beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şah İsmayılın taxta çıxarılması

Təsvir olunan hadisələr baş verdiyi zaman şahzadə İsmayıl Qəhqəhə qalasında, I Təhmasibin göndərdiyi yeddi qorçinin mühafizəsi altında idi. Atasının vəfat etməsi və şahzadə Heydərin öldürülməsi xəbərləri ona çatanda qala rəisi Xəlifə Ənsar Qaradağlı ova çıxmışdı. İsmayıl, Xəlifə Ənsara inanmır, onu Heydərin tərəfdarı hesab edirdi. Bundan əlavə, o, Qəzvindən gələn xəbərlərə də şübhə ilə yanaşır, bunları özünə qarşı məharətlə düşünülmüş tələ sayırdı. O, hər ehtimala qarşı öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər gördü. Qalada keşik çəkən Xəlifə Ənsarın adamları qorçilərin köməyilə aldanılaraq ələ keçirildilər və zərərsizləşdirildilər. Onlar qalanın çıxış və giriş yollarında baş verə biləcək hücum ehtimalına qarşı maneələr qurdular. Xəlifə Ənsar İsmayılın tərəfdarlarının paytaxtda qalib gəlməsi xəbərini alıb qalaya qayıtdı. Dəfələrlə itaət etdiyini bildirməsinə baxmayaraq, İsmayıl onu qalaya buraxmadı. Yalnız 3 gündən sonra, Azərbaycanın cənub hissəsindən xalq kütlələri və paytaxt əyanlarının nümayəndələri qala ətəklərinə axışıb gələndə qala qapıları taybatay açıldı. Elə buradaca, qalanın qarşısında ustaclı tayfasından Heydərin tərəfdarlarından olan bir dəstə adam İsmayılın əmri ilə edam edildi. Sağ qalanlar Ərdəbilə - Səfəvilərin məqbərəsinə qaçmaqla canlarını qurtardılar. İsmayıl qaladan çıxdı və onu paytaxta müşayiət etmək üçün xüsusi olaraq Qəzvindən qızılbaş əyanlarının göndərdiyi Heydər Sultan Çabuk Türkmanın alaçığında dayandı. Bura hər gün ardı-arası kəsilmədən öz sədaqətlərini bildirmək üçün xalq kütlələri gəlir və onun "kandarından öpmək şərəfinə nail olurdular". Bir neçə gündən sonra İsmayıl öz əcdadlarının müqədəs məzarlarını ənənəvi qaydada ziyarət etmək üçün Ərdəbilə yola düşdü. Zəncan çəmənlərində İsmayılı şahzadə Pərixan xanımın göndərdiyi şahzadə İbrahim və vəzir Mirzə Salman, mərhum şahın dövlətxana (saray), hərəmxana, divanxana və büyutat (saray emalatxanaları) məımurları qarşıladılar. Mərasimə İsmayılın mehribancasına qəbul etdiyi şahzadə İbrahim başçılıq edirdi. İsmayıl onu səmimiyyətlə qucaqlayaraq "qardaşım" adlandırdı. Pirə Məhəmməd xan Ustaclı, şahzadə İmamqulu ilə birlikdə Gilandan bura gəlmişdilər. Pirə Məhəmməd xan, ustaclı əyanları arasında həmtayfalarının İsmayıla tərəfdar olmaqla ittiham etdikləri yeganə adm idi. İsmayıl riyakarcasına şahzadə İmamqulunu da bağrına basıb onu "oğlum" adlandırdı. Bu qardaşlıq və atalıq "məhəbbətinin" bəhrələrini biz aşağıda görəcəyik. İyunun 13 (rəbi əs-saninin 16-sı)-də İsmayıl Qəzvinin ətrafına çatdı və burada dayandı. Onu qarşılamağa şahzadələr, Hüseynqulu Xəlifə Rumlu və "böyük əmirlər" gəlmişdilər. Qaçmaq istərkən tutulmuş Heydər tərəfdarlarının başçısı Hüseyn bəy də bura gətirilmişdi. Lakin İsmayıl gözləndiyinin əksinə olaraq onu edam etdirmədi, yalnız zindana salınmasını əmr etdi. Ertəsi gün şah özünün mərasim dəstəsi ilə Səədabad bağında dayandı. Sonra o, bir neçə gün Hüseynqulu Rumlunun evində qaldı. Şahzadə Mustafanı onun yanına gətirdilər. İsmayıl onu dəfələrlə, "hərarətlə" öpdü və onu soyuq qarşılamış qardaşlarının