Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlik əleyhinə vasitələr (kontrasepsiya)

Hamiləliyin qarşısının alınmasında real yol kontrasepsiyadır. Kontrasepsiya metodları çox qədim dövrlərdən məlumdur.

Hər bir kontraseptiv vasitənin effektivliyi onun dəqiq və ardıcıllıqla istifadə edilməsindən asılıdır. Əgər 100 seksual aktiv qadın kontraseptiv vasitələrdən istifadə etməzsə, onlardan il ərzində 80-90-ı hamilə olacaqdır.

Kontrasepsiya metodları:
• Hormonal həblər;
• • kombinə olunmuş
• • Mini-pili
• Baryer vasitələr və spermisidlər;
• • Prezervativ (kondom)
• Hamiləlik əleyhinə uzun müddətli təsirə malik olan hormonal preparatlar
• Uşaqlıqdaxili vasitələr (spirallar)
• Təxirəsalınmaz kontrasepsiya
• Kontrasepsiyanın cərrahi metodları
• Təbii kontrasepsiya

Hormonal həblər
Hormonal həblər ən effektiv vasitə hesab olunur. Onların tərkibində az miqdarda hormon vardır. Bu həblərin 2 növü vardır: kombinəolunmuş və hestagen (Mini-Pili).

Kombinə olunmuş həblər
Kombinəolunmuş həblər 2 hormondan – estrogen və progesterondan ibarətdir. Bu hormonlar yumurtalıqların ifraz etdiyi təbii hormonlara yaxındır. Müxtəlif kombinəolunmuş həblər istifadə edilir. Kombinəolunmuş həblərin təsir prinsipi ovulyasiya prosesinin qarşısını almaqdır. Bundan başqa bu hormonlar:
• Uşaqlıq boynunda olan seliyi qatılaşdırır ki, bununla da spermatozoidlərin uşaqlığa daxil olmasını çətinləşdirir;
• Endometrinin atrofiyasına səbəb olur və bunun nəticəsində mayalanmış yumurta hüceyrəsinin uşaqlığın divarına yapışması demək olar ki, baş tutmur.

Kombinəolunmuş həblərin üstünlükləri:

• Onların qəbul edilməsi cinsi əlaqə ilə bağlı deyildir;
• Menstrual tsikli nizamlayır, ifrazatların miqdarını və aybaşı zamanı ağrıları azaldır;
• Predmenstrual simptomları yüngülləşdirə bilir;
• Uşaqlığın, yumurtalıqların, düz bağırsağın xərçənginin riskini azaldır;
• Kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin qarşısını alır;
• Uşaqlıqdankənar hamiləlik riskini azaldır;
• Fibroz törəmələrin, yumurtalıqların kistasının, döş vəzilərinin xoşxassəli xəstəliklərinin əmələ gəlmə riskini azaldır;

Bu həblərin ən vacib üstünlüklərindən biri də onların qəbul edilməsi dayandırıldıqdan sonra qısa müddətdə reproduktiv funksiyanın bərpa olunmasıdır. Mərkəzi nizamlanma mexanizmi və yumurtalıqların funksiyaları 2-6 ay ərzində 90% hallarda bərpa olunur. 2% hallarda amenoreya ola bilər.

Kombinəolunmuş həblərin çatmamazlıqları:

• Baş ağrıları;
• Ürək bulanma;
• Döş vəzilərinin gərginliyi və yüksək həssaslığı;
• Əhval-ruhiyyənin dəyişməsi;
• Aybaşılar arası dövrdə az miqdarda qanın ifrazı;
• Qan təzyiqinin yüksəlməsi.

Bu kənar hallar preparatların qəbul edilməsinin ilk aylarında özünü büruzə verir, bəzi hallarda onlar daha ciddi xarakter ala bilər. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. O, sizə daha uyğun metod seçməkdə kömək edər.
Yadda saxlayın ki, bu preparatlar sizi cinsi yolla ötürülən infeksiyalardan qoruya bilməz. Əgər sizdə yoluxma riski yaranarsa, həmçinin kondomdan da istifadə edin.

