beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsənəli xan Qaradaği - Ailəsi

H.Xan Qaradağski 1888-ci ildə bir daha Tiflisə gedir. Səbəb atasının yadigarı olan əmisi Məhəmmədhüseynağanın xəstə olması idi. 1891-ci ildə Məhəmmədhüseynağa dünyasını dəyişir. Ölməzdən qabaq Məhəmmədhüseynağa yeganə qızı olan Balaxanım xanımla evlənməsini Həsənəliağaya vəsiyyət edir. 1891-ci ilədək Həsənəli ağa Tiflisdə köhnə tanışlarla təmasda olur, kitabxanalarda və əmisi ilə söhbətləşib vaxtını keçirirdi. Məhəmmədhüseynağanı dəfn edib təziyədən sonra Həsənəliağa əmisi qızı ilə birgə Şuşaya qayıdırlar. Həsənəliağa bütövlüklə özünü yaradıcılığa həsr edir. Bu dövr onun ən məhsuldar dövrü hesab oluna bilər. 1897-ci ildə övladları olmadığından Balaxanım xanımın razılığı ilə Həsənəliağa kasıb bir ailədən Teybə adlı qızla evlənir. Həsənəliağa ilə Teybə xanımın dörd övladı olur: Məhəmməd ağa, Çingiz ağa, Böyükxanım və Şəfqət ağa.

1922-ci ildə Həsənəliağa təqaüdə çıxır.

1924-ci ildə Həsənəliağa iflic olur, lakin 2-3 il ərzində müalicə olunub səhhət tapır. Əmək fəaliyyətinin çox hissəsini itirmiş Xan Qaradağski yenə də ədəbiyyat və mədəniyyət sahəsində çalışır. Azərbaycan Xalq Maarif Komissarlığı Şuşa maarif şöbəsi tərəfindən ona maaş təyin edilir və Qarabağ şairləri haqqında material toplayıb yazaraq Bakıya göndərməyi ona tapşırır. Xan Qaradağski bu vəzifəni yerinə yetirir, öncə topladığı və yeni toplamış materialları göndərilmiş nümayəndələrə təhvil verib yeni tapşırıqlar ilə məşğul olurdu.

1929-cu ildə Həsənəliağa Xan Qaradağski yenidən xəstələnir, dekabr ayının 2-də Şuşa şəhərində vəfat edir və hörmətlə şəhər qəbiristanlığında (Böyük qəbristanlığın şəhərə ən yaxın hissəsində) dəfn edilir.

Uşaqları
Məhəmməd ağa Həsənəliağa oğlu Qaradaği (28.01.1898-19.09.1976) – Şuşa şəhərində anadan olub. Sovet dövründən qabaq adı Xanoğlan ağa idi. Məhəmməd ağa atasının Qaradaği təxəllüsünü özünə soyad etmişdir. Qardaşları Çingiz ağa və Şəfqət ağa isə Xan Qaradağskini azərbaycanlaşdırıb Qaradağlı etmişlər. Bunu Sovet dövründə Xan adından ehtiyatlanmaları ilə izah etmək olar.

Məhəmməd ağa Qaradaği 1920-ci ildən Şuşada və Laçında inzibati işdə və İcraiyyə komitəsi aparatında xidmət edib. 1938-ci ildən müəllimlik etməyə başlayıb. 1945-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1968-ci ildə təqaüdə çıxanadək pedaqoji fəaliyyətlə məşğul olub. Atasının əlyazmalarını qoruyub saxlayaraq onları Azərbaycan Respublikası Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna təhvil vermişdi. Maşın çapı ilə (kiril əlifbasında) atasının həyat və fəaliyyətinə dair bir kitab hazırlayıb onu da Əlyazmalar İnstitutuna təhvil verib. Özünün də gözəl təbi olduğundan bir neçə qəzəl, M.Y.Lermontovdan, Aqniya Bartodan tərcümələri, mahnıları var.