arasında əyləşdirdi. O, aşağıdakı sözlərlə onlara müraciət etdi: "Allah görür, əgər siz mənə məhəbbət və doğruluqla yanaşsanız, mən sizə dünyada heç bir padşahın öz qardaşların yanaşdığı kimi münasibət bəsləməyəcəyəm". Lakin İskəndər bəy Münşinin obrazlı ifadəsi ilə desək, "onun ürəyinin, dilinin dediklərindən xəbəri yox idi". Qızılbaş tayfalarının əyanları zahiri itaət də etməmişdilər. Onların nümayəndələri əvvəlki kimi, təmtəraqla mərhum şahın sarayından nəinki geri qalmayan, hətta üstün olan şahzadə xanımın sarayına toplaşırdılar. Öz təbiəti etibarilə hakimiyyətpərəst olan Pərixan xanımümid edirdi ki, taxt-tac uğrunda döyüşdə misilsiz köməyinə görə İsmayıl dövlət işlərində onun rolunu məhdudlaşdırmayacaq və ona öz köməyini əsirgəməyəcəkdir. Lakin onun ümidləri doğrulmadı. İskəndər bəy Münşi göstərir ki, qızılbaş əmirləri və əyanları şahzadə xanımın sarayına gəlməklə, öz bacısının dövlət işlərinə müdaxiləsinin qarşısını almaq qərarına gəlmiş İsmayılın nüfuzunu aşağı saldıqlarını dərk etməyə başladılar. Hətta bəzi nüfuzlu əmirlər qadının dövlət işlərinə qarışmasını qeyri-təbii sayaraq bunu pisləyirdilər. Hüseynqulu bəy Xəlifəyə də İsmayılın münasibəti dəyişmişdi. Zahirən buna onun təkəbbürlü davranışı səbəb olmuşdur. Həqiqətdə isə İsmayıla xəbər vermişdilər ki, şahın ölümündən sonra Qəhqəhə qalasından heç bir xəbəri olmadığı ilk günlərdə Hüseynqulu taxta çıxmaq üçün şahzadə Mahmudun namizədliyini irəli sürmüşdü. Pərixan xanım da vaxtilə bu namizədliyi müdafiə etmişdi. Bütün bunlrdan xəbər tutan İsmayıl belə qərara gəlmişdi ki, Hüseynqulu xanı öz yolundan mütləq kənar etməlidir. Lakin bunu etmək asan deyildi. Çünki Hüseynqulu o zaman yalnız paytaxtda sayı 10 min nəfərə çatan rumlu tayfasının başçısı idi. Xəlifət əl-xulafa tutan Hüseyn bəy, rumlu sufiləri üçün Mürşidi Kamilin, yəni Səfəvilər təriqətinin başçısı kimi şahın müavini idi. Buna görə də İsmayıl öz başçılarına sözsüz sadiq olan sufilərin qiyamından ehtiyat edir, ciddi səbəb olmadan onu vəzifəsindən kənar edə bilmirdi. İsmayıl xeyli düşündükdən sonra çıxış yolu tapdı. O, Hüseynqulunu çağırdı və xəlifət əl-xulafa vəzifəsindən istefa verməklə dövlət vəkili (vəkalət-i ala) vəzifəsini qəbul etməyi ona təklif etdi. Lakin Hüseynqulu yaxşı başa düşürdü ki, əgər o, şahın təklifini qəbul edərsə, xəlifə kimi öz gücünü və müstəqilliyini itirəcəkdir. Həm də şah, özü üçün əlverişli olan zaman onu divan vəkili vəzifəsindən də kənar edə bilər. Hüseynqulu fikirləşərək imtina etməyi qərara aldı. Belə olduqda, İsmayıl rumlu əmirlərini yanına çağırdı və onlara belə bir sualla müraciət etdi: "Öz mürşidinin məsləhətini qulaqardına vurmuş sufi ilə nə etmək olar?" Onlar gözlənildiyi kimi cavab verib dedilər: "Həmin sufi cəzaya layiqdir". Hüseynquluya bu söhbəti çatdırdılar. Ertəsi gün şahın yanına gələndə onu içəri buraxmadılar. O, günahkarcasına şahın qaldığı özünəməxsus evin qapısı ağzında oturmağa məcbur oldu. Üçüncü gün Hüseynqulu şahın fərmanı ilə Məşhəddə qorçilərin rəisi təyin edildi. O, həmtayfalarını tərk etdiyi bir halda, tək-tənha Xorasana yola düşdü. Hüseynqulu Damğanda şahın əmrilə öz həmtayfalarından biri tərəfindən dayandırıldı və gözləri