində salınmış Memfis şəhəri idi. Eramızdan qabaq təqribən 2800-cü ildə həmin dövlətə firon Xufu hökmdarlıq etməyə başlamışdı. Sonralar yunan tarixçiləri Xufunun adını Xeopsa çevirmişdilər. Fironlar böyük sərvət sahibləri idilər. Bütün hakimiyyət onların əlində cəmlənmişdi. Ölkədə qulların zəhməti sayəsində kanallar çəkilir, Nilin suyu ilə əkin sahələrini bir bərabərdə suvarmaq üçün şlüzlər düzəldirdilər. Bunun sayəsində Misirin əkin sahələrindən bol məhsul yığılır və fironların xəzinəsinə böyük miqdarda gəlir daxil olurdu. Xeopsun fikri-zikri o idi ki, özünü mümkün qədər çox məşhurlaşdırsın. Ətrafındakı yaltaq kahinlər firona belə deyirdilər: "Dünyəvi həyat çox qısadır. İnsanın əsl mənzili məqbərədir. Məqbərə əbədiyyət evidir. İnsan bu evdə milyon illərlə yaşamaq iqtitarındadır. Əgər ölməzlik qazanmaq istəyirsənsə, özünə indidən sərdabə tikdir". Xeops kahinlərin sözünə baxıb dövlət xərclərinin xeyli azaldılmasına, gəlirlərin çox hissəsini sərdabə tikintisinə yönəltməyi qərara almışdı. Onun tikdirəcəyi sərdabə əvvəlki hökmdarların sərdabələrindən əzəmətli olmalı idi.
Kənardan gətirilən qullar azlıq etdiyindən, yerli əkinçilərin ən gümrahlarının və davamlılarının inşaat işlərinə cəlb olunması qərara alınmışdı. Hər bir əkinçi ilin üçdə birini piramida-məbəd tikintisində işləməli idi. Ümumiyyətlə, tikinti işlərinə 100 min adam cəlb olunmuşdu. Onlar kif atmış çörək, quru balıq, sarımsaq və ağ turpla qidalanırdılar. Tikintidə işləyənlərin çoxu ölür, onların yerinə təzələri gətirilirdi.
Birinci on il hazırlıq işlərinə sərf olunmuşdu. Qullar Nilin qərb sahilindəki tikinti yerinə rahat yol çəkir, yeraltı xəlvətxanalar tikir və özül qoyurdular. Nildən şərqə tərəf 600 millik məsafədə yerləşən daş karxanalarında qaya parçalarını qoparıb tikinti sahəsinə daşıyırdılar. Bütün bunlardan sonra nəhəng daşlardan ehram 20 ilə tikilmişdi. Bütün tikinti işləri fironun hakimiyyətinin 31-ci ilində başa çatdırılmışdı.
Hər birinin çəkisi 2,5 ton olan 2 milyon 300 min qaya parçası mis alətlərlə (o dövrdə dəmir alətlər hələ yox idi) hamar yonulmuş və bir-birinə kip geydirilmişdi.
Ehramın hündürlüyü 140 metrə, özülünün tərəfləri 230 metrə yaxındır. Bu, 9 futbol meydanı sahəsindən böyükdür. Yonulmuş tava daşlar böyük məharətlə qoyulmuşdur. Onların arasından hətta iynə də keçmir. Firon Xeops ölkənin iqtisadiyyatını sarsıdan xərc hesabına öz arzusuna çatdı. O, öləndən sonra nəşini mumiyalayıb ehrama qoydular və sərdabəsinə giriş yerini hördülər.
Baş vermiş üsyan zamanı mumiyanı sərdabədən çıxarıb bayıra tulladılar. Özünə möhtəşəm ehram tikdirmiş hökmdarın izi-tozu da qalmadı. Misir xalqının böyük zəhməti sayəsində tikilmiş ehram isə artıq beş min ildir ki, dünyanın 7 möcüzəsindən biri kimi qalır.


Tarix: 26.11.2014 / 11:26 Müəllif: Aziza Baxılıb: 306 Bölmə: Maraqlı Melumatlar
loading...