Həblərin qəbul edilməsinə dair məsləhətlər:

• Həbləri aybaşının 5-ci günündən hər gün, cəmi 21 gün qəbul etmək lazımdır;
• Həbləri axşam həmişə eyni vaxtda yeməkdən sonra qəbul etmək lazımdır;
• Həbləri həkimin təyinatından sonra qəbul etmək lazımdır;
• Həkimlə məsləhətləşmədən həblərin qəbulunu dayandırmaq olmaz.

Mini-Pili həbləri
Mini-Pili ancaq 1 növ hormon-progesterondan ibarətdir. Kombinəolunmuş həblərdən fərqli olaraq bunlarda estrogen yoxdur və ona görə də laktasiya dövründə də qəbul edilə bilər. Mini-Pili həbləri südün əmələ gəlməsinə mane olmur. Bu həblərdə progesteron minimal miqdardadır.
Progesteron həblərinin kontraseptiv üstünlükləri:
• Yüksək effektivlik (hər gün qəbul edildiyi birinci ildə hər 100 qadına – 0,5-8 hamiləlik hadisəsi);
• Qəbul edildiyi ilk günlərdən effektivlik;
• Asan qəbul edilir;
• Təsiri geri dönən metoddur, qəbulun dayandırılmasından sonra 12-24 saat müddətində reproduktiv funksiya bərpa olunur;
• Qəbul etmə cinsi əlaqə ilə bağlı deyildir;
• Tərkibində estrogen yoxdur;
• Kənar hallar çox güclü deyildir;
• Qadın həblərin qəbulunu özü dayandıra bilər;
• Bu həblərin qəbul edilməsi təklifini orta tibb işçiləri də verə bilər.

Mini-Pili həblərinin qeyri-kontraseptiv üstünlükləri:
• Uşaqlıqdan kənar hamiləlik riskini azaldır;
• Kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin inkişafı riskini azaldır;
• Dismenoreya (ağrılı aybaşı) simptomlarının azalmasına və aradan qalxmasına kömək edir;
• Anemiya riskini azaldır;
• Menstrual ifrazatların miqdarını azaldır;
• Endometridə və yumurtalıqlarda xərçəng xəstəliklərinin inkişafı riskini azaldır;
• Döş vəzilərinin xoşxassəli xəstəliklərinin riskini azaldır;

Diafraqmalar və örtüklər
Diafraqmalar və örtüklər kontrasepsiyanın baryer metodları sayılır. Onlar uşaqlıq yoluna yerləşdirilir və uşaqlıq boynunu (uşaqlığa girişi) bağlayır. Baryer kontraseptivlər müxtəlif formada və ölçüdə olur.
Vaginal diafraqmalar əsasən dairəvi formada olur və nazik, yumşaq lateksdən (rezindən) və ya silikondan hazırlanır.
Örtüklərin də ölçüləri kiçikdir və onlar da lateks və ya silikondan hazırlanır.
Lateksdən hazırlanan diafraqmalar yastı, üzükvari və yayvari, silikondan hazırlananlar isə həlqəvari və yayvari olur. Bütün bunlar müxtəlif ölçülərdə təqdim edilir.
Üç növ lateks və bir növ silikon (FemCap) kolpaklar mövcuddur. Onlar müxtəlif ölçülü olur. Müayinə vaxtı həkim və ya tibb bacısı sizə daha uyğun variant seçə bilər.
Diafraqma və kolpakların daha effektiv olması üçün onları spermisidlərlə birlikdə istifadə etmək lazımdır. Spermisidlər – kimyəvi maddə olub spermanı inaktivləşdirir.

Diafraqma və örtüklərin üstünlükləri:
• Onlar ancaq cinsi əlaqə zamanı istifadə edilir;
• Sağlamlıq üçün heç bir ciddi riski yoxdur;
• Kontrasepsiyaya nəzarət etmək asandır;
• Seçim vardır;
• Onlardan cinsi əlaqədən əvvəl hər zaman istifadə edə bilərsiniz;
• Onlar müəyyən qədər uşaqlıq boynunun xərçəngindən və CYÖİ-dən qoruya bilər.

