beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlk məscidlər

İslamda məscidin tarixi Məhəmməd peyğəmbərin İslam dinini insanlara çatdırmağa başladığı vaxt başlanır. O dövrdə Məkkə rəhbərliyi Məhəmməd peyğəmbərə Kəbədə ibadət etməyə maneə olurdular. Məhəmməd peyğəmbərin isə "Allahın evi"ndə namaz qılmaq üçün ibadətlərini məsciddə etməyə çalışırdı. Digər müsəlmanlar təzyiqlərdən "sığortalanmaq" üçün müxtəlif evlərdə, ərazilərdə yığışaraq ibadətlərini yerinə yetirirdilər. Məhəmməd peyğəmbər 622-ci ildə Mədinəyə köçən kimi məscid ərazisinin müəyyənləşdirdi. Bununla da Peyğəmbər məscidi adlandırılan ibadət məkanının təməlləri atıldı və qısa müddət ərzində ərsəyə gətirildi. Məscidin arxa hissəsində İslamın ilk universiteti adlandıra biləcəyimiz Suffə üçün yer ayrıldı. Mədinədəki müsəlmanlarının sayı artdıqca gündəlik namazların qılınacağı məscidlərin sayı da çoxaldı.

Cümə namazı "Peyğəmbər məscidində" qılınırdı. Bu məsciddən sonra ilk cümə namazı qılınan məscid uzaq qəbilələrdən biri olan Bəni Abdulqaysdakı Cuvasa məscididir[7]. Cuvasa Ərəbistan yarımadasının şərqində, bugünki Riyad və Zəhran şəhərlərinin arasında yerləşir. Bütün bunlar göstərir ki, Muhəmməd Peyğəmbərin sağlığında da müxtəlif ərazilərdə yaşayan müsəlmanların ibadət üçün məscidləri mövcud idi. Müsəlman olan bəzi tayfalar da (Taifdə) əvvəlki məbədlərinin yerində məscid inşa etmişdilər[8]. Muhəmməd Peyğəmbərin vəfatından sonra daha geniş coğrafiyada İslam dininin qəbul edilməsi məscid tikintisini zəruri edirdi. Bunu daha da vacib edən dövlət başçılarının, idarəçlərin Quranın buyruğuna can atmaları idi.

Quranda deyilir: "Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan və zəkatı ürəkdən istəyərək verən, Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə (tikdirə) bilərlər. Məhz belələri doğru yolda olmağı ümid edə bilərlər"[9]. Allahın Rəsulu da: "Allahın razılığını qazanmaq üçün məscid tikdirənə Allah cənnətdə saray bəxş edər", – buyurub[10].

Məscidlər elm ocağı kimi

Məscidlər inşa edilərkən təkcə namaz qılmaq üçün nəzərdə tutulmurdu. Bu tikililər həm təhsil ocağı, iqamətgah, informasiya agentliyi, həm də məhkəmə zalı kimi fəaliyyət göstərirdilər. Hətta Muhəmməd Peyğəmbər bir dəfə məscidə daxil olanda camaatın bir hissəsinin dua və zikirlə, bəzilərinin də elmlə məşğul olduğunu görüb "Mən müəllim kimi göndərilmişəm", – deyərək elmlə məşğul olanların yanında oturması məscidin təlim-tərbiyənin verildiyi yer kimi funksiyasının olduğu göstərməsi baxımından çox vacib amildir[11].

Məscid qadınların da fəal iştirak etdiyi məkanlar idi. Qadınlar hətta sonrakı dövrlərdə sərtliyi ilə tanınan xəlifə Ömərdən çəkinmədən məsciddə etiraz etmək cəsarətini göstərmişdilər. Hətta xəlifə mehr məsələsi ilə bağlı məhdudlaşdırma qərarını məsciddəki bir qadının etirazından sonra ləğv etmişdi. Məscidlər təkcə dini təhsil yerləri deyildi. Hicri təqvimin ilk dövrlərindən etibarən ədəbiyyat da bu dərslərin mövzularını təşkil edirdi. Hətta məscidlərdəki dərs həlqələrində nəzəri tibbi məlumatlar da verilirdi. Bundan başqa, məscidlərin divarlarında kitablar üçün yerlər hazırlanırdı. Bu da göstərir ki, məscidlər kitabxana rolunu da ifa edirdi.

Məscidlər xalqla ünsiyyət yeri kimi

Almaniyadakı Xədicə məscidindəki qadın zalı

İslam ölkələrində məscidlər təkcə ibadət üçün nəzərdə tutulmurdu, eyni zamanda onun içərisində keçirilən tədbirlər insanlar arasında ünsiyyəti gücləndirmək məqsədi daşıyırdı.[12] Elə buna görə də‚ məscid əhəmiyyətli bir məkan kimi "Allahın evi"‚ "peyğəmbərlərin məkanı"‚ "hər təqvalı insanın sarayı" kimi adlandırılır.

Rəvayətə görə Muhəmməd Peyğəmbərin evi əlverişli olmadığı üçün məscidi iqamətgah kimi istifadə edib. Peyğəmbərin dövlət idarəçiliyi ilə bağlı məsələləri məsciddə müzakirə edir və alınan qərarları da xalqa məsciddə elan edirdi. Diplomatik görüşlər də məsciddə həyata keçirilirdi. O, əcnəbi elçiləri məsciddə qəbul edirdi. Onun elçiləri qəbul etdiyi yer hələ də "səfirlər sütunu" (ustuvanətul vufud) olaraq adlandırılır. Bu ənənə Muhəmməd peyğəmbərin vəfatından sonra da müəyyən müddət davam etdirilib. Bölgələrə təyin edilən idarəçilərin də xalqın arasında olması, onlarla yaxın münasibət qurması üçün məscid ən əlverişli məkan olaraq qəbul edilmişdi. Məscidlər həmişə hər səviyyədən insanın birlikdə ibadət etdiyi yerlər olduğu üçün idarə edənlə idarə olunanları bir yerə yığan, hər cür məsələlərin həll edildiyi yerlər idi. Müsəlmanlar Məhəmməd peyğəmbərə, ilk xəlifələrə və digər rəhbərlərə namazdan əvvəl və sonra arzularını, şikayətlərini asanlıqla çatdıra bilirdilər.

Hətta bir bölgənin rəhbəri haqqında mərkəzə şikayət olarsa, müfəttişlərin təhqiqat aparacağı ilk yerlər məscidlər olardı. Məscidlər səfərbərlik, əhval-ruhiyyənin istiqamətləndirilməsi üçün əvəzsiz yerlər olub. Məhəmməd peyğəmbər məsciddən hərbi qərargah kimi də istifadə edib. Məscidlər ordunun mənəviyyatını döyüşə hazır hala gətirilməsində əvəzsiz yerlər olub. Məscidlər dünyasını dəyişən insanların yola salındığı yerlər olduğu kimi, ailə həyatı qurmaq üçün kəbin kəsdirənlərin də müraciət məkanları rolunu oynayıb. Məscidlər həmçinin fərdlər arasındakı sosial statusu, uçurumu aradan qaldıran reabilitasiya mərkəzləridir.


Tarix: 24.02.2013 / 18:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 605 Bölmə: Məscidlər