Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya bayraqları və onlar haqqında maraqlı məlumatlar

Sinqapur Sinqapurun dövlət bayrağı 2 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı və ağ. Qırmızı zolağın solunda aypara və 5 ulduz şəkli təsvir olunub. Sinqapurun bayrağını hazırlayan şəxs To Çin Çaedir. 1965-ci ildə rəsmi olaraq ölkənin milli bayrağı kimi qəbul edilib. Qırmızı rəng insanların ümumi qardaşlığını və bərabərliyini təmsil edir. Ağ rəng paklıq və yaxşılıq rəmzidir. Aypara şəkli gənc və inkişaf edən milləti tərənnüm edir. 5 ulduz isə Sinqapurun ideallarıdır: demokratiya, sülh, inkişaf, ədalət və bərabərlik. Ölçüsü 2:3 nisbətindədir.

Vyetnam Vyetnamın dövlət bayrağı rəsmi qaydada 1955-ci ilin noyabr ayının 30 - da qəbul edilib. Bayrağın mərkəzindəki sarı beşguşəli ulduz Vyetnam Kommunist Partiyasının liderliyini tərənnüm edir. Qırmızı rəng sosialist inqilabının uğurunu təmsil edir. Ulduzun beş guşəsi isə fəhlələri, kəndliləri, əsgərləri, ziyalıları və gəncləri təcəssüm edir. Ölçüsü 2:3 nisbətindədir.

Yaponiya Yaponiya bayrağındakı ağ rəng dürüstlük və saflığı, qırmızı dairə isə ölkədən doğan günəşi təmsil edir. Rəvayətə görə, bir buddist rahib günəş tanrısı Aliaterasunun soyundan gəldiyinə inanılan Yaponiya hökmdarına bir günəş diski verib. Həmin gündən etibarən, yaponlar bayraqlarında günəş diskindən istifadə edirlər.

Nepal Nepal bayrağındakı qırmızı rəng ölkənin milli bitkisi olan "rhododendron"un rəngidir. Bayrağın kənarındakı mavi rəng sülhü təmsil edir. Üst üçbucağın daxilindəki yuxarı baxan aypara tək hökmdar və sarayı tərənnüm edir. Alt üçbucağın daxilindəki 12 guşəli günəş isə Rana xanədanlığını təmsil edir.

Bəhreyn Bəhreynin bayrağı 2002-ci ilin fevral ayının 16-da rəsmi olaraq təsdiq olunub. Bayraqdakı ağ və qırmızı rəng bir-birilə ziqzaqvari şəkildə birləşib. Ziqzaqların sayının 5 olması İslam dininin 5 əsas şərtini təmsil edir. Qırmızı rəng xaricilərin rəngini tərənnüm edir. Ağ rəng isə 1820-ci ildə Britaniya dövləti ilə bağlanılan sülhə işarədir. Ölçüsü 3:5 nisbətindədir.

Şri-Lanka Şri-Lankanın dövlət bayrağı haqqında qanun 1978-ci ildə qəbul edilib. Bayrağın üzərindəki əlində qılınc tutmuş şir yerli əhali olan seylonların əcdadlarının rəmzidir. 1951-ci ildə bayrağa müsəlman və tamil azlıqlarını müvafiq olaraq təmsil edən yaşıl və narıncı zolaqlar əlavə edilib. Qırmızı zolaq isə buddist çoxluğunu tərənnüm edir. 1972-ci ildə ökənin Seylon adı ləğv edilərək, Şri-Lanka olduqdan sonra müqəddəs buddist ağacı olan Paypulun ( əncir ağacı) 4 yarpağı bayrağın üzərinə həkk olundu. 4 yarpaq sevgini, şəfqəti, qarşılıqlı anlayışı və soyuqqanlılığı təmsil edir.

