Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəzirə Yaqubova - Fəaliyyəti

Köhnə qəzetləri vərəqləyərkən, adlarını xalqımızın tarixinə yazan adamlara rast gəlirik. Budur, səksən il bundan əvvəl çap olunmuş "Veçerniy Tbilisi" qəzetinin saralmış vərəqlərində oxucu məktubları. Zaqafqaziya dəmir yolu xəstəxanasının pasiyentləri Koroxaşvili, Lomidze və digərlərinin səmimi məktublarını daxili həyəcansız oxumaq olmur. Onlar, qayğı, xoş münasibət və əlbəttə peşəkarlığa görə Gürcüstanın əməkdar həkimi Nəzirə Şah-Mirzəyə minnətdarlıq bildirirlər. Xəstəxananın pasiyentləri yazırlar: "Onun təbəssümü və xoş sözləri hər hansı dərmandan yaxşı müalicə edir". Onlar öz həkimlərini "bütün cəhətlərdən gözəl, məlahətli, əsl insan" adlandırırlar, öz dövrünün ziyalı qadınına verdikləri yüksək qiymətin necə də dəqiq olduğunu güman etmirdilər.

Çar ordusu zabitinin qızı Nəzirə Şah-Mirzə Tbilisidə Birinci Qadın gimnaziyasının səkkiz sinfini və bütün Qafqazda məşhur olan Müqəddəs Nina məktəbini bitirən ilk müsəlman qızlarından biri idi. Buradan Azərbaycan xalqının bir çox görkəmli qızları çıxmışlar.

Nəzirə çox gözəl oxuyurdu, lakin onun bir marağı da vardı ki, bu da musiqi idi. Yüksək istedada malik olan qız musiqi ilə yeddi yaşından məşğul olmuş, 12 yaşında isə Musiqi Məktəbinin tələbəsi olur. O, Rusiyada məşhur olan pedaqoq Adolf Yakovleviç Şteygerin sevimli tələbəsi olur. Nəzirə lap gənc çağlarından bütün Zaqafqaziyada müvəffəqiyyətlə konsertlərlə çıxış edir. 1914-cü ildə onu Petroqrad Qadın Tibb İnstitutuna və məşhur Petroqrad Konservatoriyasına qəbul edirlər. Bu, gərgin, lakin xoşbəxt dövr idi: Tibb İnstitutunda təhsil, fortopiano sinfi üzrə professor Droyedovun yanında məşğələlər, Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar hospitallarda iş. O, bunu öz vətənpərvərlik börcu kimi dərk edirdi.

Tibb və musiqi - maraqların belə uyğunlaşması tarixdə məlumdur. Dərhal böyük humanist, həkim və musiqiçi məşhur Albert Şveytserin adı yada düşür. Şveytser kimi, Nəzirə xanım da son seçimini tibbin xeyrinə edir. Uzaq, çox çətin iyirminci illərdə o həkim olur. O, hesab edir ki, iş yeri dəmir yolu fəhlələrinin yanında olmalıdır. O vaxt dəmir yolu xarabalığa çevrilmiş ölkədə yeganə nəqliyyat arteriyası idi.

Lakin musiqi onu bütün həyatı boyu müşayiət edəcək. O, uşaq kimi öz "Bechstein Diedirchs" konsert royalı ilə fəxr edir. Məşhur alman firmasının adı onun üçün sanki insan adına çevrilir, özünün bütün bioqrafiyalarında royalını məhz belə yad edir. Gənc ailənin evində o dövrün məşhur musiqiçiləri çalır: pianoçular Aleksandr Borovskoy və Qenrix Neyqauz, professor İppolitov-İvanov və arvadı, bəstəkar Varvara Zavudnaya, violonçel çalan Aleksandr Belousov. Nəzirə onlarla birgə çalır, musiqi onun həyatanın bir hissəsi olur.

Doktor Şah-Mirzənin işlədiyi xəstəxanada köhnə royal var idi və Nəzirə xanım öz pasiyentləri üçün çalmağa başlayır. Bu cür özünəməxsus konsertləri o, xüsusilə müharibə illərində çox verirdi. Onda xəstəxanalar hərbi hospitallara çevrilirdi. İndi belə konsertləri psixoterapiya forması adlandırardılar, o vaxt Nəzirə xanım üçün bu qəlbinin əmri, insanlara hərarət bəxş etmək imkanı idi. Bəli, gözəl həkim və musiqiçi Nəzirə Şah-Mirzənin həyatı Nobel mükafatı laureatı Albert Şveytserin bioqrafiyası ilə qəribə surətdə səsləşirdi. Təbabət, musiqi və insana olan hüdudsuz məhəbbət onların fəal həyat mövqelərinin ifadəsi oldu. Bir-birilə tanış olmayan bu iki adam mövqelərindən bir addım da geri çəkilmədilər.


Tarix: 19.01.2015 / 15:01 Müəllif: Feriska Baxılıb: 105 Bölmə: Azərbaycanlı sülalələr
loading...