beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəndlərlə mübarizə

Kərim xan Zənd öləndən sonra onun qohumları hakimiyyətə can atırdılar. Onların arasında gedən gərgin mübarizə bir il davam edir. Heç kim hakimiyyətdə duruş gətirə bilmir. Bundan istifadə eləyən Ağa Məhəmməd 500-600 nəfərlik bir dəstə ilə Mazandarandan çıxaraq, İsfahana hərəkət edir. 1785-ci ildə o, həmin şəhəri tutur, oradan Zənd hakimini qovur və bu tayfanın nümayəndələri üzərində qazanılmış bir neçə parlaq qələbədən sonra təqribən bütün Mərkəzi İranı azad edir. həmin döyüşlərdə Ağa Məhəmməd xana qardaşı,istedadlı sərkərdə Cəfərqulu xan Qacar böyük yardım göstərir. Bundan sonra Ağa Məhəmməd o zaman kiçik bir şəhərcik olan Tehranda iqamət edir və 1786-cı ilədə buranı yeni dövlətin paytaxtı elan edir. Elə həmin il o, özünü İran hökmdarı sayan Cəfər xan Zənd üzərində əsaslı bir qələbə qazanır. Qoşunu dağılmış Cəfər xan Şiraza qaçır və çox keçmədən orada sui-qəsd qurbanı olur. Bundan sonra Ağa Məhəmməd xan Gilanı tutur və öz qardaşı Mürtəzaqulu xan Qacarı Astrabad hakimi təyin edir. Lakin qardaşı ona dönük çıxaraq, zəndlərin tərəfinə keçir. Buradan da Talışa qaçır və II Yekaterinanın himayəsinə keçmək istəyir. Bir il sonra rus donanmasının köməyinə arxalanan Mürtəzaqulu xan Gilana dönsə də, Ağa Məhəmmədin böyük bir ordu ilə üzərinə gəldiyini eşidən kimi yenidən Rusiyaya qaçır. 1798-ci ildə o, Peterburqda ölür. 1795-ci ildə Gürcüstan yürüşündən sonra Ağa Məhəmməd xan talışları Mürtəzaqulu xana kömək etdiklərinə görə cəzalandırır. Bu zaman Azərbaycan, Kürdüstan və Mərkəzi İranın (İraqi-əcəm) hökmdarları qacarların tərəfinə keçirlər. Artıq 90-cı illərin əvvəllərində az qala bütün İran Ağa Məhəmməd xanın tabeçiliyi altında idi. Onun idarəsi altına keçməkdən imtina edən türkmən yomudlar darmadağın olunur, öldürülənlərin kəllələrindən təpələr düzəldilir. Ağa Məhəmməd Kərim xana o qədər nifrət bəsləyirdi ki, onun cəsədinin qalıqlarını məzarından çıxarıb Tehranda, Gülüstan sarayının girəcəyində basdırtdırır.


Tarix: 17.01.2015 / 17:18 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Azərbaycanlı sülalələr