beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Homo Sapiens yaxud insan

Anatomiyanın tədqiq etdiyi obyekt — insandır. İnsan bütün canlı varlığın ən alisidir, eyni zamanda ictimai varlıqdır. İctimai həyat qanunları insan üçün əhəmiyyətli rol oynayır. İnsanlar arasındakı münasibəti heyvanlar arasındakı münasibətdən fərqləndirən amil əmək olmuşdur və insanın təbiəti bilavasitə əməklə bağlıdır. İndiki insan (insana latınca — homo və yunanca anthropos deyilir) öz fiziki quruluşuna görə xordalılar tipinə, onurğalılar yaxud kəlləlilər yarımtipinə, məməlilər Amniota sinfinə, ciftlilər bölgüsünə, primatlar dəstəsinə, hominid yaxud insanlar fəsiləsinə Homo sapiens və idraklı insan növünə aiddir. Fiziki quruluşu cəhətdən insana ən yaxın olan meymunlar xüsusən insanabənzər meymunlar antropoidlərdir. İnsan, meymunlarla birlikdə primatlar dəstəsini təşkil edir. İnsanların primatlara aid olması bir sıra ümumi fiziki quruluş xüsusiyyətləri ilə isbat edilir: dırnaqların yastı olması, əllərin tutma üzvünə çevrilməsi, süd vəzilərinin döşdə yerləşməsi, beyinin görmə hissəsinin nisbətən çox, qoxu hissəsinin az inkişaf etməsi, beynin ənsə payında mahmız yarığmm olması, göz yuvasının halqa kimi hər tərəfdən sümüklə əhatələnməsi, körpücüyün inkişaf etməsi, dişlərin müxtəlif forması, mədənin sadə formaya düşməsi, xayaların xayalıqda yerləşməsi və s.
İnsanı morfoloji quruluş cəhətdən heyvanlardan, o cümlədən insanabənzər meymundan əməyin təsiri nəticəsi olaraq fərqləndirən əsas əlamətlərə yuxarı ətrafın tutma və əmək üzvü vəzifəsi daşıması, beynin yüksək dərəcədə inkişaf etməsi və bununla əlaqədar olaraq kəllənin beyin hissəsinin üzə nisbətən çox böyüməsi, orqanizmin tamam şaquli vəziyyətdə — iki ətraf üzərində durması, nitq qabiliyyətinə malik olması aiddir.
«Min illər boyu davam edən mübarizədən sonra ən nəhayət əl-ayaqdan diferensiallaşıb dik yeriməyə başladıqda insan meymundan ayrıldı. Beləliklə də aydın nitqin və beynin güclü inkişaf etməsi üçün şərait yaranmış oldu. Bunun sayəsində o zamandan etibarən insanla meymun arasında keçilməz bir uçurum əmələ gəlmişdir».
İnsanda əl uzun müddət təkamül prosesi nəticəsində istinad üzvündən tutma və əmək üzvünə çevrilmişdir. Engelsin dediyi kimi: «Əl nəinki əmək üzvüdür, hətta onun məhsuludur» (F. Engels «Təbiətin dialektikası», Azərnəşr, 1966, səh. 17).
antropid ve homo sapiens

Beləliklə, insan təbiətdə xüsusi yer tutan yüksək dərəcədə mütəşəkkil ictimai bir varlıq kimi əməyin təsiri nəticəsində yüksək inkişaf dərəcəsinə çatmışdır. İnsanın mənşəyi məsələsinə gəldikdə paleontoloji, müqayisəli anatomiya və embrioloji faktlara əsasən qeyd etmək olar ki, Üçüncü dövrdə primatlar kökündən insan budağı (insan növü — hominid) ayrılmış və bu növdən də Dördüncü dövrdə indiki idraklı insan inkişaf etmişdir.
Dördüncü dövrün geoloji qatlarında indiki insanın tələf olub yoxa çıxmış əcdadının sümüklərinin qalıqları (o cümlədən kəllələri) tapılmışdır. Bu vaxtadək aşağıdakı insan növlərinin (əcdadının) hominidlərin qalıqlarına təsadüf edilmişdir.

