beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadıq bəy Avşar - Yaradıcılığı

Onun çağdaşı olan təzkirəçi və tarixçilər Sadiq bəyin poetik istedadını yüksək qiymətləndirirlər. O, "Sadiqi" təxəllüsü ilə gözəl şerlər yazıb. Sadiq bəy ondan artıq müxtəlif nəzm və nəsr əsərinin müəllifidir. Bunlar arasında onun Azərbaycan və fars dillərində qələmə aldığı şerlər "Divan"ı, I Şah Abbasın hərbi yürüşləri haqqında bir neçə min gözəl beytdən ibarət "Fəthnameyi-Abbasi-namdar" ("Məşhur Abbasın fəthlər kitabı") adlı tarixi-epik poeması da vardır. XVII əsrin məşhur Azərbaycan tarixçisi İskəndər Münşi həmin əsəri Firdovsinin "Şahnamə"si ilə heç də təkcə ona görə müqayisə etmir ki, hər iki poema eyni vəzndə və ölçüdə qələmə alınmışdır. Sadiq bəyin Azərbaycan dilində yazdığı "Məcməül-xəvas" adlı təzkirəsində isə Səfəvilər dövründə fəaliyyət göstərmiş 480 şair, rəssam və xəttat haqqında qiymətli materiallar toplanmışdır. Həmin əsər həm Azərbaycan, həm də fars mədəniyyət və incəsənətinin tədqiqi üzrə önəmli mənbələrdəndir. Əsər bu yaxınlarda fars dilinə tərcümə olunmuş, Tehranda nəşr edilmişdir. Onun təsviri incəsənətin metodika və praktikasına həsr edilmiş "Qanun əs-Sovər" ("Təsvirin qanunları") adlı pedoqoji təlimatlar kitabı mütəxəssislər arasında böyük şöhrət qazanmışdır. Bundan başqa həmin əsər müasir surət çıxaran rəssamlar və bərpaçılar üçün əvəzsiz vəsaitdir, zira burada miniatürlərin üzünü çıxarmaqdan ötrü fırça və kağız hazırlığından tutmuş rəng seçiminə qədər hər şey haqqında məlumat verilir. Görünür, Avropa sənətşünaslarının Sadiq bəyə maraqlarının gün-gündən artmasının bir səbəbi də elə budur.

Sadiq bəyin əsərləri hələ onun sağlığında ölkəsində və onun hüdudlarından kənarlarda yüksək qiymətləndirilirdi. Öz rəsmlərini ona qəsidə yazmış şair Qüruriyə bağışlayaraq deyir: "Mənim işlərimin hər vərəqini tacirlər üç tümənə alıb Hindistana aparırlar, sən də ucuz satma. "

Məlumdur ki, Sadiq bəy İmam Qulu xanın, Teymur xan Türkmənin portretlərini çəkib.Həmin portretlər, habelə "Əmir" və "Gəzərgi dərviş" şəkilləri İstanbul, Paris, Boston, Sankt-Peterburq muzeylərində saxlanılır. Bütün bu işlərdə Sadiq bəyə xas olan manera-şəxsiyyətin xarakterini açan qabarıq cizgilər vermək saxlanılmışdır. Sadiq bəyin illüstrasiyalar çəkdiyi bir neçə kitab da indiyə qədər qalmışdır.

Azərbaycan miniatür sənəti tarixində Sadiq bəy gözəl portret ustası kimi qalmışdır. Onun əsərləri təsvir obyektini realist cizkilərlə vermək və perspektivi göstərməyə cəhd göstərməklə yadda qalandır. Mütəxəssislərin fikrincə, onun yaradıcılığı miniatür sənətinin, o cümlədən İsfahan məktəbinin inkişafında böyük rol oynamışdır.


Tarix: 21.01.2015 / 16:33 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Azərbaycanlı sülalələr