beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Baba Avşar

Həyatı
Avropada ilk ali tibb təhsili almış azərbaycanlı həkim Mirzə Baba Avşar, yaxud Hacı Mirzə Baba Avşar isə Azərbaycan valisi Abbas mirzə Naibüssəltənənin ordusunun zabitlərindən birinin oğludur. O, Şahzadə Abbas mirzə tərəfindən 1811-ci ildə Avropaya tibb elmini və rəssamlıq sənətini öyrənmək üçün göndərilən iki gəncdən biri idi. Abbas mirzə 1811-ci ildə onun hüzuruna, Təbrizə gəlmiş Ingiltərənin xarici işlər naziri ilə görüşərək nazir ser Harford Consdan xahiş etdi ki, iki gənci, Mirzə Baba Avşarı və Nəqqaşbaşı oğlu Məhəmməd Kazımı özü ilə bərabər Londana aparsın. Səfir müasir elmləri öyrənməyin zəruri olduğunu düşünən Abbas mirzənin bu fikrini müsbət hal kimi qarşılandı. Hər iki gənc Azərbaycanın tanınmış, adlı-sanlı ailəsindən idilər. Abbas mirzə Naibüssəltənə bu iki gənci ser Harford Consla Londona yola salarkən demişdi: «Bu iki gənci təhsil almaq üçün aparın ki, qayıdandan sonra mənə, özlərinə və öz məmləkətlərinə fayda versinlər». Nəqqaşbaşı oğlu Məhəməd Kazımın rəssamlıq sənətində föqəladə bir istedadi var idi. Buna görə də onu bu sənətin görkəmli ustadlarının yanında təhsil almaq üçün qəbul etdilər. Mirzə Baba isə Tibb elminin ibtidasını öyrənməklə məşğul olmağa başladı. Məhəmməd Kazım 18 ay təhsil aldıqdan sonra 1813-cü ildə vərəm xəstəliyindən vəfat etdi. Mirzə Hacı Baba isə 6 il Londonda orta təhsil aldıqdan sonra həkimlik sənətini öyrənməyə başladı. Yuxarıda qeyd olunduğu kimi Mirzə Hacı Baba Iranda ilk həkimdir ki, Avropada bu sənətə mükəmməl yiyələnmişdir. O, 1819-cu ildə Irana qayıtdıqdan sonra Abbas mirzə Naibüssəltənənin və onun oğlu Məhəmməd mirzənin Həkimbaşısı təyin olunmuşdur. Belə ki, Məhəmməd Mirzənin sağlamlığı bu həkimin tam ixtiyarında idi. Mirzə Hacı Baba məşhur həkim, Məhəmməd şahın həkimbaşısı olduqdan sonra adından Hacı kəlməsini ataraq, Mirzə Baba Həkimbaşı kimi tanımağa başladı. Altı il Iranda Ingiltərə səfirliyinin səlahiyyətli nümayəndəsi kimi çalışmış Ceyms Moryer siyasi xadim olmaqla bərabər, həm də yazıçı idi. O, Londona qayıdarkən Hacı Baba ilə tanış olmuş, özünün «Sərgüzəşti-Hacıbaba-Isfahani» əsərinin qəhrəmanının adını da Mirzə Hacıbaba Həkimbaşının adından götürmüşdür. Ceyms Moryerin «Hacıbaba» kitabı nəşr olunduqdan bir neçə il sonra Iranda olmuş bir nəfər ingilis, həkimbaşı Hacı Baba ilə tanış olmuş və onun bu xəbərdən çox dilxor olduğunu görmüşdü. Hacı Baba Ceyms Moryerdən incimiş və əsərində nə üçün məhz onun adını seçdiyinə təəccüblənmişdi. Iran alimi Mehdi Bamdad yazır: «Ceyms Moryer öz kitabına Hacı Babanın adını verdiyi üçün çox güman ki, o, bundan bərk dilxor olmuşdur. Buna görə də əsərin qəhrəmanı ilə öz arasında oxşarlıq olmaması üçün «Hacı» kəlməsini öz adından atdı və o, həmin vaxtdan Mirzə Baba kimi tanındı. Abbas mirzə Naibüssəltənə Azərbaycanın gözəl, abad kəndlərindən olan və Təbrizdən 25 kilometr aralıda yerləşən Xoca kəndini Mirzə Babaya bağışlamışdı. Mirzə Baba bu kəndin gəliri ilə varlı bir şəxs oldu. Mirzə Baba hicri qəməri 1244-cü ildə (1829) Rusiyanın Irandakı səfiri A. Qriboedovun qətli ilə əlaqədar Rusiyaya üzrxahlıq üçün göndərilmiş nümayəndə heyətinin başçısı Şahzadə Xosrov mirzənin şəxsi həkimi kimi göndərilmişdi. Mirzə Baba 1833-cü Təbrizdə yerləşmiş Rusiya və Ingiltərənin səfirliklərinə ezam olunmuş və Naibissəltənənin bu ölkələrə səfərini hazırlamaq işi ilə məşğul olmuşdu. Lakin məlum olduğu kimi Abbas mirzə 1833-cü ildə xəstələnib vəfat etdiyi üçün bu səfər baş tutmamışdır. Doktor Mirzə Hacı Baba hicri-qəməri 1252-ci ildə (1837-ci ildə) Tehranda vəfat etmişdir.


Tarix: 21.01.2015 / 16:10 Müəllif: Feriska Baxılıb: 127 Bölmə: Azərbaycanlı sülalələr