Diafraqma və örtüklərin çatmamazlıqları:
• Onlardan istifadə edildikdə cinsi əlaqə dayandırılmalıdır;
• Onların bəziləri spermisidlərə uyğun gəlmir;
• Onlardan istifadə etməyi öyrənmək üçün müəyyən vaxt tələb olunur;
• Onlardan istifadə etdikdə bəzi qadınları sistit simptomları narahat edir. Burada nisbətən kiçik ölçülü diafraqma problemi yüngülləşdirmiş olur;
• Bəzi insanlar kimyəvi maddələrdən olan lateks və spermisidlərə çox həssasdırlar. Onlar dərini və selikli qişaları qıcıqlandıra bilər.

Prezervativlər (kondomlar)
İngilis alimi Kondom arzuolunmaz hamiləliyin qarşısını almaq üçün xüsusi “kisəciklərdən” istifadə etməyi təklif etmişdir. Hal-hazırda prezervativlər dünyada ən çox istifadə edilən kontraseptiv vasitələrdən sayılır.
Kişi və qadın prezervativləri baryer konraseptivlərindən sayılır. Onlar spermatozoidlərin uşaqlığa keçməsinin qarşısını alır. Kişi prezervativləri çox nazik lateksdən (rezindən) və yaxud poliuretandan (plastik) hazırlanır. Qadın kondomları ən nazik poliuretandan hazırlanır və uşaqlıq yoluna yerləşdirilir.

Kondomların üstünlükləri:

• Ancaq cinsi əlaqə zamanı istifadə edilir;
• Partnyorları cinsi infeksiyalar, insan immunçatışmazlıq virusu (İİV), qazanılmış immun çatışmazlıq sindromu (QİÇS), virus hepatitlərindən qoruyur;
• Praktiki olaraq kənar əlamətlərə malik deyil və fəsadlar törətmir;
• İstifadəsi çox sadədir və maliyyə cəhətdən sərfəlidir.

Kondomların çatmamazlıqları:

• Cinsi əlaqə vaxtı istifadə edilməsi;
• Kişi kondomu sürüşüb çıxa və ya cırıla bilər. Müayinələr göstərmişdir ki, poliuretan kondomları lateksə nisbətən tez cırılır;
• Az hallarda da olsa, bəzi insanlar lateks kondomlarına kimyəvi maddədən hazırlandığına görə həssasdırlar;
• Cinsi əlaqə qurtardıqda kişilər kondomla çox ehtiyatlı olmalıdırlar ki, sperma uşaqlıq yoluna, kənara tökülməsin;
• Qadınlar da kondomdan istifadə etdikdə çox ehtiyatlı olmalıdırlar ki, kondomun açıq tərəfi uşaqlıq yolundan xaricdə olsun.

Kondomdan effektiv istifadə etmək üçün aşağıdakı qaydalara riayət edilməlidir:
o Kondom qaranlıq və sərin yerdə saxlanılmalıdır. İstifadə etməkdən əvvəl paketin tamlığına fikir vermək lazımdır:
o Paketi iti əşyalarla açmayın;
o Yararlılıq müddəti bitmiş kondomdan istifadə etməyin;
o Kondomu ancaq bir dəfə istifadə etmək olar;
o Kondomu uzun müddət cibdə və balışın altında saxlamaq olmaz, ona görə ki, isti lateksi zədələyə bilər;
o Prezervativin istifadəsi zamanı vazelin və digər yağlı maddələr onun tamlığını poza bilər;
o Kondomların spermisidlərlə birlikdə istifadəsi məqsədəuyğundur. Bu sizi arzuolunmaz hamiləlikdən (kondom zədələnərsə) qoruyur və metodun effektivliyini 95-98%-ə çatdırır.

Hamiləlik əleyhinə uzun müddətli təsirə malik olan hormonal preparatlar

Progestin inyeksion kontraseptivlər (PİK)
Əgər sizə hər gün həb qəbul etmək çətindirsə və yaxın gələcəkdə hamiləliyi planlaşdırmırsınızsa, inyeksion vasitələrdən istifadə edin. Onlar yüksək effektivdir və 2-3 aydan bir vurulur.