Liberiya Liberiyanın bayrağı rəsmi olaraq, 1847-ci ildə qəbul edilib. Bayrağın 11 zolağı Liberiyanın müstəqillik bəyannaməsindəki imzaların sayı ilə eynilik təşkil edir. Qırmızı rəng cəsurluğu, ağ rəng isə mənəvi əsasları təmsil edir. Ağ rəngli beşguşəli ulduz Afrika materikində ilk müstəqil dövləti və qulların azadlığını tərənnüm edir. Mavi rəngli kvadrat isə Afrika materikinin və qardaşlığın rəmzidir. Dünya ticarət donanmasında ən çox Liberiyanın bayrağından istifadə olunur. Səbəb isə bu bayrağın istifadəsinə görə ticarət gəmilərindən ucuz rüsum haqqının alınmasıdır.

Tunis Tunisin dövlət bayrağı rəsmi şəkildə 1999-cu ilin iyun ayının 30-da qəbul edilib. 1827-ci ilin oktyabr ayının 20-də Navarin döyüşündən sonra Tunis hökmdarı Äl-Hüseyn ikinci ibn Mahmud Tunisin hazırkı bayrağını tətbiq edib. Aypara və ulduz şəkli İslamı tərənnüm etməklə yanaşı, uğurun da rəmzi sayılır. Bundan əlavə, aypara və ulduz şəkli Tunisin vaxtilə Osmanlının tərkibinə daxil olduğuna dəlalət edir. Ölçüsü 2:3 nisbətindədir.

Eritreya Eritreyanın dövlət bayrağı haqqında qanun 1995-ci ilin dekabr ayının 5-də qəbul edilib. Bayrağın yaşıl rəngi kənd təsərrüfatı və maldarlığı, qırmızı rəng Eritreyanın müstəqilliyi uğrunda tökülən qanı, mavi rəng ölkənin dəniz sərvətlərini və Qırmızı dənizi, sarı rəng isə ölkənin mineral ehtiyatlarının zənginliyini və dövlətçiliyin dirçəlməsini tərənnüm edir. Sarı rəngli kiçik zeytun şaxələrindən ibarət çələng ( 30 yarpaq) Eritreyanın müstəqilliyi ilə nəticələnən vətəndaş müharibəsi illərinin simvoludur. Ölçüsü 1:2 nisbətindədir.

Cənubi Afrika Respublikası Cənubi Afrika Respublikasının (CAR) bayrağındakı qırmızı rəng qanın, mavi rəng səmanın, yaşıl rəng ölkə torpaqlarının, qara rəng afrikalı zənci əhalinin, ağ rəng avropalı ağ əhalinin, sarı rəng qızıl və digər təbii resursların rəmzidir. Bundan əlavə, bayraqdakı "y" forması iki irqin birləşdiyini tərənnüm edir. İndoneziya bayrağının rəngləri 13-15-ci əsrlərdə Yava adasında yerləşən Macapaxit krallığının bayrağının rənglərindən götürülüb

İraq İraqın dövlət bayrağı 3 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı, ağ və qara. Ağ zolağın üzərində yaşıl rəngdə "Allahu Əkbər" ifadəsi yazılıb. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Bayraqdakı qırmızı rəng İslamın düşmənlərinə qarşı mübarizəni; ağ rəng ərəb xalqının alicənablığını, comərdliyini, birliyini, qələbəsini; qara rəng isə ərəb xalqının böyük keçmişə malik olduğunu tərənnüm edir. Digər bir versiyaya görə, qırmızı rəng ərəblərin İslamdan öncəki rəmzi olub. Bayraq rəsmi olaraq, 2008-ci ilin yanvar ayının 22-də qəbul edilib.

Əfqanıstan Əfqanıstanın dövlət bayrağı 3 bərabər şaquli zolaqdan ibarətdir: qara, qırmızı və yaşıl. Qırmızı zolağın üzərində ölkənin dövlət gerbi təsvir olunub. Bayrağın eninin uzunluğuna nisbəti 1:2 - dir. Bayraqdakı qara rəng tarixi və dini rəmzlərin mənasını daşıyır. Qırmızı rəng yüksək dövlət hökmdarının rəngidir. Yaşıl rəng isə ümid və müvəffəqiyyətin rəmzidir. Bayrağın rəsmi qəbul tarixi 2002-ci ilin fevral ayının 5-nə təsadüf edir.

