Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məscid sözünün mənası

Qurani-Kərim və hədislərdə "sücud" (səcdə etmək) sözü "baş əymək"lə yanaşı‚ başı yerə qoymaq mənasında da işlədilmişdir. Elə buna görə də‚ səcdə‚ təvazökarlığın ən son həddi sayılır. Məhz bu səbəbdən İslam mədəniyyətində məscid‚ insanların qüdrətli və qəni Yaradan ilə acizanə şəkildə əlaqə qurmaq üçün seçdiyi müqəddəs məkan kimi tanınır.

Məscid sözü Qurani-Kərimdə 28 dəfə işlənmişdir. Bunun 22-si tək halda və 6-sı isə cəm halda işlədilmişdir. Filoloqlar Quranda qeyd edilən "mihrab" sözünün də "məscid" mənasına gəldiyini bildirirlər.

Dünya müsəlmanları arasında təkcə Türkiyə türkləri cümə namazı qılınmayan, ancaq gündəlik namazlar qılınan yerləri məscid adlandırır, cümə namazı qalınan yerlərə də cami deyirlər. Qərb dünyasında işlədilən sözlərin (mosque, mosquee) də məscidin müxtəlif tələffüzündən ortaya çıxdığı qeyd edilir.

Məscidin tarixi

Mədinədə Peyğəmbər məscidi

İslamın təşəkkül dövründə Allaha ibadət üçün Məhəmməd peyğəmbərin Mədinədəki evini xatırladan sadə binalar tikilirdi. O dövrlərdə məscidlər olmadığından Allaha ibadət və namaz qılınması açıq ərazidə kənarları xətlə çəkilmış yerlərdə həyata keçirilirdi. Məhəmməd peyğəmbər Mədinəyə hicrəti zamanı Mədinə yaxınlığında Quba adlanan yerdə bir neçə gün qalmışdır. Peyğəmbər (s) Qubada olduğu vaxt ərzində bir məscid tikdirmişdir ki, bu günümüzə qədər Quba məscidi kimi tanınır. Hicrətin ilk vaxtlarında müsəlmanların qibləsi Qüds idi. Sonralar ayə nazil olaraq qiblənin Kəbə olduğu bəyan oldu. Bu barədə Quranın ikinci surəsində bilidirilir. Qiblənin dəyişdirilməsi haqqında ayənin Peyğəmbərə (s) nazil olduğu məscid hazırda Mədinə yaxınlığında olan İkiqibləli məsciddir.

Məscid haqqında Quranda belə yazılır: "Bəşər üçün inşa edilən ilk məbəd, Məkkədəki bərəkətli və bütün cəmiyyətlər üçün hidayət mərkəzi olan məbəd idi"[4]. Məhəmməd peyğəmbər ikincisinin isə Məscidul-Əqsa olduğunu bildirib[5].

Funksiyasına və ellik dəyərinə görə mütəxəssislər, İslam ibadətgahlarını bütövlükdə dörd qrupa bölürlər. Bunların ən sayası məhəllə və kənd məscidləridir. Sonrakı pillədə came məscidləri gəlir. Bunlardan başqa bir də vilayət və ya ölkə əhəmiyyətli ibadət yerləri də vardır. Ən nüfuzlu ibadət yeri isə bütün müsəlman dünyası üçün nəzərdə tutulan Kəbədir (ərəbcədən hərfi tərcüməsi kub deməkdir). XIII yüzilin azman şəxsiyyətlərindən olan Nəsirəddin Tusi bu kateqoriyaların hər birinin yığcam xarakteristikasını və ellik dəyərlərinin incələmişdir.

İslam ölkələrində məscidlər təkcə ibadət üçün, dini mərasimlər keçirmək üçün inşa edilmirdi. Məscid çoxfunksiyalı ellik bina hesab edilir və onun içərisində keçirilən tədbirlər həm də müsəlmanlar arasında ünsiyyəti, birliyi gücləndirməlidir. Nəsirəddin Tusi insanların ibadətə və ünsiyyətə olan ehtiyacınl belə izah edirdi:
"Təbii ünsiyyət insan xassələrindəndir... Həqiqi hikmət sahibləri bu xüsusiyyətin şərəfli olduğunu nəzərə alaraq, onu inkişaf etdirmək üçün bir sıra faydalı tədbirlər düşünmüşlər, məsələn, müxtəlif qayda-qanun, ədəb-ənənə icad etmişlər, camaata ibadətlə məşğul olmağı, ziyafət təşkil etməyi məsləhət görmüşlər. Bunların hamısı ünsiyyəti qüvvədən hərəkətə gətirmək, əməli etmək üçündür."

Sonradan alim camaat namazının tək qılınan namazdan üstünlüyünü insanlararası ünsiyyəti gücləndirməklə bağlayır. Məhəllə və kənd məscidləri camaatı gündə beş dəfə, cam məscidi isə kənd və məhəllə adamlarını birlikdə həftədə bir dəfə ibadətə toplayır, onlar arasında anlaşmanı, ünsiyyəti artırır. Alimə görə: "Bundan əlavə bütün cammatın görüşməsi üçün ildə iki dəfə ibadət təyin etmişlər. Bunun üçün camaatı tuta biləcək böyük meydan seçməyi və hamın ora dəvət etməyi buyurmuşlar." Dünya müsəlmanlarının ömürlərində bir dəfə öz həmdinləri ilə "toplantı və görüş yeri üçün şərait sahibinin evindən (Kəbə) yaxşı yer ola bilməz." Bütün tayfaların və peşə sahiblərinin beləcə bir yerə toplanması, alimin fikrincə həm qarşılıqlı fayda götürmək, həm də havasını dəyişmə sağlamlıq üçün faydalı tədbirdir.


Tarix: 24.02.2013 / 18:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 637 Bölmə: Məscidlər
loading...