beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Murtuza Muxtar məscidi

Murtuza Muxtar məscidi - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində (Xilə kəndi), Vaqif küçəsində yerləşir.Mündəricat
1 İnşa tarixi
2 Memarlıq üslubu
3 Qurani-Kərimi
4 İstinadlar
5 Həmçinin bax


İnşa tarixi

Tikili neft milyonçusu Murtuza Muxtarovun adı ilə bağlıdır. Məscidin maraqlı tikilmə tarixçəsi var. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün neft milyonçusu Murtuza Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir. [1]. Belə ki, məscidin memarı Zivər bəy Əhmədbəyov, ustası isə məşhur sənətkar Kərbəlayı Əhməd Səməd oğludur. Məscidin ikinci ustası isə Mirzə Məlik Abbasquludur.

Memarlıq üslubu

Muxtarovun tikdirdiyi əzəmətli məscid nadir memarlıq üslubuna malik tarixi tikililərdəndir. Məscidin 47 metr hündürlüyündə olan 2 minarəsi o dövrdə digər məscid minarələrindən fərqlənirdi. Hər iki minarənin birinci şərəfəsinin aşağısında ərəbcə "Kəlmeyi-teyyibə" yazılıb. Minarələrə qalxan pilləkənlərin sayı 140-a çatır. Məscidin 2 qülləsindən müəzzinlər azan vermək üçün istifadə edirdi. O, dövrdə Təzəpir məscidində azan vermək üçün 1 qüllə inşa edilmişdi. İstər qüllənin aşağı, istərsə də yuxarı hissəsində azan verilə bilər. Məscidin 2-ci mərtəbəsində qadınların namaz qılması üçün də xüsusi otaq vardı. Kişilər şöbəsinin sahəsi 14x14 metr, qadınlar şöbəsinin sahəsi 84 m²-dir. Murtuza Muxtar məscidinin giriş qapısının sol tərəfində "Murtuza Muxtar məscidi", sağ tərəfində isə həmin sözlər ərəb əlifbası ilə yazılıb. Mehrabının hündürlüyü 9 metrdir. Məscid dörd nəhəng tağ üzərində dayanıb. Divarlarının qalınlığı 1 metrdir. Bu tağlar sanki sütun rolunu oynayır və günbəz həmin tağların üzərində dayanıb. Günbəzin dairəvi hissəsinədək hündürlüyü 16 metr, yuxarı hissəsinədək isə 19 metrdir. Məscidin giriş qapısının hündürlüyü 6 metrdir. Qapıdan 3 metr yuxarıda mərmər üzərində iki kitabə həkk olunub. Orada belə yazılıb: "h.q.1317..." (XIX əsrin sonu - XX əsrin əvvəli) Məscidin həyətində Muxtarov Murtuza Muxtar oğlunun (1855-1920) qəbri yerləşib. Məscidin sağ və sol tərəflərində peyğəmbərlərə salam, yeganə olaraq burada ərəb dilində həkk olunub. Mehrabın yuxarısındakı dairə isə Allahın varlığına, 4 tağ əsas peyğəmbərlərə, 4 nazik sütun müqəddəs kitablara, onların altındakı nazik xətlər isə 12 imama işarədir. [2] 1908-ci ildə məscidin açılışında əmircanlı axund Əbu Turab minbərə qalxaraq ilk xütbəni oxuyub. Məscid 2 giriş qapısı ilə əhatələnib. Qapı və pəncərələrin üzərindəki şəbəkə göz oxşayır. Qapı üzərində 4 təsvir - 4 müqəddəs kitabı, 4 ünsürü göstərir. Məscidin 1 günbəzi, 16 pəncərəsi var.

Bir çox məscidlər kimi Murtuza Muxtar məscidi də sovet dövründə bağlanmış və ya öz fəaliyyətini dayandırmışdır. Məsciddən toxuculuq emalatxanası, 1985-1988-ci illərdə Azərbaycanın məşhur rəssamı S.Bəhlulzadənin sərgi salonu kimi istifadə olunub. 1989-cu ildən məscid yerli sakinlərin ixtiyarına verilib.

Qurani-Kərimi

Deyilənə görə, Murtuza Muxtarov bu məscidi neftdən qazandığı halal pulu ilə tikdirib. O illərdə daima məscidə gələn milyonçunun özü namaz qılar, dualar edərdi. Əmircan məscidinə M.Muxtarov məxsusi olaraq müqəddəs "Qurani-Kərimi" hədiyyə etmişdi. Hələ məscidin inşası zamanı həmin Quran kitabı Türkiyənin İstanbul şəhərində sifarişlə hazırlanmışdı. Deyilənə görə, həmin Quran 25 kq ağırlığındadır. İndi də Əmircan məscidində bu müqəddəs kitab əmanət kimi saxlanılır. Quranda Allah kəlmələri bütünlüklə qızıl suyu ilə həkk olunub.


Tarix: 25.02.2013 / 21:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 454 Bölmə: Məscidlər