Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda ən çox istifadə olunan yalanlar

"Biz sizinlə əlaqə saxlayacağıq”.
Əgər bir insan deyirsə ki, həyatda heç vaxt yalan danışmayıb, elə ən böyük yalanı da odur. İnsanın həyatında yalan danışmaması mümkün deyil. Bəs biz azərbaycanlılar ən çox hansı yalanı danışırıq? Bu sualın cavabını öyrənmək üçün Facebook-da kiçik sorğu keçirdik. Sorğumuzda iştirak edənlər öz fikirlərini yazdılar.

Məlum olub ki, Azərbaycanda ən çox danışılan yalanlar bunlardır:

1. "Biz sizinlə əlaqə saxlayacağıq”.
Bu yalanı iş axtaranlar tez-tez eşidirlər. Hər hansı bir vakansiya üçün CV göndərirlər və müsahibəyə dəvət alırlar. Müsahibədən sonra şirkətin əməkdaşı deyir ki, əlaqə saxlayacağıq. İş axtaran da bəzən aylarla həmin "əlaqənin” nə vaxt saxlanacağını gözləyir.

2. "Gələn aydan idmana başlayıram”.
Bu yalanı isə adətən artıq çəkidən əziyyət çəkən kişilər deyirlər. Onlar hər dəfə planlarını növbəti aya qədər təxirə salırlar. Ancaq aylar-illər ötsə də eləmirlər.

3. "Daha bu qədər içməyəcəm”.
Yığıncaqlarda, toylarda, bayramlarda spirtli içki həddini aşıb, səhəri gün baş ağrısından əziyyət çəkən adamlar daha belə içməyəcəklərinə söz verirlər. Ancaq növbəti yığıncaqda verilən söz unudulur.

4. "Sabahdan pəhriz saxlayacam, arıqlayacam”.
Çəkisinin artıq olduğunu düşünən qızlar sabahdan pəhriz saxlayacaqlarını vəd verirlər. Həmin vədin müddəti isə növbəti dadlı şirniyyat süfrəsinə qədər olur.

5. "Sən məndən daha yaxşısına layiqsən”.
Adətən oğlanlar qızlardan ayrılmaq üçün bu məşhur kəlmədən istifadə edirlər. Ayrılıqlarına bəraət qazandırmağa çalışırlar. Eyni zamanda ayrılıqla qızın qəlbini çox da qırmamağa çalışırlar. Ancaq anlamırlar ki, qızlar artıq bu cür yalanları bilirlər.

6. "Sənin barəndə fikrim ciddidir”.
Əgər qızlar bu sözü oğlandan eşidirlərsə, deməli, işlər qəlizdir. Həmin oğlan qızı aldatmağa hazırlaşır. Ürəkdən sevən və ciddi fikirlə qıza yaxınlaşan oğlan daha kreativ və romantik sözlər deməyə qadirdir.

7. "Siz sağalacaqsınız, əminəm!”.
Xəstələrin həkimlərdən eşitdikləri əsas yalandır. Həkimlər bəzən həqiqəti də bu cür deyirlər. Ancaq bu ifadədə həqiqətlə yalan arasında sərhəd o qədər itib ki, xəstə anlamır ki, ümid etsin, yoxsa o dünyaya getməyə hazırlaşsın. Ancaq yenə də ümid hər şeydən güclü olur və qalib gəlir.

8. "Burnumda çəpər əyriliyi var idi”.
Qızlar burunlarının formasını plastik əməliyyatla dəyişirlər. Ancaq çox nadir hallarda qızlar bunu etiraf edirlər. Adətən çəpər əyriliyi olduğuna görə əməliyyat etdirmək məcburiyyətində qaldıqları barədə nağıllar danışırlar.

9. "Hər şey yaxşıdır”.
Hər şeyin yaxşı və ya pis olmasından asılı olmayaraq, biz azərbaycanlılar bu yalana artıq vərdiş etmişik. Hər dəfə "Hər şey yaxşıdır”, "yaxşıyam” kimi cavablar verirlər. Hətta xərçəngdən 3 gün sonra öləcəyi diaqnozu qoyulan ağır xəstə də "Necəsən?” sualına "yaxşıyam” cavabını verir.

10. "Məndə yalan yoxdur. Yalanı xoşlamıram”.
Əgər bir adam bu sözləri dedisə, həmin adamın yanından dabana tüpürüb qaçın. Çünki onun ən böyük yalançı olduğunu sonda anlayacaqsınız və artıq gec olacaq.


Tarix: 22.11.2014 / 22:37 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Maraqlı Melumatlar
loading...