Progesteron inyeksion kontraseptivlərin üstünlükləri:
o Yüksək effektivlik;
o Uzun müddətli təsir (2-3 ay);
o Cinsi akt ilə heç bir əlaqəsi yoxdur;
o Ən təsirli konfidensial (məxfi) metodlardan biridir;
o Asan həyata keçirilən metoddur;
o Həb kimi hər günün qayğısı yoxdur;
o Təsiri geri qayıdan metoddur (reproduktiv funksiya 4-9 aydan sonra bərpa olunur);
o Tərkibində estrogenlər yoxdur;
o Əgər qadın laktasion amenoreya metodundan istifadə etmirsə, onlara laktasiya (döşlə əmizdirmə) vaxtı (doğuşdan 6 həftə sonra) daha uyğundur.

Progesteron inyeksion kontraseptivlərin çatmamazlıqları:
o Menstrual tsiklin xarakteri dəyişir;
o Preparatın inyeksiyası üçün 2-3 aydan bir həkimə müraciət etmək lazımdır;
o Bədən çəkisinin artması, xüsusən depo-provera preparatının qəbulundan sonra (orta hesabla ildə 2-4 kq) müşahidə edilir;
o Reproduktiv funksiyanın bərpası (depo-provera preparatının qəbulundan 5,5 ay sonra) nisbətən gec baş verir;
o Uşaqlıq yolundan güclü qanaxma (hər 1000 hadisədə 1-dən az, xüsusən depo-provera preparatının qəbulundan sonra) ola bilər;
o Bir sıra infeksiyalardan, həmçinin İİV/QİÇS-dən qoruya bilmir.


Kontraseptiv implantasiya

Uzunmüddətli kontrasepsiyaya ehtiyacı olan, uşaqlıqdaxili vasitələr əks göstəriş olan qadınlar kontraseptiv implantasiyadan istifadə edə bilər.
İmplantat kiçik yumşaq kapsula bənzəyir və aybaşının təyin olunmuş günü çiyin nahiyəsində dəri altına yerləşdirilir. O progesterona oxşar hormon ifraz edir. Implantat 3-5 il fəaliyyət göstərir. İmplantatın təsir mexanizmi:
• Ovulyasiyanın qarşısını alır;
• Uşaqlıq boynunun seliyini qatılaşdırır və bununla spermatozoidlərin hərəkətini zəiflədir;
• Endometridə atrofik dəyişikliklər törədir, bu da mayalanmış yumurta hüceyrəsinin uşaqlığın divarına yapışmasına mane olur.

İmplantatı ancaq xüsusi təlim keçmiş həkim və ya tibb bacısı yerləşdirə bilər.
Kontraseptiv implantatın üstünlükləri:

• İmplantatin təsir müddəti 3-5 ildir;
• Cinsi əlaqəyə mane olmur;
• Döşlə əmizdirmə zamanı da ondan istifadə etmək olar;
• Əgər sizə kombinəolunmuş həblərin tərkibinə daxil olan estrogen əks göstərişdirsə, onda implantatdan istifadə edə bilərsiniz;
• Reproduktiv funksiya implantat xaric edildikdən sonra dərhal bərpa olunur;
• Qadınları müəyyən qədər kiçik çanaq orqanlarının iltihabi proseslərindən qoruyur;
• Uşaqlığın xərçəngi riskini azaldır;
• Aybaşı zamanı qanaxmanın və ağrıların intensivliyini azaldır;
• Bu metoddan abortdan dərhal sonra da istifadə etmək olar.

Kontraseptiv implantatın çatışmamazlıqları:

• Menstrual tsiklin pozulması;
• Kənar hallar – akne və baş ağrıları;
• Bəzi qadınlarda döş vəzilərinin yüksək həssaslığı, qarının köpməsi, əhvalın pozulması, seksual aktivlikdə dəyişikliklər, baş ağrıları müşahidə edilir;
• Enzimləri stimulyasiya edən preparatlar qəbul edən qadınlar üçün əks göstərişdir;
• İmplantatın dərialtına yerləşdirilməsi və çıxarılması üçün kiçik tibbi əməliyyat aparılmalıdır;
• Implantat CYÖİ-dən qoruya bilmir, bunun üçün kondomdan istifadə edilməlidir.