İsrail 1948-ci ildə İsrailin dövlət bayrağı haqqında qanun qəbul edilib. Parametrləri 8:11 nisbətindədir. Bayrağın mərkəzində təsvir olunmuş mavi rəngli altıguşəli ulduz "Davidin ulduzu", "Davidin qalxanı" və "Solomonun möhürü " kimi tanınır. Bu simvol qədim tarixə malik olub, sehrli gücün və iblisdən qorunmanın mənasını verir. İlk dəfə altıguşəli ulduzdan bayrağında 1354-cü ildə Praqadakı yəhudi icması iudizm inancına sadiqlik əlaməti olaraq istifadə edib. Mavi rəng İsrail səmasının, ağ rəng isə dini idealların paklığının rəmzidir.

Suriya Suriyanın dövlət bayrağı 1980-ci ilin may ayının 30-da rəsmi olaraq təsdiq edilib. Bayraq 3 bərabər üfüqi zolaqdan təşkil olunub: qırmızı, ağ və qara. Ağ zolağın mərkəzində 2 ulduz şəkli təsvir olunub. Qırmızı rəng İslam dini yolunda şəhid olanları və Haşimilər xanədanlığını, ağ rəng Umeyyiləri, qara rəng Abbasilər sülaləsini təmsil edir. Yaşıl rəng isə Fatimiləri tərənnüm edir. 2 ulduz şəkli Misir və Suriya xalqlarını özündə əks etdirir. Belə ki, Misir və Suriya vaxtilə Birləşmiş Ərəb Respublikasının tərkibini formalaşdırıblar. Ölçüsü 2:3 nisbətindədir.

Səudiyyə Ərəbistanı 1973-cü ilin mart ayının 15-də Səudiyyə Ərəbistanının dövlət bayrağı haqqında qanun qəbul edilib. İslamı tərənnüm edən yaşıl parçanın üzərində "La İlahe İllallah va Muhammadun Rasululallah" ifadəsi yazılıb. Ağ rəngdə olan əyri qılınc şəkli isə ölkənin əsasını qoyan Abdullah Əziz ibn Saudun qələbəsini tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.

İndoneziya İndoneziyanın bayrağı 2 bərabər zolaqdan təşkil olunub: qırmızı və ağ. İndoneziya bayrağının rəngləri 13-15-ci əsrlərdə Yava adasında yerləşən Macapaxit krallığının bayrağının rənglərindən götürülüb.1945-ci ilin avqust ayının17-də dövlət bayrağı statusunu alıb. Qırmızı rəng insan qanını, daha geniş mənada isə maddi aləmi təmsil edir. Ağ rəng insan ruhunun rəmzidir. Ölçüsü 2:3 nisbətindədir.

Cənubi Koreya Respublikası Bayraqdakı ağ rəng koreya xalqının milli rəngi hesab edilir. Bayrağın mərkəzində yerləşən emblem bütöv qəbul edilən kainata olan baxışları əks etdirir (daosizm) . Bu emblemdə 2 əks enerji, "in" və "yan" bir-biri ilə həm birləşir, həm də qarşılıqlı əlaqə yaradır. "İn-yan" Böyük Başlanğıcın sintezi olub, Koreya dilində "theqık" adlanır. Buna görə də Koreya bayrağının ismi " theqıkki"dir. Bayrağın künclərində triqrammalar yerləşir. Triqrammalar da, öz növbəsində, "in" (qırıq-qırıq zolaqlar) və "yan"dan (bütöv zolaqlar) təşkil olunub. Triqrammalar yuxarı sol küncdən saat əqrəbi istiqamətində aşağıdakı mənaları daşıyır: səma, cənub və yay; ay, qərb, payız və su; torpaq, şimal, qış; günəş, şərq, bahar, od. Qara rəng sayıqlığın, möhkəmliyin, ədalətin və bəkarətin rəmzidir. Ölçüsü 2:3 nisbətindədir.

