beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toksikoz hamiləliyin tarixi

Qədim Yunanıstanda toksikoz keçirən qadınlara acıyaraq münasibət bəslənirdi. Qadın üçün rahatlıq və komfort yaradılırdı, o, ev işlərindən azad olunurdu. Təbiblər dəvət olunurdu və onlar pasiyentləri olan qadınlara özlərinin hazırladığı həlimlər və qarışıqlar verirdilər. Onların tərkibinə, adətən, kül və ovularaq toz halına salınmış heyvanların bədən hissələri daxil olurdu. Qədim yunanların fikrincə, bu qarışıqlar dölün kişi kökünü möhkəmləndirir və ona qüvvət verirdi. Hesab olunurdu ki, toksikozlar yalnız oğlana hamilə qalarkən baş verir. Yunanlar elə güman edirdi ki, problemli hamiləlikdən sonra doğulan uşaqlar enerji və güclü xasiyyət ilə fərqlənirlər. Onlardan yaxşı döyüşçü, natiq və dövlət xadimləri alınacağına ümid bəslənirdi.
Qədim Romada hər şey tərsinə baş verirdi. Əbədi şəhər zəif uşaqlara qarşı amansız idi. Uşaq çox kiçik və arıq doğulurdusa, hətta onu məhv edə bilərdilər. Hamiləliyi pis keçirən qadınlara hörmət bəslənilmirdi, çünki o, məntiqə görə, dünyaya zəif övlad gətirirdi. Axı toksikoz iki kökün mübarizəsidir. Hər bir qarşıdurma isə, hətta ana bətnində olsa belə, gələcək döyüşçünü zəiflədir.
Ona görə də, dəfələrlə təkrar olunan toksikozlar boşanmaya da səbəb olurdu. Kişi hamiləliyin öhdəsindən problemsiz gələ bilən başqa qadınla evlənirdi.

Çin ulduz falı

Qədim Çində toksikozdan sonra doğulmuş uşaqlara tamamilə fərqli münasibət bəslənirdi. Hesab olunurdu ki, hamiləlik nə qədər problemli keçirsə, uşaq o qədər günahsızdır. O, yer üzünə gəlmək istəmir - axı həyat çətin və təhlükəlidir. Ona görə də, dünyaya gəlmək üçün körpəni dilə tuturdular. Hamilə qadın gözəl əşyalar ilə əhatə edilir, həzin musiqiyə qulaq asır və dadlı, məbəddə təqdis edilmiş qida qəbul edirdi. Həyatın gözəl və ahəngdar olmasını körpəyə sübut etməyə çalışırdılar. Müalicə üsulları da bu münasibətdən irəli gəlirdi. Onlar əsasən, dərman bitkilərinin həlim­lərindən ibarət olurdu. Bu bitki həlimlərinin dadlı olması da vacib şərt idi. Eyni zamanda, həlimlərin tərkibinə mütləq sidikqovucu təsirə malik olan komponentlər daxil idi ki, bu da toksikozun gedişini asanlaşdırırdı.

Taxta dərman

Afrikalı tayfalarda toksikozları çox maraqlı üsul ilə müalicə edirdilər. Orada gələcək analara tərkibinə kinə ağacı qabığı daxil olan qarışıqlar verilirdi. Məlumdur ki, kinə çox acı dada malikdir və bu səbəbdən hamilə qadınlara müalicə heç də asan başa gəlmirdi. Yalnız XX əsrdə bu müalicənin məqsədi aydın oldu: kinə malyariya törədicisini məhv edir. Məhz bu xəstəlik hamiləlik ilə bağlı olan problemlərin əsas səbəbi idi. Bundan başqa, kinə çoxlu miqdarda mikroelement, o cümlədən, kaliumun təchizatçısıdır. O, çox gərgin olan uşaqlıq əzələlərini boşaldır və hamiləliyin özbaşına pozulmasının qarşısını alır.