Kontraseptiv plastır
Kontraseptiv plastır – kiçik, nazik lövhəcikdən ibarətdir (5x5 sm). O dəri üzərinə yapışdırılır və 2 hormon (estrogen və progesteron) ifraz etməyə başlayır. Plastır həmin hormonların sutkalıq dozasını ifraz edir, sonra onlar dəridən qana keçir. Bunun təsir mexanizmi kombinəolunmuş həblər kimidir. Onun əsas prinsipi ovulyasiyanın qarşısını almaqdır. Bundan əlavə:
• Uşaqlıq boynunun seliyini qatılaşdırır və bununla spermatozoidlərin hərəkətini zəiflədir;
• Endometrinin atrofiyasına səbəb olur ki, bu da mayalanmış yumurta hüceyrəsinin uşaqlığın divarına yapışmasına mane olur.

Kontraseptiv plastırın üstünlükləri:

• Onun haqqında hər gün fikirləşmək lazım deyildir. Yadda saxlamaq lazımdır ki, onu həftədə bir dəfə dəyişmək lazımdır;
• İstifadə edilməsi asandır, cinsi aktla əlaqəsi yoxdur;
• Kombinəolunmuş həblər kimi aybaşını tənzimləyir, onun ağrısını və ifrazatını azaldır;
• Premenstrual simptomları yüngülləşdirir;
• Yumurtalıqların, uşaqlığın və düz bağırsağın xərçəngi riskini azaldır;
• Kiçik çanaq orqanlarının fibroz, sistoz, döş vəzilərinin xoşxassəli xəstəliklərinin inkişafı riskini azaldır.

Kontraseptiv plastırın çatmamazlıqları:

• Kontraseptiv plastır görünür;
• Bəzi qadınlarda o dərinin qıcıqlanmasına səbəb olur;
• CYÖİ-nin qarşısını almır, bunun üçün kondomdan istifadə edilməlidir;
• Qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər;
• Birinci mərhələdə baş ağrıları, ürəkbulanma, döş vəzilərinin həssaslığının artması, əhvalın dəyişməsi kimi kənar hallar ola bilər ki, bunlar da bir neçə aydan sonra aradan qalxır;
• Qəflətən uşaqliq yolundan orta miqdarda qanaxma qeyd oluna bilər, lakin plastır düzgün istifadə edilərsə, bu təhlükə yaranmır.

Uşaqlıqdaxili vasitələr (spirallar)

Təsiri geri dönən hamiləlik əleyhinə uzunmüddətli vasitədir. Uşaqlıq daxilinə yerləşdirilən spiral spermatozoidlərin hərəkətini zəiflədir və bununla da mayalanma prosesini pozur.

Uşaqlıqdaxili vasitələrin üstünlükləri:
o Yüksək effektivlik;
o Ani effektivlik;
o Əksər qadınlar üçün təhlükəsizdir (CYÖİ, İİV/QİÇS ilə yoluxma riski olmayan qadınlar üçün);
o Təsiri geri dönəndir və iqtisadi cəhətdən sərfəlidir;
o Doğuşdan sonrakı və laktasiya dövründə olan qadınlar üçün təhlükəsizdir;
o Kombinəolunmuş oral kontraseptivləri ehtiyatla qəbul edən yaşlı qadınlar üçün də təhlükəsizdir;
o Uzun müddət (2-12 il) istifadə edilə bilər;
o Həkimə müraciət: daxil etmək üçün, daxil edildikdən 3-6 həftə sonra yoxlanış üçün, sonradan minimal müşahidə (əgər hər hansı problem yoxdursa);
o Cinsi akt zamanı əlavə vasitələrə ehtiyac yoxdur və bu da intim təmasa şərait yaradır və fertilliyə nəzarət etməyə imkan verır.

Uşaqlıqdaxili vasitələrin çatmamazlıqları:

o CYÖİ, İİV/QİÇS-dən qoruya bilmir;
o İnfeksiyalara qarşı profilaktika tədbirləri aparılmamışdırsa, spiral yerləşdirilən zaman yoluxma ola bilər;
o Spiral yerləşdiriləndə ağrı və qanaxma ola bilər;
o Spiralın düşməsi də mümkündür;
o Çox nadir hallarda (1000 haldan 1-də) uşaqlığın deşilməsi də ola bilər;
o Birinci 3 ayda qeyd oluna bilər: güclü qanaxma ilə müşayiət edilən uzunmüddətli menstruasiya, ağrıların artması, qanlı ifrazat (bəzi hallarda bu hallar 3 aydan artıq müddətdə də qeyd edilə bilər). O, yumurtalıqları, uşaqlıq boynunu, endometrini xərçəng xəstəliyindən qoruya bilmir;
o Ağır fəsadlar zamanı mütləq yüksək səviyyədə tibbi kömək göstərilməlidir.