Küveyt Küveytin dövlət bayrağı rəsmi olaraq 1961-ci ildə təsdiqlənib. Bayraqdakı yaşıl rəng otlaqların, ağ rəng işə olan istəyin, qırmızı rəng düşmənlərlə mübarizə zamanı tökülən qanın, qara rəng isə döyüş meydanlarının rəmzidir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Braziliya Braziliya Birləşmiş ştatlarının dövlət bayrağının əksər hissəsi yaşıl rəngə boyanıb. Bu rəng Braziliyada geniş yayılmış qəhvə ağacının rəmzi hesab edilir. Yaşıl rəngin fonundakı sarı romb brilyantı təsvir edir. O da, öz növbəsində, ölkənin zənginliyinin göstəricisidir. Brilyantın mərkəzində mavi rəngdə qlobus yerləşir. Qlobusun üzərində Braziliyadakı ştatların və bir də Braziliya Federal Dairəsinin sayına uyğun olaraq, 27 ulduz şəkli həkk olunub. Qlobusun mavi rəngi Rio-de-Janeyro şəhərinin üzərindəki səmanın rəmzidir. Qlobusun ekvatorundan üzərində "borc və inkişaf" sözü yazılan zolaq keçir. Bayrağın hazırkı forması 1889-cu ildən mövcuddur. Rəsmi olaraq isə 1992-ci ilin may ayının 12-də təsdiqlənib. Bayrağın ölçü nisbəti 7:10-dur.

Uruqvay Uruqvayın dövlət bayrağı rəsmi olaraq 1830-cu ilin iyul ayının 12-də qəbul edilib. Bayrağın ölçü nisbəti 7:10-dur. Uruqvayın bayrağı bir çox cəhətlərinə görə, Argentinanın bayrağına bənzəyir. Bu da əbəs deyil. Belə ki, Uruqvay müstəqillik əldə edənə qədər Argentinanın tərkibində olub. Bayrağın ilkin variantında 9 mavi və 10 ağ zolaq var idisə, 1830-cu ildə bu, 4 mavi və 5 ağ zolağa qədər endirildi. Ümumilikdə 9 zolaq Uruqvayın ilkin 9 bölgəsinin sayı ilə üst-üstə düşür. Bayraqdakı günəş şəkli azadlığı tərənnüm edir.

Argentina Argentinanın dövlət bayrağı rəsmi olaraq 1818-ci ilin fevral ayının 25-də təsdiqlənib. Bayraq mərkəzdə günəş şəkli həkk olunmuş 3 bərabər üfüqi zolaqdan ibarətdir: mavi, ağ və mavi. Mavi, ağ rənglər səmanın və And dağlarındakı qarın rəmzidir. 1818-ci ildə bayrağa əlavə edilmiş günəş şəkli isə Argentinanın milli rəmzi hesab olunur. Onlar bayraqdakı günəşə Sole de Mayo, yəni "May günəşi" deyirlər. O, 1810-cu ilin may ayının 25-də buludlu səmada günəşin peyda olmasını xatırladır. Həmin tarixdə ölkədə müstəqillik lehinə ilk kütləvi nümayiş keçirilib. Surinam Surinamın dövlət bayrağı rəsmi olaraq 1975-ci il, noyabr ayının 25-də təsdiqlənib. Bayrağın ölçüsü 2:3 nisbətindədir. Bayraqdakı yaşıl rəng Surinam torpağının məhsuldarlığının; ağ rəng ədalət və azadlığın; qırmızı rəng isə inkişafın rəmzidir. Qızıl ulduz şəkli birlik sayəsində əldə edilə biləcək xoşbəxt gələcəyi tərənnüm edir.