çıxarıldı. Bundan sonra İsmayıl Hüseynqulunun evindən Pərixan xanımın sarayının yanında yerləşən əmir Şahqulu Sultan Yegan Ustaclının evinə gəldi. Şah öz bacısını çox sərt qəbul etdi. Nəhayət, İsmayıl onun, özünün təyin etdiyi vaxtda şah sarayının kandarını adlayıb keçdi. Əvvəlcə o sarayı yenidən qurmağa başladı. O, taxtaçıxma saatını horoskopla özü təyin etmiş və bu, bütün ölkədə elan edilmişdi. İsmayılın taxt çıxmasına hazırlıq paytaxtda sürətlə gedirdi. Qızılbaş tayfaları hər tərəfdən paytaxta axışıb gəlirdilər. Qəzvinin küçələrində dəhşətli izdihamlar yaranmışdı. Qonşu dövlətlərin səfirləri, əmirlər, sərhəd bölgələrinin hakimləri və dəstə-dəstə əhali hədiyyələrlə şahın iqamətgahına gəlirdilər. İskəndər bəy Münşi yazırdı: "Özünün (taxta) çıxması saatı onun tərəfindən təyin edildiyi üçün, bütün dövlət işləri taxta çıxan günə qədər təxirə salınmışdı". Əhali bu hadisəni gözləyir, günləri sayırdı. II İsmayıl adı ilə tanınan şahzadə İsmayılın taxta çıxması mərasimi hicri 984-cü il cumada əl-əvvəlin 27-də (1576-cı il avqustun 22-də) keçirildi45. Sarayın Çehelsütun salonunda bu münasibətlə təntənəli qəbul düzəldilmişdi. Burada bütün əmirlər, şahzadələr və dövlət əyanları iştirak edirdilər. İsmayıl zinətlərlə bəzənmiş şah libasında, təntənəli şəraitdə salona daxil oldu və atasının taxtında əyləşdi. Sonra ənənəvi "taxt-taca sədaqət" and mərasimi başlandı.Yeni şahın əyləşdiyi taxta əvvəlcə şahzadələr, onların ardınca seyidlər, üləmalar, müctəhidlər, gürcü knyazları – İsa xan Ləvənd oğlu və Simon Luarsab oğlu yaxınlaşdılar. Sonra Şah Rüstəm Lur, yüksək mövqeli əmirlər və qızılbaş əyanları, vəzirlər və ali məmurlar, əyalət əyanları, Hindistan padşahı Nizamşahın, Luristan hakimi İbrahim xanın, Mazandaran hakimi Mirzə xanın və Ərəbistan hakimi Seyid Səcadın elçiləri yaxınlaşdılar. Nəhayət, Portuqaliya kralı Don Sebastyanın firəng (avropalı) səfirləri yeni şahın "ayaqlarından öpmək üçün" taxta yaxınlaşdılar.İsmayılın qaladan azad edildikdən sonra almış olduğu bütün hədiyyələr və bəxşişlər onun ayaqları altına yığılmışdı. Biz artıq paytaxtda ustaclı tayfasının məruz qaldığı cəza tədbirləri haqqında danışmışıq. Bu xəbər əyalətlərdə ustaclı nümayəndələrinin devrilməsi üçün sanki bir işarə idi. Belə ki, mühüm vəzifələrin bu tayfa əyanlarının əlində olduğu Xorasanda (Heratda) əfşar tayfasının digər tayfalarla birlikdə qiyamı baş verdi. Bunun nəticəsində Xorasan hakimi Şahqulu Sultan Yegan48 öldürüldü. Tayfa darmadağın edildi və pərakəndə salındı. Şah, xan rütbəsi verməklə Əliqulu xan Şamlını Heratın hakimi və Xorasanın əmir əl-ümərası təyin etdi. Ustaclı tayfasının sağ qalmış nümayəndələri hər vasitə ilə II Şah İsmayılın onları bağışlamasına nail olmaq, digər qızılbaş tayfaları ilə birlikdə ona xidmət etmək niyyətilə Qəzvinə doğru getdilər. Lakin onları burada da yaxşı qarşılamadılar. Onlat şahzadə Heydərin tərəfində çıxış etməklə qızılbaş tayfalarının nifrətini qazanmışdılar. İskəndər bəy Münşi yazır: "Ustaclı tayfası qızılbaşlar arasında gecə-gündüz öz rüsvayçılığından utanır və xəcalət çəkirdi". İsmayıl taxta çıxdıqdan sonra ilk əvvəl öz hakimiyyətini möhkəmləndirməyi qərara aldı. Bu məqsədlə o, sülalədən