Təxirəsalınmaz kontrasepsiya
Əgər planlaşdırılmamış cinsi əlaqədə olmusunuzsa, siz təxirəsalınmaz kontrasepsiyadan istifadə edə bilərsiniz. Təxirəsalınmaz kontrasepsiyanın 2 metodu vardır:

• Hormonal təxirəsalınmaz kontrasepsiya (təxirəsalınmaz kontraseptiv həb);
• Mis tərkibli uşaqlıqdaxili vasitə - ən etibarlı vasitə.

Tez hərəkət etsəniz, təxirəsalınmaz kontrasepsiya hamiləliyin qarşısını ala bilər.

I metod – hormonal təxirəsalınmaz kontrasepsiya

Təxirəsalınmaz kontraseptiv həblərə progesteron daxildir. Onların təsir mexanizmi-ovulyasiyanın qarşısının alınmasıdır. Bu metod çox effektivdir, cinsi aktdan sonra nə qədər tez həyata keçirilsə, o qədər effektiv ola bilər. Bununla belə təxirəsalınmaz kontrasepsiya kontrasepsiyanın digər metodları kimi effektiv sayılmır və sizi CYÖİ-dən qoruya bilmir.

Metodun effektivliyi:
Cinsi əlaqədən sonra
• 24 saat müddətində istifadə edildikdə 95%-ə qədər
• 24-48 saat müddətində istifadə edildikdə 85%-ə qədər
• 49-72 saat müddətində istifadə edildikdə 58%-ə qədər

Təxirəsalınmaz kontraseptiv vasitələr 72 saatdan sonra istifadə edilərsə, onun effektivliyinin nə dərəcədə olacağı haqqında fikir yürütmək çətindir. Onu da bilmək lazımdır ki, təxirəsalınmaz kontraseptiv vasitələrdən vacib olduqda istifadə edilməlidir, çünki onlar menstrual tsiklin pozulmasına səbəb olur. Əgər siz müntəzəm olaraq cinsi əlaqədə olursunuzsa, onda kontrasepsiyanın digər metodlarından istifadə edin.

Kənar hallar:
• Təxirəsalınmaz kontraseptiv həblərin istifadə edilməsi hər hansı ciddi kənar hallar törətmir;
• Bəzi qadınlarda zəiflik, başgicəllənmə, yorğunluq, baş ağrıları, döş vəzilərinin həssaslığının artması, qarın nahiyəsində ağrılar ola bilər;
• Nadir hallarda qusma ola bilər;
• Aybaşı tsiklinin pozulması ola bilər.

II metod – Mis tərkibli uşaqlıqdaxili vasitə

Bu vasitələr misdən və plastikdən hazırlanır. Bu metod həm təxirəsalınmaz, həm də uzunmüddətli kontrasepsiya məqsədilə istifadə edilə bilər. Təxirəsalınmaz kontrasepsiya məqsədilə bu vasitə uşaqlıqda 5 günə qədər qalır. Əgər bu sizin axırıncı aybaşıdan sonra yeganə qorunmayan cinsi əlaqənizdirsə, uşaqlıqdaxili vasitə bu əlaqədən dən sonra menstrual tsiklin hər hansı günü yerləşdirilə bilər. Əgər axırıncı aybaşıdan sonra cinsi əlaqə bir dəfədən çox olmuşdursa, onda uşaqlıqdaxili vasitə yumurta hüceyrəsinin yaranması günündən sonra 5 gün ərzində uşaqlıqda qalmalıdır. Əgər uşaqlıqdaxili vasitəni təcili yerləşdirə bilmirsinizsə, onda təxirəsalınmaz kontraseptiv həb qəbul edilməlidir. Uşaqlıqdaxili vasitə təxirəsalınmaz kontrasepsiyanın ən etibarlı metodudur. Onun effektivliyi 99%-dir.