Barbados Barbadosun milli bayrağı 1966-cı ildə təsdiqlənib. Bayraq 3 bərabər şaquli hissəyə bölünmüş düzbucaqlı parçadan təşkil olunub. Bayrağın mərkəzində üçbaşlı əsa şəkli həkk olunub. Barbadosun milli bayrağını əhali arasında keçirilmiş konkursdan sonra Karl Brudhaqen, Qrantley Preskod və Advena Kendall düzəldiblŠr. Rəsm müəllimi olan Qrantley Preskodun yazdığına görə, mavi rəng dənizin, sarı rəng isə adanı əhatə edən qızılı qumun rəmzidir. Üçbaşlı əsa isə Barbadosun demokratik hökumətinin 3 prinsipini özündə cəmləşdirir: xalqdan, xalqla, xalq üçün. Üçbaşlı əsanın tutacaq yerinin olmaması Barbadosun artıq koloniya dövləti olmadığına işarədir. Həmçinin o, dəniz tanrısı Neptunun rəmzi olmaqla yanaşı, Barbados üçün dənizin əhəmiyyətinin vacib olduğunu əks etdirir. Bayrağın parametrləri 3:2 nisbətindədir.

Venesuela Venesuela bayrağını düzəldən Cənubi Amerika azadlıq hərəkatının rəhbəri Fransisko Miranda olub. Sarı, mavi və qırmızı rəngli bayraq ilk dəfə 1806-cı ildə "Leandr" gəmisində qaldırılıb. Həmin gəmi vasitəsilə Mirandanın başçılığı altında könüllülərdən ibarət dəstə Nyu-Yorkdan Cənubi Amerikaya yollanıb. Bayraqdakı sarı rəng qızıl və digər faydalı qazıntılarla zəngin olan Amerika qitəsini, qırmızı rəng ıspaniyanın qanlı hökmranlığını, mavi rəng isə onları ıspaniyadan ayıran Atlantik okeanını təmsil edir. 1817-ci ildən etibarən bayrağın mavi zolağında ölkənin 7 əyalətinin sayına uyğun olaraq, 7 ulduz şəkli peyda olur: Karakas, Barinas, Barselona, Kumana, Marqarita, Merida, Truhilo.

Paraqvay Paraqvayın dövlət bayrağı rəsmi şəkildə 1842-ci ilin dekabr ayının 25-də qəbul edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraqdakı qırmızı rəng vətənpərvərliyin, şücaətin, bərabərliyin, ədalətin; ağ rəng möhkəmliyin, birliyin, sülh və ideyaların paklığının; mavi rəng isə yaxşılığın, sevginin, real hissin və azadlığın rəmzidir. Bayrağın qabaq hissəsində okeanın üzərində ulduz şəklinin təsviri olan dövlət möhürü həkk olunub. Arxa tərəfdə isə sütunun üzərində oturmuş şir şəklindən ibarət xəzinadarlığın möhürü təsvir olunub. Ölkənin milli şüarı isə "Sülh və ədalət"dir.

Peru Perunun dövlət bayrağı rəsmi olaraq 1825-ci ilin fevral ayının 25-də təsdiqlənib. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Rəvayətə görə, general Xose de San-Martin 1820-ci ildə Peruya gəldiyi zaman çoxlu flaminqo (qızılqaz) görür. O bunu yaxşı əlamət hesab edərək, Perunu azad etmək üçün yaratdığı Peru legionunun rənglərinin qırmızı və ağ olmasını istəyir. Bayraqdakı ağ rəng sülhün, ləyaqətin və inkişafın rəmzidir. Qırmızı rəng isə müharibə və cəsurluğu təcəssüm etdirir. Qrenadanın dövlət bayrağı rəsmi olaraq 1974-cü ilin fevral ayının 7-də təsdiqlənib. Bayrağın parametrləri 3:5 nisbətindədir.

