beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əjdərbəy məscidi

Əjdərbəy məscidi — 1905-cı ildə inşa edilmişdir. "İttifaq" məscidi kimi də tanınır.

Layihəsi

Ötən əsrin əvvəllərində, 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdər bəy Aşurbəyov tərəfindən Bakı şəhərində tikilib istifadəyə verilmiş məscid Azərbaycanda mötəbər dini ibadət mərkəzlərindən biridir. Bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar "İttifaq" məscidi adı ilə tanınmışdır.[1]

Bakı müsəlmanlarının ən qədim və iri ibadətgahlarından olan bu məscid Hacı Əjdərbəyin şəxsi büdcəsi hesabına tikilib. O zaman bu ziyarətgah 400 nəfərin ibadəti üçün nəzərdə tutulub. Ancaq sovet hökuməti dağıldıqdan sonra bu məscidə də ziyarətə gələnlərin sayı xeyli artdığından ərazidə böyük sıxlıq yaranırdı. Elə bu səbəbdən də Qafqaz Müsəlmanları İdarəsi məscidin yenidən qurulmasını, ibadət otaqlarının sayını artırmağı qərara alıb. Hesablamalara görə, yenidənqurma işləri başa çatdıqdan sonra burada 2000-ə yaxın dindar ibadət edə biləcəcək.

Bakının mərkəzində qərar tutmuş, özü kimi tarixi də qədim və zəngin olan Əjdərbəy məscidinin özəlliyi ondadır ki, o həm də xalq arasında Əjdərbəy, Göy məscid və ya İttifaq məscidi kimi adlanır.

Məscidin tikilmə tarixi çox maraqlıdır. Deyilənlərə görə, Nabat xanım Xocabəy qızı Aşurbəyli - Rzayeva Təzəpir məscidini tikdirməyə başladıqda qardaşı Əjdər bəy ona kömək təklif edir. Nabat xanım isə cavabında, "əgər belə imkanınız və hünəriniz varsa, gedin, özünüz bir məscid tikdirin" - deyir və köməkdən imtina edir. Belə olduqda Əjdər bəy Aşurbəyov 1905-ci ildə məscid tikdirmək qərarına gəlir və indiki Göy məscidin əsası qoyulur. Beləliklə, məscidin tikilməsi maraqlı təsadüf nəticəsində baş verib. Deyilənlərə görə, məscidin ilk adı İttifaq olub. Əjdər bəy Aşurbəyov məscidi tikdirərkən məramı belə olub ki, bura üz tutan şiələr və sünnilər heç bir maneə olmadan birlikdə namaz qılacaqlar. Bu ənənə bu günə qədər də qorunub saxlanılır. Maraqlıdır ki, Göy məscid bu günə qədər İslam dininin hər iki məzhəbindən olan müsəlmanların birlikdə namaz qıldıqları yeganə məkandır. El arasında məscidin bir neçə adla çağırılmasına gəlincə, bu da təsadüfi deyil. Günbəzinin rənginə görə, tikili el arasında Göy məscid adı ilə çağırılır. Əjdər bəy rəhmətə getdikdən sonra məscidə onun adı əlavə olunur.

Digər müqəddəs yerlər kimi, Göy məscid də sovet hakimiyyəti illərində repressiya hədəfinə tuş gəlib. Elə tikilinin daxilində İslama zidd elementlərin vurulması buna bariz nümunədir. İkinci Dünya müharibəsi illərində məscid ibadət yeri kimi bağlanaraq başqa məqsədlərlə istifadə olunur. Yalnız müharibədən sonra döyüş iştirakçılarının, xüsusilə də Bakıda yaşayan müsəlman tatarların müraciətindən sonra məscid yenidən müsəlmanların ixtiyarına verilir.

Memarlıq üslubuna görə, məscid simvolik görünüşə malikdir. O, həm Kərbəladakı məscidi, həm Məkkədəki Kəbə evini xatırladır. Tikili inşa edilərkən müsəlman Şərqinə məxsus geniş memarlıq nümunələrinə diqqət yetirilib.

Azərbaycan Prezidenti İlham Əliyev 25 may 2010-cu il tarixdə Bakı şəhərində yerləşən Əjdərbəy məscidinin bərpasi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.[2] Sərəncamda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Əjdərbəy məscidində bərpa işlərinin tamamlanması üçün Bakı şəhər İcra Hakimiyyətinə vəsait ayrılsın.[3][4]

Dövlət vəsaitləri hesabına aparılan və 2007-ci ilin aprel ayından başlayan təmir bərpa işlərinin ümumi sahəsi 4 min kvadratmetr olan məscidin həyətində ibadət üçün xüsusi sahə də ayrılıb. "Əndərun" adlanan həmin yerdə eyni vaxtda 1000-ə qədər insan ibadət edə biləcək. Bundan başqa, məscid-kompleksdə qurbangah, namaz zalı və daha bir neçə yardımçı otaqlar da tikilib. Alt mərtəbə isə dəstəmaz otağı üçün nəzərdə tutulub.


Tarix: 25.02.2013 / 21:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 380 Bölmə: Məscidlər