Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çingiz Qacar - Əsas elmi nailiyyətləri

Ç.O.Qacar tanınmış alim, akademik Lətif İmanovun rəhbərlik etdiyi Radiofizika laboratoriyasında molekulyar spektroskopiya sahəsində orijinal elmi-tədqiqat işləri aparmış, mikrodalğalar diapazonunda biratomlu spirt molekulları və onların törəmələrinin fırlanma və rəqsi-fırlanma spektrlərinin ilk tədqiqatçısı olmuşdur. Çingiz müəllim tərəfindən (akademik L.İmanovla birlikdə) yaradılmış mikrodalğalı spektrometr haqqında elektronika və radiotexnikaya aid ilk elmi məqalə "Azərbaycan EA-nın xəbərləri" jurnalında Azərbaycan dilində dərc olunmuş və həmin məqaləni keçmiş İttifaqda bu sahə ilə məşğul olan mütəxəssislər rus dilinə tərcümə etmişlər.
Ç.Qacar mikrodalğalı spektroskopiya sahəsində Londonda keçirilən beynəlxalq konfransda Azərbaycanda yaradılmış həmin spektrometr və etil spirti molekulunun mikrodalğalı spektri haqqında elmi məruzə ilə çıxış etmiş, həmin vaxtlardan (keçən əsrin 60-cı illəri) beynəlxalq aləmdə elmi nəticələri ilə tanınmağa başlamışdır. Fundamental tədqiqatlar aparan Ç.O.Qacar atom və molekulların spektroskopiyası sahəsində bir sıra məsələləri həll etmişdir. Onun aldığı elmi nəticələrdən lazer fizikasında, qazların təhlilində, atmosferin lokal və məsafədən zondlanmasında, ulduzlararası fəzada molekulların axtarılması sahəsində və s. istifadə olunmuşdur.

Akademik infraqırmızı diapazonda optik rabitə sahəsində də mühüm nailiyyətlər əldə etmişdir. Fizika İnstitutunda başladığı mikrodalğalı spektroskopiya sahəsində tədqiqatlarını Fotoelektronika İnstitutunda uğurla davam etdirmişdir. Onun rəhbərliyi ilə burada yeni, daha mükəmməl ikiqat kvant rezonanslarını müşahidə etməyə imkan verən və bunun nəticəsində spektrin birqiymətli identifikasiyasını təmin edən, dəqiqliyi atom standartları ilə olçülən, tezliyi ədədi qurğu vasitəsilə idarə olunan sintezatorlarla təchiz olunmuş santimetrlik, millimetrlik diapazonlarda işləyən spektrometrik kompleks yaradılmışdır. İkiqat radiotezlikli-mikrodalğalı, ikiqat rezonans və Ştark modulyasiyası üsulları ilə işləyən hibrid spektrometr 1982-ci ildə cihazqayırma sahəsində S.İ.Vavilov adına mükafata layiq görülmüşdür.
2001-ci ildə Ç.Qacarın aldığı elmi nəticələrdən yapon mütəxəssisləri də istifadə etmişlər. Keçmiş İttifaqda mikrodalğalı spektroskopiya sahəsində müdafiə olunan namizədlik və doktorluq dissertasiyalarının bir çoxunun aparıcı təşkilatı Çingiz müəllimin rəhbərlik etdiyi şöbənin daxil olduğu Fotoelektronika İnstitutu olmuşdur. Akademik Ç.Qacar indi də Azərbaycan MEA Fizika İnstitutunda bu istiqamətin inkişafı üçün əlindən gələni əsirgəmir. Rəhbərlik etdiyi laboratoriya etil, izopropil, butil, izobutil, tretikbutil spirtləri və onların izotopomerlərinin mikrodalğalı spektrlərinin tədqiqi ilə məşğul olur. O, geniş tətbiqi olan mikrodalğa diapazonunda şüauducuların yaradılması problemləri üzrə də maraqlı işlər aparır.



Onun rəhbərliyi altında yaradılmış yeni fiziki metodlar, qurğu və cihazlar ölkəmizdə, həmçinin keçmiş İttifaqda, Türkiyədə, İran İslam Respublikasında tətbiq olunmuşdur.
Ç.Qacar ölkəmizdə yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da böyük xidmətlər göstərir. O, nüfuzlu spektroskopçular məktəbi yaratmış, yüksəkixtisaslı fiziklər yetişdirmişdir. Onun çoxsaylı yetirmələrinin bir çoxu Avstraliya, Rusiya, Amerika, Türkiyə, ölkəmizin nüfuzlu ali məktəblərində və elmi-tədqiqat institutlarında çalışır. O, Azərbaycanda molekulyar spektroskopiya elmi istiqamətinin rəhbəridir.


Tarix: 19.01.2015 / 16:09 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycanlı sülalələr
loading...