Qrenada Qrenadanın dövlət bayrağı rəsmi olaraq 1974-cü ilin fevral ayının 7-də təsdiqlənib. Bayrağın parametrləri 3:5 nisbətindədir. Bayraqdakı sarı rəng Qrenada üzərindəki günəşin və qrenadalıların mehribanlığının rəmzidir. Qırmızı rəng harmoniyanı, birliyi və cəsarəti tərənnüm edir. 7 ulduz şəkli isə ölkənin inzibati ərazilərinin sayı ilə eynilik təşkil edir. Bayraq üzərində həmçinin cövüz şəkli yerləşdirilib. Bu da əbəs yerə deyildir. Belə ki, cövüz istehsalı ölkə iqtisadiyyatının əsasını təşkil edir. Qrenada dünyada cövüz istehsal edən lider dövlətlərdən biridir.

Puerto-Riko 1493-cü il, noyabr ayının 19-da Xristofor Kolumb tərəfindən kəşf edilən Puerto-Riko adasının hazırkı bayrağı 1895-ci ildə meydana gəlib. Kuba inqilabi partiyasının Puerto-Riko seksiyasının rəmzi olub. Bayrağın qeyri-adiliyi ondan ibarətdir ki, onun rəngləri və elementləri heç bir rəmzi məna daşımır. Ümummilli rəmz olduğuna görə partiyalar, hərəkatlar və əhalinin müxtəlif təbəqələri bu bayraqdan istifadə edə bilərlər. Çili Çilinin dövlət bayrağı rəsmi olaraq, 1817-ci ilin oktyabr ayının 18-də təsdiqlənib. Bayrağı isə Çilinin müstəqilliyi uğrunda vuruşan amerikalı Çarlz Vud hazırlayıb. Bayraqdakı mavi rəng səmanın, ağ rəng qarla örtülən And dağlarının, qırmızı rəng isə ölkənin müstəqilliyi uğrunda tökülən qanın rəmzidir. Beşguşəli ulduz uğur və şöhrətə aparan bələdçini tərənnüm edir. Ölçüsü 2:3 nisbətindədir.

Andorra Andorranın dövlət bayrağı 3 bərabər şaquli zolaqdan ibarətdir: göy, sarı və qırmızı. Sarı zolağın mərkəzində Andorranın gerbi həkk olunub. Bu üçrəngli bayraq 19-cu əsrdən etibarən Andorranın bayrağıdır. Bayraqdakı mavi və qırmızı rəng Fransanın, sarı rəng isə ıspaniyanın rəngi hesab edilir. Onlar birlikdə Andorra üzərindəki Fransa-ıspaniya hakimiyyətini əks etdirir. Bayraq 1866-cı ildə qəbul edilib.

Mərakeş Mərakeş Krallığının dövlət bayrağı rəsmi olaraq, 1915-ci ilin noyabr ayının 17-də təsdiq edilib. Bayraqdakı qırmızı rəng Məkkə şəriflərinin rəngidir. Pentaqramma, yəni beşguşəli ulduz isə "Solomonun möhürü" olub, həyat və sağlamlıq simvolu hesab edilir. Ölçüsü 2:3 nisbətindədir.

Çad Çadın dövlət bayrağı haqqında qanun 1959-cu ilin noyabr ayının 6-da qəbul edilib. Eynilə Rumıniya bayrağına bənzəyir. Bayrağın mavi rəngi səmanı, ümidi və suyu təmsil edir. Sarı rəng günəşin və ölkənin şimal hissəsindəki səhranın rəmzidir. Qırmızı rəng isə inkişafı, birliyi və ölkənin müstəqilliyi uğrunda tökülən qanı tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.

Nigeriya Nigeriyanın dövlət bayrağı haqqında qanun 1968-ci ilin yanvar ayının 9-da qəbul edilib. Nigeriyanın bayrağı keçirilən konkursdan sonra, tələbə olan Maykl Tayvo Akinkunminin təklif etdiyi eskiz əsasında qəbul edilib. Yaşıl rəng meşəni, kənd təsərrüfatını və Nigeriyanın təbii zənginliklərini, ağ rəng isə dünyanı və həmrəyliyi tərənnüm edir. Ölçüsü 1:2 nisbətindədir.

