Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərbiyyə: özümüzdən başlayaq

PİS VƏRDİŞLƏRİNİZİN ÜZƏRİNDƏ İŞLƏYİN, TƏNBƏLLİYİ ÖZÜNÜZDƏN KƏNARLAŞDIRIN, HƏR YENİ GÜNƏ SEVİNMƏYİ BACARIN.

Heç düşünmüsünüzmü, övladınız sizi güzgü kimi özündə əks etdirir. Övladınızın küsəyənliyi ya inadkarlığı, zəhlənizi tökən ağlağanlığı sizin öz surətinizdir. Axı, ot öz kökü üstə bitər. Bu faktları nəzərə alıb uşağın pis vərdişlərilə mübarizə aparmaq olar. Amma daha yaxşı olmazmı ki, siz özünüzü tərbiyə edəsiniz və canlı güzgüdə göz oxşayan mənzərə açılsın? Gəlin, başlayaq.

NİTQİNİZƏ FİKİR VERİN.

Bəzən uşaqlar senzuradan kənar sözlərdən istifadə edirlər. Və əgər bu sözlər hansısa qohumunuzun yanında deyilirsə, xəcalətdən yerə girməyə belə hazırsınız. Normativ olmayan leksikadan nə özünüz istifadə edin, nə də övladınızın ətrafındakılara icazə verin. Uşaqla kobudluğa yol verməyin. Xəyalən özünüzü onun yerinə qoyun. Sizcə, “Mən kimə dedim: tez ol, televizoru söndür, yemək vaxtıdır” - kimi acıqlı kəlmələr kimə xoş gələr? Yerli – yersiz qışqırıqlar ünsiyyətə istilik qatmaz. Körpə ilə hakim tonda danışmayın, siz ordu zabiti yox, anasınız.

Mədəni və nəzakətli, özünə və başqalarına hörmət edən uşaq böyütmək üçün ona hər fürsətdə “sehrli sözlər” demək lazımdır. Məsələn, uşağa nəsə iş buyuran zaman ona mütləq “ zəhmət olmasa” kəlməsilə müraciət edin. Xahişinizi yerinə yetirdikdən sonra isə “çox sağ ol, mənə çox kömək etdin” kimi sözlərlə öz təşəkkürünüzü bildirin. Qonşularla salamlaşın, ictimai yerlərdə nəzakətli olun. Ədəbsizin birinə rast gəlsəniz belə, özünüzdən çıxmayın, övladınız sizi bu vəziyyətdə görməməlidir.

Hər bir vəziyyətdə özünüzü ələ almağı bacarın. Uşağın yanında qeybət etməyin. Əks halda, qaynananız onun haqqında nə danışdığınızdan xəbərdar olacaq.

DÜZGÜN QİDALANIN.

Ailədə körpənin peyda olması sağlam qidaya keçmək üçün əsl bəhanədir. Əgər uşağınızın vaxtından qabaq ucuz ərzaqlarla ( keyfiyyətsiz şirniyyat, çipslər, tez bişən şorba və əriştələr və s.) maraqlanmasını istəmirsinizsə, onlardan daha istifadə etməyin. Çünki özünüz yediyiniz çipsdən körpəyə verməsəniz, o, inciyəcək. “Nə üçün çipsi böyüklər yeyə bilər, balacalara isə olmaz “ - sualının cavabı isə yalansız ötüşməyəcək. Yuxarıda qeyd etdiyimiz kimi, uşaqlarınız sizin güzgünüzdür və ən etibarlı insanlardan yalan eşitmək onu da yalançı edə bilər. Məsələn, hansısa şübhəli desertin reklamını görüb ondan dadmaq istəyən körpəyə sadəcə “Biz bunu yemirik”, deyin. Və qoyduğunuz qadağalarda israrlı olun. Əgər qonaq otağında televizorun qabağında yemək yeməyi xoşlayırsınızsa, körpəyə də icazə verməlisiniz.
Ola bilsin ki, süfrəni gözəl bəzəmək və süfrə etiketinə riayət etmək adətkarı deyilsiniz. Amma uşağın xətrinə bunu etməlisiniz. Həm övladınız yemək etiketini öyrənər, həm də siz süfrə ləvazimatları ilə “əməliyyat” etməyi təkrarlayarsınız.
Ümumiyyətlə, ailəliklə masa arxasında əyləşmək, nəinki insana zövq verir, eləcə də ailəni vahid orqanizm halına salır.

