beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiyələk souslu benye

Benye - fritürdə qızardılmış ekler-ponçiklərdir. İçi boş, üstü isə xırt-xırtlı. Bunları hazırlayarkən nəzərə alın ki, bişirərkən həcmi 3-4 dəfə böyüyür.

Belə ponçikləri adətən süfrəyə portağal sedrası, yaxud darçınla qarışdırılmış şəkər pudrasına batıraraq verirlər. Çiyələkli sousla da çox dadlı olur.

Tərkibi (30-40 ədəd):

250 ml su
125 q kərə yağı
1/4 ç.q. duz
125 q un
1/2 ç.q. şəkər tozu
0,5 limonun sedrası
4 yumurta

fritür üçün bitki yağı

çiyələkli sous:
400 q çiyələk
200 q şəkər tozu
1 x.q. balzam sirkəsi

Çiyələk sousu:

Tavaya çiyələk və şəkər tozunu qoyub orta itilikli odda qarışdıraraq şəkər əriyincə bişirin. Balzam sirkəsi əlavə edib qarışdıraraq daha 10 dəqiqə bişirin. Ocaqdan götürün.
Qazana su tökün, duz, şəkər tozu, xırda doğranmış kərə yağı əlavə edin. Ocağın üstə qoyun, yağ əriyənədək bişirin.
Ocaqdan götürüb un əlavə edin.
Yenidən ocağın üstünə qoyub daim qarışdıraraq təxminən 2-3 dəqiqə, xəmir özü kündələnənədək, dibində nazik qazmaq əmələ gələnədək bişirin.
Qazanı ocaqdan götürüb xəmiri ləyənə qoyun. Bir-bir yumurta əlavə edib hər dəfə eynicinsli kütlə alınanadək çalın.
Əgər stasionar mikser istifadə edirsinizsə, ən aşağı sürətdə çalın (ancaq mikserdənsə çəngəl daha yaxşıdır). Xəmirin qatılığına nəzarət edin, o, çox duru olmamalıdır. Hətta son yumurtanı ayrıca çəngəllə çalıb hissə-hissə də əlavə edə bilərsiniz. Xəmir hamar və parıltılı alınmalıdır.
Bitki yağını dərin qazana töküb ocağa qoyun. Orta itilikli ocaqda qızdırın. Yağın yaxşı qızdığını öyrənmək üçün oraya taxta çöp (taxta qaşığın qulpunu) salın, kənarında köpük əmələ gəlirsə, deməli, qızıb.
Xəmirdən əlinizlə, yaxud çay qaşığı ilə xırda kündələr tutun, yağa salın. Təxminən 3 dəqiqə, hazır olanadək bişirin.
Kağız salfetin üzərinə düzüb yağını çəkməsini gözləyin.
Süfrəyə çiyələk sousu ilə verin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:53 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Dünya mətbəxi