Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cümə məscidi (Balaxanı)

Cümə məscidi — Bakının Suraxanı rayonunun Balaxanı qəsəbəsində yerləşən məscid.

Məscidin tikilmə tarixi ilə bağlı konkret məlumat olmasa da, məscidin içərisində qorunub saxlanan daş kitabədə hicri təqvimlə 1290-cı il (1873-cü il) yazılmışdır. Qəsəbədə yeganə ibadət ocağı olan bu məscid o dövrün neft milyonçularının xeyriyyə yardımları və qəsəbə sakinlərinin ianələri hesabına inşa edilmişdir.

Sovet hakimiyyəti illərində müqəddəs yerlərə qarşı aparılan repressiya bu məsciddən də yan keçməmişdir. XX əsrin 30-cu illərində bu dini abidə üzərində dəyişikliklər edərək onu mədəniyyət evinə çevirmişlər. Vətənimiz öz müstəqilliyini bərpa etdikdən sonra isə qəsəbə sakinlərinin müraciəti ilə, yəni 1090-cı ilin sentyabr ayından yenidən məscid kimi dindarların ixtiyarına verilmişdir. Lakin onun məscid halına qaytarılması və bərpası üçün əsaslı təmir işləri görmək lazım idi. Beləliklə yenə qəsəbə sakinlərinin köməyilə Allah evi ibadət üçün yararlı hala gətirilmişdir. 1994/98-ci illər məscidin bərpa və təmir dövrü sayıla bilər.

Məscidin əsas ibadət zalının sahəsi 176, qadınlar ibadət edən hissəsinin sahəsi isə 99 kvadratmetrdir. Balaxanı qəsəbə Cümə məscidinin ilkin variantında minarə olmamışdır. Minarə 1995-1996-cı illərdə inşa edilmişdir. Hazırkı minarənin hündürlüyü 27 metrdir və 114 pilləli yonulmuş sal daşlardan tikilmişdir. Həyətyanı sahədə yaşıllaşdırma və abadlıq işləri aparılmış, səliqə-sahman yaradılmışdır. Məscidin həyətinə daş pilitələr döşənmişdir.

Məscidin ibadət edilən hissəsinin arakəsməsi milli ornamentlərə uyğun taxta şəbəkə ilə, mehrab isə nəbati ornamentlərlə bəzədilmiş, üzərində səkkizguşəli ulduzlar işlənmişdir.

1994-cü ildə taxtadan düzəldilmiş minbər zövq oxşayır. Əsas ibadət zalının divarlarında "əl-Fatihə" və "əl-Bəqərə" surələrindən ayələr həkk olunmuşdur.

1998-ci il iyul ayının 18-də Şeyxulislam həzrətləri, Bakı şəhər icra hakimiyyətinin başçısı, rayon icra hakimiyyətinin rəhbər işçiləri, ziyalılar, dindarlar və çoxsaylı qəsəbə sakininin ştirakı ilə məscidin təmirdən sonra rəsmi açılışı olmuşdur. Hazırda məsciddə Bakı şəhəri Sabunçu rayon Balaxanı qəsəbə məscidi dini icması fəaliyyət göstərir. İcma 2009-cu il noyabr ayının 11-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir. Qəsəbə dindarları rahat şəkildə öz dini ibadətlərini bu məsciddə icra edirlər. Dini icma müqəddəs bayramlarda və günlərdə burada müxtəlif mərasimlər təşkil edir, ölkənin daha da güclənməsi və torpaqların azadlığı uğrunda şəhid olanların ruhlarına dualar oxuyurlar.


Tarix: 25.02.2013 / 21:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 296 Bölmə: Məscidlər
loading...