Uqanda 1962-ci ilin oktyabr ayının 9-da Uqandanın dövlət bayrağı statusunu alıb. Bayraq 6 bərabər üfüqi zolaqdan ibarətdir: qara, sarı, qırmızı, qara, sarı və qırmızı. Mərkəzdə ağ fonun üzərində təsvir olunmuş şərqi taclı (kəkilli) durna milli simvol hesab edilir. Qara rəng Afrika əhalisini, sarı rəng Afrika günəşini, qırmızı rəng isə Afrika qardaşlığını tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.

Tanzaniya Tanzaniyanın dövlət bayrağı haqqında qanun 1964-cü ilin iyun ayının 30-da qəbul edilib. Bayrağın dizaynı Tanqanika və Zənzibarın bayraqları əsasında formalaşıb. Belə ki, Tanzaniya Tanqanika və Zənzibarın birləşməsindən yaranan dövlətdir. Yaşıl rəng Tanzaniyanın bitki aləminin, mavi rəng ölkənin çoxsaylı göl və çaylarının, həmçinin Hind okeanının, qara rəng yerli Afrika əhalisinin, sarı rəng isə Tanzaniyanın faydalı qazıntılarının simvoludur. Parametrləri 2:3 nisbətindədir.

Avstriya Avstriyanın indiki bayrağı ilk dəfə rəsmi olaraq 1919-cu ildə qəbul edilib. 1933-cü ildə ləğv edilməsinə baxmayaraq, 1945-ci ildə dövlət bayrağı kimi yenidən təsdiqlənib. Avstriyanın milli bayrağı üfüqi vəziyyətdə olan üç bərabər düzbucaqlı zolaqdan ibarətdir. Yuxarı və aşağı zolaq qırmızı, orta zolaq isə ağ rəngdədir. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Qırmızı rəng Avstriyanın azadlığı və müstəqilliyi uğrunda vətənpərvərlərin tökülən qanının simvoludur. Ağ rəng isə Avstriya xalqının ölkədə monarxiya rejiminə son qoyaraq, əldə etdiyi müstəqilliyinin rəmzidir. Bayraqdakı ağ rəng Avstriya ərazisindən keçən Dunay çayını da təmsil edir. Avstriya bayrağının rənglərinin yaranması barədə rəvayət də var. Həmin rəvayətdə deyilir ki, 1191-ci ildə Hersoq Leopald Babenberqskiy (qədim Avstriya Hersoq Evinin nümayəndəsi) Ptolemazine yaxınlığındakı döyüşdə iştirak edib. O, həmin döyüşdə yaralanıb və onun ağ plaşı qana bulanıb. Yalnız bel hissəsində qana bulanmayan ağ zolaq qalıb. Bununla da qırmızı və ağ rəng Babenberqlərin gerbində, sonradan isə Avstriya bayrağının rənglərində öz əksini tapıb.

Yunanıstan Yunanıstanın dövlət bayrağı ağ, mavi zolaqlardan və bir xaç şəklindən ibarətdir. Mavi rəng səmanın rəmzidir. Ağ rəng isə ölkənin müstəqilliyi uğrunda aparılan mübarizədəki ümidi tərənnüm edir. Bayraqdakı 9 zolaq ölkənin coğrafi bölgələrinin sayı ilə eynilik təşkil edir: Mərkəzi Yunanıstan, Fessaliya, Makedoniya, Epir, Frakiya, Peloponnes, Krit, ıon adaları, Egey adaları. Bayrağın indiki forması 1862-ci ildən mövcuddur.