Pitekantrop (meymun-insan) — 1891-ci ildə Yava adasında həkim Dyubua tərəfindən kəllə qapağı, diş və bud sümükləri tapılmışdır.
Sinantrop — Çin Adamı Pekin yaxınlığında, Cou-Kou-Tyan adlı yerdə 1929-cu ildə Çin alimlərindən Pey tərəfindən tapılmışdır. Morfoloji quruluşuna və yaşadığı yerə görə pitekantropa yaxındır.
Heydelberq insanı — ikinci buzlaşmaarası dövrdə yaşamışdır. 1907-ci ildə Heydelberq yaxınlığında (Almaniyada) yalnız çənə sümüyü tapılmışdır.
Neandertal insanı və yaxud ibtidai insan son buzlaşmaarası dövrdə yaşamışdır. İlk dəfə 1848-ci ildə Cəbəllütariqin şimalında (İspaniyada) çənəsiz qadın kəlləsinin bir hissəsi tapılmışdır. Başqa qalıqlara Avropanın, Asiyanın, Afrikanın müxtəlif yerlərində, o cümlədən keçmiş Sovet İttifaqında (Krımda) da təsadüf edilmişdir.
Hazırki idraklı insanın qədim nümayəndələrindən Kro-Manyon insanın — 1868-ci ildə Dordonda (Fransada) Kro-Manyon mağarasında tam skeleti tapılmışdır. Bu növ qədim insan qalıqlarına keçmiş Sovet İttifaqı ərazisində də təsadüf edilmişdir.
Yuxarıda qeyd olunan hominidlər üç əsas qrupa bölünür:
I. Ən qədim insan, yaxud meymunabənzər insan- bu qrupa yuxarıda qeyd olunan sinantrop da daxildir.
II. Qədim, yaxud ibtidai insan – buraya heydelberq və neandertal insanları daxildir.
III. Yeni insan, yaxıd idraklı (indiki) insan.
İnsanın heyvanlar aləmində hansı yer tutduğunu asan təyin etmək məqsədi ilə aşağıdakı təsnifatı veririk (bu təsnifat V.N. Tonkovdan alınmışdır): Xordalılar tipi üç yarım tipə bölünür:

Qişalılar
Kəlləsizlər
Kəlləlilər, yaxud onurğalılar.
Onurğalılar da iki bölgüyə, yaxud 6 sinfə bölünür:
A. Suqişasızlar (su qişası olmayanlar).

1-ci sinif. Dəyirmi ağızlılar — ilanbalıqları və miksinlər.
2-ci sinif. Balıqlar — selaxilər, nərəkimilər yaxud qanoidlər, sümüklü balıqlar və iki cür tənəffüs edənlər.
3-cü sinif. Amfibilər, yaxud suda-quruda yaşayanlar — qıçsızlar, quyruqlular və quyruqsuzlar.

B. Suqişalılar (su qişasına malik olanlar).
4-cü sinif. Sürünənlər — kərtənkələlər, ilanlar, tısbağalar, timsahlar.
5-ci sinif. Quşlar — yastıdöşlər, döşütillilər.
6-cı sinif Məməlilər — birdəliklilər, kisəlilər, kəmdişlilər, həşəratyeyənlər, yarasalar, gəmiricilər, təkdırnaqlılar, cütdürnaqlılar, sirenkimilər, balinaşəkillilər, yırtıcılar, yarımmeymunlar və ya lemurlar və primatlar.

Primatlar dəstəsinə meymunlar və insanlar fəsiləsi aiddir. Bu fəsilələri yaşadıqları dövrə görə aşağıdakı qaydada düzmək olar.

Lemur — eramızdan 60 — 50 milyon il qabaq.
Parapitek — eramızdan 35 — 30 milyon il qəbəq.
Propliopitek — eramızdan 17 milyon il qabaq.
Driopitek — eramızdan 15 — 10 milyon il qabaq.
Avstralopitek — eramızdan 3 — 1 milyon il qabaq.
Pitekantrop — eramızdan bir milyon — 500 min il qabaq.
Neandertal insanı — eramızdan 500 min — 100 min il qabaq.
Kromanyon insanı — eramızdan 110 min il qabaq.
İndiki insan.


Tarix: 08.12.2014 / 16:22 Müəllif: Aziza Baxılıb: 155 Bölmə: Biologiya