Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yustin

Flavi Yustin - İlk dövr Xristian ilahiyyatçılarından biri (təx. 100-165)Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Ruha dair düçüncələri
4 Tanrıya dair düşüncələri


Həyatı

O, Fələstinin Sixem (indiki Nablus) şəhərində, bütpərəst yunan ailəsində dünyaya gəlmiş, məşhur filosoflarının əsərlərini dərindən öyrənmişdir. Antik dövr mütəfəkkirlərinin bəzi düşüncələrinə şübhə ilə yanaşmışdır. Xristian dinini qəbul etmiş və onu yaymaq məqsədilə missioner fəaliyyəti də göstərmişdir. Romada olarkən, kinik (insanlara həqarətlə baxan fəlsəfi cərəyan nümayəndəsi) Kresentlə elmi disput aparmışdır. Mövqeyi hakimiyyət dairələrinin xoşuna gəlmədiyindən, altı tələbəsilə birlikdə yaxalanmış və edam edilmişdir. Xristian kisəsi tərəfindən müqəddəs elan olunmuşdur.

Yaradıcılığı

Xristianlığın ilk ilahiyyatçılarından olan Flavi Yustin, həm də dini məfhumları izah etmək üçün antik dövr fəlsəfəsindən yararlanan ilk alimdir. Onun əsərləri xristian mərasimlərinin ilk dövrlərdə icrasına və kilsənin həmin vaxtlar göstərdiyi fəaliyyətə dair məlumatları daşıyan qiymətli mənbə hesab edilir. Mütəfəkkirin bütün əsərləri dövrümüzədək gəlib çatmasa da, əldə olanları diqqətlə öyrənilmiş və klassik xristian ilahiyyatının qaynaqları arasında layiqli yer tutmuşdur.

Yustin yaradıcılığının mühüm hissəsi insanın varlığının fəlsəfi izahına həsr edilmişdir. Onun fikrincə, insan düşüncəli canlıdır: " məgər insan ruh və bədəndən ibarət düşüncəli heyvan deyildirmi? Sadəcə, ruha insan demək olarmı? Xeyr, o, insanın ruhudur. Bəs bədəni insan saymaq olarmı? Yenə də xeyr, o, insanın bədənidir. Əgər bunların hər biri ayrı-ayrılıqda insan deyilsə, deməli ancaq onların bir-biri ilə birləşməsini insan adlandırmaq olar, Tanrı isə insanı həyata və dirçəlməyə çağırır –Ruh və bədəni ayrı-ayrılıqda deyil birlikdə çağırır".

Ruha dair düçüncələri

Filosofun ruhla bağlı düşüncələri də maraqlıdır. O, ruhun ilahi və ölməz, həmçinin Yüksək Ağılın parçası olduğunu bildirmişdir. Lakin onun mahiyyəti tam dərk edilmir. Bəzən o, ilahi mənşəyə sahib düşünmə gücü olan ağıl, bəzən isə digər canlılardan heç nə ilə fərqlənməyən nəsnədir. Yustin əsərlərinin birində belə yazmışdır: "Doğurdanmı, bütün canlıların ruhu Tanrını dərk edir? Bəlkə insanın ruhu bir, at və uzunqulağın ruhları isə digər cinsdəndir? Mən cavab verərdim ki, xeyr, onlar eynidirlər".

O, ruhların Tanrı tərəfindən yaradıldığı, yaxud Platon tərəfdarlarının dediyi kimi, başlanğıcı və sonu olmayan varlıq olduğu barədə düşüncələrə də öz münasibətini bildirmişdir: "Ruh ya özü həyatdır, ya da həyatı qəbul edəndir. Əgər o həyatdırsa, onda özünü deyil, başqasını canlandırır. Onun yaşamasını isə hamı qəbul edir. Əgər yaşayırsa, həyat olduğuna görə deyil, həyata aidiyyatı olduğuna görə mövcuddur. Ruh Tanrının istəyinə görə yaşayır, deməli Tanrının istəyi olarsa yaşamaya da bilər. İnsan öldüyü zaman ruh bədəndən ayrılır. Ruh da bunun kimidir, onun sona çatması üçün həyat qüvvəsi ondan alınır və bununla da ruhun mövcudluğu başa çatır" .


Burada Yustin ruhun ölməzliyini inkar etmiş kimi görünür. Lakin başqa yazılarında o, ruhların yaxşı və pis olmaq üzrə iki yerə bölündüyünü, yaxşı ruhların gözəl məkanda, pis ruhların isə zülmət içərisində qiyamət mühakiməsini gözləyəcəyini bildirmişdir. Filosofun bəzi əsərlərində ruhlara əzab veriləcəyindən bəhs edilmiş, digərlərində isə, bunun baş verməyəcəyindən danışılmışdır. O, İsa Məsihin dünyaya qayıdışından sonra ölülərin diriləcəyini və günahkarların mühakimə olunacağını demişdir. Onun fikrincə, ölülər hissiyyat bacarıqlarını itirmirlər: "Ölüm hissizlik halı olsaydı, bu ən çox zülmkarlara sərf edərdi. Ruhlar öldükdən sonra da hissiyyatlarını mühafizə edirlər".

Tanrıya dair düşüncələri

Yustinin Tanrının mahiyyətinə dair açıqlamaları da maraqlıdır. Onun fikrincə, Tanrı son dərəcə gizli, başlanğıcı və sonu olmayan varlıqdır. O, - üstündür. Tanrını adlandırmaq tələb olunarsa, ona ən uyğun gələn ad "Ata" olmalıdır. Tanrının insanlarla olan əlaqəsini Loqos (Kəlam) təşkil edir. Dünyanın yaradılışınadək, bu Söz Atanın daxilində ifadə edilməmiş şəkildə mövcud idi. Dünyanın yaranmasından sonra isə İsa Məsih olaraq insanlar arasında nazil oldu.


Tarix: 08.03.2013 / 15:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 501 Bölmə: Kilseler
loading...