ÖZÜNÜZÜ FORMADA SAXLAYIN.

Hesab edilir ki, yeni doğulmuş körpə üçün ananın görünüşünün heç bir əhəmiyyəti yoxdur. Körpə üçün doğrudan da sizin sellülitinizin, qırışlarınızın olub – olmaması fərqi yoxdur. Əsas, incə rəftar, istilik, mehriban sözlər və qayğıdır. Amma müəyyən vaxtdan sonra uşağı zahiri gözəllik barədə suallar maraqlandıracaq. Kim nə deyir desin, baxımlılıq pul və zaman məhdudiyyətindən deyil, istək və adətdən asılıdır.
Qız övladı üçün ananln zahiri görünüşünün baxımlı olması gələcəkdə onun da ən gözəl və ən cazibədar olmasına zəmin yaradacaq. Oğlan uşağı üçünsə, ananın obrazı gələcəkdə seçəcək ideal həyat yoldaşı obrazı ilə bağlıdır.
Özünüzü həmişə formada saxlayın ki, körpəniz fəxrlə desin: “Mənim anam hamıdan gözəldir!”
Əgər siqaret çəkirsinizsə, körpənizin ağzında karandaş, əlində alışqan görüb təəccüblənməyin. Çünki uşağın gözündə anasının etdiyi hər bir şey düzgündür.

TƏNBƏLLİK ETMƏYİN.

Çalışın, körpə ev işlərində fəal iştirak etsin. Bununla siz ona böyük xidmət göstərmiş olarsınız. Təmizliyə riayətin əsası 3 yaşadək qoyulmalıdır. Bu vaxtdan istifadə edin, təxəyyülünüzü işə salın ki, körpə səliqə - sahman yaratmaqdan həm də zövq alsın.
Lap erkən yaşlardan körpə öz hərəkətlərində dəqiq olmağı anlamalıdır. Bunun üçün də, heç vaxt edə bilməyəcəyiniz şey barədə söz verməyin. Və əgər hansısa səbəbdən verdiyiniz sözə əməl edə bilmirsinizsə, uşaqdan üzr istəyin, ona hansı səbəblərdən belə olduğunu başa salın.

ÖZ ÜZƏRİNİZDƏ İŞLƏYİN.

Bilirsiniz forumlarda müzakirə olunan qaynar mövzu hansıdır? Necə edək ki, övladımızı ağıllı, bacarıqlı, geniş bilik sahibi kimi yetişdirək? Bunu məqsəd tutan analar uşaqlarını müxtəlif dərnəklərə yazdırıb, özləri isə heç nə ilə maraqlanmamaqla böyük səhvə yol vermiş olurlar. Övladınızı hərtərəfli yetişdirmık istəyirsinizsə, özünüz müasir aləmdən xəbərdar olmalısınız. Dünyanı özünüz üçün dar çərçivəyə salmayın. Qoy özünüzün dünyəvi maraqlarınız olsun ki, vaxt yetişdikcə övladınızı da onlarla tanış edə biləsiniz.

MÜSBƏT ENERJİLİ OLUN.

Uşağın iniltisi və şıltaqlığı sizi qıcıqlandırır? Körpəni sakitləşdirmək qeyri – mümkündür? Tez – tez həyatınızdan şikayət edir və qaşqabaqlı gəzirsiniz? Yadınızda qalsın: OPTİMİST İNSANLAR HƏYATDA DAHA ASAN YAŞAYIRLAR.
Hər bir insanın həyatında çətin zamanlar olur. Bundan heç kim sığortalanmayıb. Belə anlarda güzgüyə yaxınlaşın və özünüzə deyin: “ Mən xoşbəxtəm! Hazırki çətinliklər müvəqqəti olan şeylərdir. Sabah mütləq bəxtim gətirəcək”. İnanın ki, ürəklə dedikləriniz doğrudan da reallaşacaq.


Tarix: 03.01.2015 / 12:06 Müəllif: Aziza Baxılıb: 196 Bölmə: Körpəyə qulluq
loading...