Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağoğlan monastırı

Ağoğlan monastırı - Azərbaycan Respublikası, Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Ağoğlan məbədi V - VI əsrlərə aid alban[1] [2] [3] [4] [5] [6] monastırıdır.

Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə kilsə üslubuna - monastıra uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan qəsri Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir.Mündəricat
1 Memarlığı
2 Ermənistanın işğalı altında qalan abidə
3 Şəkillər
4 İstinadlar


Memarlığı

Ağoğlan məbədi plan baxımından üç nefli olan düzbucaqlı bazilika kifayət qədər böyük ölçülərə malikdir: onun uzunluğu 25, eni isə 12,5 metrdir. Kvadrat formalı səkkiz dayaq sütununun - pilonların iki sırası binanın daxili məkanını üç hissəyə bölür.

Ortada olan mərkəzi, dörd metrlik nef yanlarda yerləşən 2 metrlik ensiz neflərdən iki dəfə böyükdür. Orta hissənin hündürlüyü 17, yan hissələrin hündürlüyü isə 11,5 metrdir. İbadət zalının bütün nefləri silindrik formalı tağlarla örtülmüşdür. Həmin tağlar səliqə ilə yonulmuş və bir-birinə yaxşıca uyğunlaşdırılmış daşlardan yaradılmışdır. Asanlıqla görmək olar ki, binanın planının üçnefli sxemi ümumi olan cəhətləri ilə əsas, zaman etibarilə daha əvvəl tikilmiş Qum bazilikasının mərkəzi hissəsini təkrar edir[7]. Gərilmiş proporsiyalı, böyük yarımdairəvi absidalı, səcdəgahlı, əsas nef və səcdəgah oyuğundan hər iki tərəfdəki iki ensiz düzbucaqlı xidmət binalarına - yan neflərinə malik olan obyekt də bu cürdür. Absidanın böyük, yarımdairəvi formalı, möhkəm oyuğu üzərində üç ensiz tağlı oyuq yerləşir. Bu oyuqlar məbədin kompozisiya mərkəzi olduğunu nəzərə çatdırır.

Bazilikanın interyeri

Bazilikanın möhkəm yerli daş olan boz bazaltdan inşa edilmiş monumental binası özünəməxsus gözəl dağlar diyarının sərt təbii mühiti ilə üzvi şəkildə bağlıdır. Binanın hamar fasad səthləri yuxarı hissədə bir-birindən uzaq məsafədə yerləşmiş ensiz pəncərə oyuqları ilə kəsilir. Zalın daxili məkanına bu oyuqlardan işıq düşür. Fasadın yan tərəfində zala yeganə giriş oyuğu vardır. Fasadın batıq formalı, simmetrik surətdə qurulmuş, müvazinətli kompozisiyası işığın düşməsi məqsədilə açılmış müxtəlif ölçülü oyuqlarla kəsilmişdir. Bu cür oyuqlar mərkəzi hissədə qoşa şəkildədir. Həmin oyuqlardan biri (böyüyü) zalın əsas nefini, digəri isə (kiçiyi, iki yaruslu) yanlardakı nefləri işıqlandırmaq üçün nəzərdə tutulmuşdur. Piramidaşəkilli çadırla örtülmüş, ensiz sütunlar üzərindəki gözəl qamətli rotonda məbədin çadırlı damında yerləşmişdir. Rotonda sitayiş təyinatlı bu binanın ciddi, lakin ifadəli həcmini daha da canlandırır. Məbədin daxili divarları yonulmuş iri, qara daşlarla üzlənmişdir. Həmin daşlar hörgü yerinə geniş məhlul tikişləri ilə hörülmüşdür. Bu onunla izah olunur ki, keçmişdə məbədin divarları malalanmış, həmin mala üzərində isə süjet baxımından tematik, polixrom (çoxrəngli) rəsmlər çəkilmişdi. Şimal divarında indiyədək qismən qalmış freska rəsmli malanın fraqmentləri bunu təsdiqləyir.

Dayaq sütunları - pilonlar və onların üzərindəki tağların arxivoltları yaxşı yonulmuş iri daş bloklarla üzlənmişdir. Zalın interyerinin yuxarı hissələrində daş üzərində dekorativ oyma tətbiq edilmişdir. Bu, bazilikal tikilinin işıqlandırılma xüsusiyyətləri ilə əlaqədar olaraq onun qavranılması ilə şərtlənmişdir.

Bir daha qeyd olunmalıdır ki, monastırın fasadları tikintinin mütləq məntiqiliyi ilə seçilir. Fasadlar bazilikal kompozisiyanın daxili quruluşunu üzə çıxarır.

Ağoğlan məbədinin (bəzən qəsr də deyilir) tikilməsi barədə bir çox maraqlı rəvayətlər var. Deyilənə görə, qədim zamanlarda, bu ərazidən keçən gənc bir səyyah bu yerlərin gözəl təbiətinə məftun olur və burada qəsr tikdirməyi qərara alır. O, ustalar toplayıb xalq könüllülərindən ibarət böyük bir dəstə düzəldib işə başlayır. Bu gənc çox gözəl olduğundan yerli əhali onu ağoğlan adlandırırlar. Günlərin bir günü, günorta yeməyinə toplaşan vaxt bir qaranquş (qarğa da deyirlər) aşpazın başına fırlanıb, onun camaata yemək verməsinə mane olmağa çalışır, quşun bu hərəkətinə hamı maraqla tamaşa edir, amma heç kim, heç nə başa düşmür. Birdən qaranquş özünü qaynar qazanın içinə atıb öldürür. Bundan hiddətlənən aşpaz yeməyi kənara boşaldan vaxt, qazanın içərisində bir ilan ölüsünün də olduğunu görəndə hamı heyrətdən donub qalır. Qəsrin sahibi bu xilaskar quşun ölüsünü qəsrin yanında təntənəli surətdə basdırır və qəsri Qaranquş qəsri elan edir. Lakin sonralar xalq arasında qəsri tikdirənin xeyirxahlığı şərəfinə Ağoğlan adlandırırlar.

Ermənistanın işğalı altında qalan abidə

Ermənistan 1992-ci ildə bu əraziləri işğal etdikdən sonra Ağoğlan qəsrini təmir etmək adı altında abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də xeyli sayda alban dövrünə məxsus ornament və simvolları ya tamamilə silmiş, ya da formalarını dəyişdirmişlər.[8]

2006-cı ildə ABŞ-ın Kaliforniya ştatından əldə edilmiş ianələr hesabına ermənilər bu abidəni ikinci dəfə təmir etdirmək bəhanəsi ilə abidənin divarlarının müxtəlif yerlərinə, bu abidənin guya xristianlığın erməni (qriqoryan) məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsi yerləşdiriblər. Kompleksin ümumi giriş qapısının önündə İrəvandan qırmızı bozalt daşdan yonulub gətirilmiş xaçdaşlar basdırıblar, binanın fasadını söküb dəyişərək kirəmid və dəmirlə əvəzləyiblər. Ermənilərin bu saxtakarlığı ilə abidə divarları üzərində göstərilən tarixindən və öz orijinal interyerindən və baxanları heyran qoyan əzəli gözəlliyindən də məhrum olub.

İşğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyəti və tarixinə qarşı əsl soyqırım həyata keçirən ermənilər Ağoğlan qəsrini də hədəf alıblar. Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskoplar İrəvan şəhərində 2007-ci ildə öz daxili qərarı ilə bu abidəyə erməni qriqoryan kilsəsi statusu verib.


Tarix: 09.03.2013 / 23:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 418 Bölmə: Kilseler
loading...