Albaniya Albaniya Respublikasının dövlət bayrağı mərkəzində ikibaşlı qara qartal şəkli həkk olunmuş qırmızı düzbucaqlı zolaqdan ibarətdir. Bayrağın eninin uzunluğuna nisbəti 5:7-dir. Qırmızı rəng xarici işğalçılara qarşı uzun müddət mübarizə aparan alban vətənpərvərlərin tökülən qanının rəmzidir. Albaniyanın hazırkı dövlət bayrağı 1945-ci ildə rəsmi olaraq təsdiqlənib. Qırmızı zolaqlı ikibaşlı qara qartal şəkli 1443-cü ildə Albaniyanın müstəqilliyinin əsasını qoymuş Georgi Kastriotın bayrağında mövcud idi. O, Skanderberq adı ilə daha çox məşhurdur. Çox güman ki, bayraqdakı qartal şəkli onun tərəfindən seçilib. Bayraqda məhz qartal şəkli əbəs yerə öz əksini tapmayıb. Belə ki, albanlar ta qədim zamanlardan ölkələrini "şkiperi" adlandırırlar ki, bu da tərcümədə "qartallar ölkəsi" mənasını verir. Onlar özlərini qartalların nəslinin davamçıları hesab edirlər. Moldova Moldovanın bayrağı, üzərində dövlət gerbi həkk olunmuş 3 bərabər şaquli zolaqdan ibarətdir: mavi, sarı və qırmızı. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 1994-cü ildə Moldovada dövlət bayrağı haqqında qanun qəbul edilib. Moldovanın bayrağı öndən və arxadan müxtəlif formada görünür. Belə ki, bayraqdakı gerb yalnız ön hissədə həkk olunub. Moldovanın üçrəngli bayrağı Moldova dövlətçiliyinin keçmişini, indiki zamanını və gələcəyini, eyni zamanda ölkədə yaşayan vətəndaşların bərabərhüquqlu olmasını, dostluğunu və həmrəyliyini tərənnüm edir.

Belçika Belçika Krallığının dövlət bayrağı düzbucaqlı şəklində olub, üç bərabər şaquli zolaqdan ibarətdir. Zolaqların rəngi ardıcıl olaraq qara, sarı və qırmızıdır. Bayrağın ölçü nisbəti 13:15-dir. Qara rəng gücü təmsil edir. Sarı rəng müdriklik yolu ilə əldə edilən kamilliyin rəmzidir. Qırmızı rəng isə fədakarlıq, cəsurluq və qurbanlar vermək yolu ilə əldə edilən qələbənin tərənnümüdür. Belçikanın dövlət bayrağı rəsmi olaraq 1831-ci ilin sentyabr ayının 13-də qəbul edilib.

Portuqaliya Portuqaliyanın dövlət bayrağı rəsmi olaraq 1911-ci ildə qəbul edilib. Parametrləri 2:3 nisbətindədir. Bərabər olmayan 2 şaquli zolaqdan təşkil olunub: yaşıl və qırmızı. Qırmızı zolaq bayrağın təxminən 1/3 hissəsini tutur. Zolaqların kəsişdiyi yerdə Portuqaliyanın gerbi təsvir olunub. Yaşıl rəng səyahət və yeni torpaqların kəşfinin rəmzidir. Qırmızı rəng inqilabı (1910-cu ildə Portuqaliya respublika elan edilib) tərənnüm edir.

Ukrayna Ukraynanın mavi-sarı rəngli dövlət bayrağı 1991-ci il, yanvar ayının 28-də Yuxarı Rada tərəfindən rəsmi olaraq təsdiqini tapıb. Bayrağın eninin uzunluğuna nisbəti 2:3 nisbətindədir. Hər il iyul ayının 24-də Ukraynada Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ukrayna bayrağındakı mavi və sarı rəngin tarixi xristianlıqdan öncəki zamanlara gedib çıxır. Həmin vaxt mavi və sarı rəng od ilə suyu tərənnüm edirdi. Ukrayna bayrağındakı rənglərin indiki mənasına gəldikdə, mavi rəng buğda zəmilərini, sarı rəng isə buğda zəmiləri üzərindəki səmanı təmsil edir.


Tarix: 25.11.2014 / 18:31 Müəllif: Aziza Baxılıb: 231 Bölmə: Maraqlı Melumatlar
loading...