Məhəmməd ağa Bağırzadə Afərim (1906-1929) xanımla, sonra Ruqiyyə xanım Qafar qızı Səfərəliyeva (1912-1989) ilə ailə qurmuşdu. Birinci nikahdan Kamal adlı oğlu (1923-1985), ikinci nikahdan Vahid (1930-2000), Eldar (1932-ci il təvəllüd), Elşad (1940-2001) adlı oğulları, Həmidə xanım (1934-1964) adlı qızı oldu.

Çingiz ağa Həsənəliağa oğlu Qaradağlı (1903-22.11.1969) haqqında qəzetdə verilən nekroloqda yazılır: "...görkəmli maarif xadimi, istedadlı müəllim Çingiz Həsənəlixan oğlu Qaradağlı 1903-cü ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1920-1932-ci illərdə Laçın və Şuşa məktəblərində müəllimlik etmiş, rus dilini zəhmətkeş balalarına öyrətmişdir. 1932-ci ildən etibarən, o, maarif işçiləri həmkarlar ittifaqının respublika komitəsində işləmişdir. Ç.Qaradağlı 1936-cı ildən Bakı Şəhər Xalq Maarif Şöbəsində çalışmışdır. O, yenidən maarif işçiləri həmkarlar ittifaqı respublika komitəsində fəaliyyət göstərmişdir. 1949-cu ildən 1962-ci ilədək Bakı məktəblərində müəllim olmuş və tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir". Sovet dövründən qabaq adı Çingizxan idi.

1942-1945-ci illərdə Çingiz ağa Qaradağlı Ağdam şəhər Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.

Çingiz ağa Qaradağlı "Riyazül-aşiqin" təzkirəsinin müəllifi və şairlər arasında Müştəri təxəllüsü ilə tanınan Məhəmməd ağa Mirzə Sədray oğlu Müctəhidzadənin (1867-1958) qızı Sürəyya xanımla (1909-1974), Külsüm xanım Həşim qızı Talıblı (1910-1983) ilə həyat qurmuşdu. Sürəyya xanımla Çingiz ağanın Fikrət adlı oğlu (1927-1981), Külsüm xanımla isə Aydın adlı oğlu (1929-1980) olur.

Böyükxanım xanım Həsənəliağa qızı Qaradağlı 1913-cü ildə Şuşada anadan olub. Böyükxanım Qaradağlı-Talıbzadə də müəllimlik etmişdi. Ömrünün 60 ilini orta məktəblərlə bağlayıb tarix və coğrafiya fənlərindən dərs demişdir. Böyükxanım xanım XIX əsrin sonu-XX əsrin əvvəllərinin görkəmli ziyalılarından biri olan, Abdulla Şaiqin böyük qardaşı Axund Yusif Ziya Talıbzadənin (1877-1923) oğlu Tələt Talıbzadənin ömür-gün yoldaşı olmuşdur. Onların bir oğlu olub: Davud Talıbzadə (1931-1988). Böyükxanım Qaradağlı-Talıbzadə dünyasını 1992-ci ildə dəyişmişdir.

Şəfqət ağa Həsənəliağa oğlu Qaradağlı (29.03.1916-11.04.1985) Şuşa şəhərində anadan olub. Ömrünü pedaqoji fəaliyyətlə bağlayaraq müəllimlik etmişdi. Qabaqcıl maarif xadimi ada layiq görülmüşdü. Şəfqət ağa Qaradağlı Hörmət xanım Əlirza qızı Məlikrzayeva (1921-1996) ilə ailə qurmuşdu. Şəfqət ağa ilə Hörmət xanımın Yaşar (1934-2007), Elşən (1941-1962), Rövşən (1944-2008) adlı üç oğlu və Hicrət (1949-cu il təvəllüd) adlı qızları olur.


Tarix: 09.02.2015 / 19:17 Müəllif: Feriska Baxılıb: 376 Bölmə: Azərbaycan tarixçiləri