taxt-taca namizəd ola biləcək şəxslərin zərərsizləşdirilməsini zəruri hesab etdi. Biz artıq göstərmişik ki, uzun illər dustaqda tənha saxlanması İsmayılı ifrat dərəcədə hər şeydən şübhələnən və qəddar adam etmişdi. O, şahzadə Mustafanın 14 may hadisələrində Heydərlə birgə olmasını, Heydərin ölümündən sonra isə şahzadə Süleymanın öz bacısı Pərixan xanım və çərkəzlərin başçısı Şamxal tərəfindən taxta namizəd irəli sürüldüyünü unuda bilmirdi. İsmayıl ilk növbədə göstərilən şahzadələri məhv etməyi qərara aldı. O, bu məqsədlə şahzadə Mustafanı "himayə etməyi" adlı51. Ustaclı həmtayfaları başa düşürdülər ki, şah onların "taxttaca sədaqətini" sınaqdan keçirmək üçün dəhşətli üsul düşünmüşdür. İskəndər bəy Münşinin dediyi kimi, Pirə Məhəmməd öz əlini şah sülaləsi nümayəndəsinin qanına bulamaq istəməsə də, qəzəbli şahın əmrindən boyun da qaçıra bilmədi. Çünki o, öz tayfasının şah qarşısındakı günahını yumaq istəyirdi. Beləliklə, Mustafa Pirə Məhəmməd xanın evinə çatdırıldı və bir neçə gündən sonra boğulub öldürüldü. Digər şahzadənin - Süleymanın da aqibəti dəhşətli oldu. O, şahın əmrinə əsasən, öz həyatı üçün əsən dayısı Şamxalın əli ilə öldürüldü. Bu qətllər 1576-cı il noyabrın 1-nə keçən gecə (şabanın 7-də) baş verdi. Lakin İsmayıl öz məqsədinə tam nail olmağa çalışırdı. İskəndər bəy Münşinin obrazlı dili ilə desək, o, qardaşlarını "öz dövlətinin gülşənindəki tikanlar" hesab edirdi. Çox qorxduğu Qəndəhar hakimi Sultan Hüseyn Mirzə sağ ikən, İsmayıl riyakarcasına qardaşlarına canıyananlıq edir, onların sayıqlığını zəiflətmək istəyirdi. Lakin bir qədər sonra Xorasandan Sultan Hüseyn Mirzənin ölüm xəbəri alındı və onun qardaşlarına olan əsl münasibəti aşkara çıxdı. Şah heç bir günahı olmayan, ədalətsiz tənələrdən əzab çəkən qardaşlarını da məhv etmək üçün bəhanə axtarmağa başladı. Günlərin birində paytaxt meydanında rumlu sufiləri ilə Qəzvin darğasının mülazimləri arasında mübahisə toqquşma ilə nəticləndi. Tezliklə darğa Əbdülqəni bəy Ustaclı tərəfdarlarından ibarət dəstəsi ilə özünü bura çatdırdı. Lakin o, sayca üstün olan sufilər tərəfindən əzişdirildi. İsmayıl, Müseyib xan Təkəliyə və Murtizaqulu xan Pornaka əmr etdi ki, qiyamçıları susdurmaq üçün hərəkət etsinlər. Əmirlər "həmin xalqın məskənlərinə" gedib meydandakı toqquşma ilə heç bir əlaqəsi olmayan, günahsız adamları qırdılar. İğtişaşlardan istifadə edən İsmayıl paytaxtda olan şahzadələrə divan tutmağı öz adamlarına tapşırdı. Məhəmməd Hüseyn Mirzə, şahzadə Mahmud və onun bir yaşlı oğlu Məhəmməd Bəkir, şahzadələr İmamqulu və Əhməd, həmçinin İbrahim Mirzə58 öldürüldülər. Sonra II İsmayıl əmisi, bibisi, dayısı, xalası oğlanları və onların əyalətlərdəki kişi nəslini qırmağa başladı. Belə ki, Sisitanda onun əmri ilə Bəhram Mirzənin oğlu Badi əz-zaman Mirzə, öz oğlu Bəhramla birlikdə qətlə yetirildi. Gəncədə yaşayan Sultan Mirzə isə kor edildi. Beləliklə, qətllər müvəqqəti olaraq dayandırıldı. Yalnız onun qardaşı Məhəmməd Mirzənin (bir anadan olmuşdular) oğlanları toxunulmaz qaldılar: Sultan Həsən Mirzə, Həmzə Mirzə, Abbas Mirzə, Abutalıb Mirzə və Təhmasib Mirzə.


Tarix: 21.01.2015 / 13:36 Müəllif: Feriska Baxılıb: 196 Bölmə: Azərbaycanlı sülalələr