Kontrasepsiyanın cərrahi metodları
Bu metodun məğzi uşaqlıq borularının bağlanmasından ibarətdir ki, bu zaman yumurta hüceyrəsi ilə spermatozoidin birləşməsi baş tutmur. Uşaqlıq borularının bağlanması əməliyyatı qadının arzusu olduqda həyata keçirilir. Bu məqsədlə kişilərdə vazektomiya əməliyyatı aparılır. Bu metod menstrual tsiklə, endokrin funksiyaya, potensiyaya, zahiri görkəmə, hormonal statusa təsir etmir, lakin CYÖİ, İİV/QİÇS-dən qoruya bilmir. Bu metod müxtəlif səbəblərdən hamiləlik və doğuş məsləhət görülməyən və yaxud daha uşaq istəməyən insanlar üçün istifadə edilir. Metodun effektivliyi 100%-dir.


Təbii kontrasepsiya
Arzuolunmaz hamiləlikdən təbii yolla da qorunmaq olar. Bu metod hamiləliyə görə kritik günlərin təyin edilməsinə əsaslanır. Ailənin təbii planlaşdırılması orqanizmin müxtəlif təbii əlamətlərinə əsaslanaraq aparıla bilər. Məsələn:

• Bazal hərarətin ölçülməsi (düz bağırsaqdan səhər, yataqdan durmadan) və bu göstəricilərin menstrual tsiklin günləri ilə uyğun qeydiyyatı;
• Uşaqlıq boynu ifrazatlarına nəzarət;
• Menstrual tsiklin müddətinin hesablanması.

Yumurta hüceyrəsi cəmi 24 saat yaşayır. Hərdən yumurtalıqda bir yumurta hüceyrəsindən çox (24 saat ərzində birinci yumurta hüceyrəsindən sonra)yumurta hüceyrəsi əmələ gəlir, spermatozoid isə qadının orqanizmində 7 günə qədər yaşaya bilər. Bu onu göstərir ki, sizdə cinsi akt yumurta hüceyrəsinin yumurtalıqdan çıxmasından 7 gün əvvəl olmuşdursa, hamiləlik baş tuta bilər.

Təbii kontrasepsiyadan istifadə qaydaları:
• 6 ay ərzində aybaşının birinci günlərini qeyd etmək;
• 6 ay ərzində ən uzun və ən qısa menstrual tsikli təyin etmək;
• Birinci fertil günü təyin etmək üçün ən qısa menstrual tsiklin müddətindən 18 rəqəmini çıxmaq lazımdır.

Birinci fertil gün = ən qısa menstrual tsikl – 18

• Axırıncı fertil günü təyin etmək üçün isə ən uzun menstrual tsiklin müddətindən 11 rəqəmini çıxmaq lazımdır.

Axırıncı fertil gün = ən uzun menstrual tsikl – 11

• Fertil günlərdə cinsi əlaqədən çəkinmək lazımdır. Məs.: əgər 6 ay ərzində menstrual tsikl 28, 26, 29, 27, 29, 27 gün olmuşdursa, birinci fertil gün 26-18=8, axırıncı fertil gün isə 29-11=18 bərabər olacaqdır.
Beləliklə, fertil günlər (cinsi əlaqədən çəkinmək günləri) menstrual tsiklin 8-18 günləri arasındadır.

Ailənin təbii yolla planlaşdırılması metodunun üstünlükləri

• Sizin menstrual tsikl haqqında məlumat orqanizminiz haqqında çoxlu biliklər verə bilər ki, bunun da ailənin təbii yolla planlaşdırılmasında, hamiləliyin qarşısının alınmasında böyük köməyi var;
• Bu metod kimyəvi maddələrin istifadəsinə əsaslanmır;
• Sağlamlıq üçün risk yoxdur;
• Kənar hallar olmur;
• Uşaqlıq yolu ifrazatlarınin normal və ya patoloji olduğunu ayırqetməkdə kömək edə bilər;
• Fertillik dərhal bərpa olunur;
• Metod bütün dinlər və mədəniyyətlər üçün uyğundur.


Tarix: 26.11.2014 / 16:12 Müəllif: Aziza Baxılıb: 933 Bölmə: Ginekoloq Meslehetleri
loading...