Sərt Avropa

Katolik kilsə toksikozlara qarşı birmənalı münasibət bəsləmirdi. Misal üçün, orta əsrlərdə hesab olunurdu ki, problemli hamiləlik qadına hər hansı bir qəbahətə görə verilmişdir.
Flandriyada din xadimləri, toksikozun xaç suyuna salınmış qadının və xaçlanmamış uşağın mübarizəsi olmasını iddia edirdi. Bütün problemlər - pis əhval-ruhiyyə, ürəkbulanma, yorğunluq - günahsız və günahlının qarşıdurması kimi yozulurdu.

Yataq rejimi

Sonralar hesab edilirdi ki, toksikozlar - ərköyün və zəif, yəni aristokrat qadınların qismətidir. Kəndli və kasıb şəhər qadınları hamiləlik zamanı heç bir problem ilə üzləşmirdi.
Zadəgan qadınlarda hər şey tərsinə baş verirdi. Ən xırda bir nasazlıq çoxlu şikayətlərə səbəb olurdu. Beləliklə, ilk dəfə olaraq, toksikozun əmələ gəlməsi gələcək ananın sağlamlıq durumu ilə əlaqələndirildi.
Zəngin qadınlara xüsusi rejim təyin edilməyə başlandı. Onlar hamiləliyin əvvəlindən yatağa uzanırdı. Gələcək ana sutkalarla pərqu döşəklərdə uzanırdı, hətta yeməyi də onlar üçün yatağa gətirirdilər. Nəticədə uşaqlar zəif, xəstə, kiçik bədən çəkisi ilə doğulurdu.

Alman gimnastikası

Vəziyyət yalnız XIX əsrin ortalarında dəyişməyə başlandı. O zamanlar fiziki işin təbliği başlandı. Onu müxtəlif xəstəliklərdən əziyyət çəkən qadınlara təyin edirdilər. Alman alimi Mixael Ştern hamilə qadınlara gimnastika etməyi məsləhət verəndə, bütün mədəni dünya sarsılmışdır. Lakin cəsur həkim "hamilələrin ürəkbulanması"nın bir neçə müalicə üsu­lunu misal gətirirdi. Onun nəzarəti altında xanımlar bu halların öhdəsindən xüsusi pəhriz, gimnastika və təmiz havada gəzintilər vasitəsi ilə gəlirdi. Eləcə də, su proseduraları və masaj tətbiq olunurdu. O zamanlar üçün nail olunmuş uğur çox böyük idi: demək olar ki, doktor Şternin bütün pasiyentləri tez bir vaxtda iştahalarını bərpa etdi və normal çəkili övlad dünyaya gətirdi. Bu, dünya tarixində ilk hadisə idi ki, toksikozlara ciddi yanaşıldı və onun xəstəxanada müalicəsinə başlanıldı.

Qeyri-düzgün toksikoz

XX əsrin 20-ci illərində toksikozlar haqqında yüksək tribunalardan danışmağa başladılar. Problemin elmi tədqiqatı başlandı.
Əvvəlcə onu anadangəlmə inkişaf pozuntuları ilə əlaqələndirdilər. Sonra infeksion nəzəriyyə peyda oldu.
60-cr illərdə toksikozları orqanizmin zəhərlənməsi ilə izah etməyə çalışırdılar. Guya, hamiləlik zamanı ananın sağlamlığına zərərli təsir göstərən toksiki maddələr ifraz olunur. Məhz o zamanlarda ilk dəfə olaraq "toksikoz" termini ortaya çıxdı.
80-ci illərdə alimlər bu terminin qeyri-korrekt olması haqqında danışmağa başladı. Onu "hestoz" termini ilə əvəz etdilər. Bu, immunoloji nəzəriyyə qəbul olunduqdan sonra baş verdi. O, bütün problemləri dölün ananın immun sistemini zəiflətməsi ilə izah edirdi. Bu, rəsmi təbabətin bu günə olan mövqeyidir. Bəs, sabah nə olacaq?


Tarix: 26.11.2014 / 15:47 Müəllif: Aziza Baxılıb: 184 Bölmə: Ginekoloq Meslehetleri