beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fərhad Hümbətov

Həyatı
10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçirən Fərhad 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur.

O zaman Hümbətovun valideynləri də digər azərbaycanlılar kimi tez-tez erməni təcavüzünə məruz qalır, təhlükə içərisində yaşayırdılar. O, bütün çətinliklərə baxmayaraq, doğma kəndinə qayıdır, ailəsini Bakıya köçürür. Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır.

Döyüşlərdə iştirakı
Fərhad 1990-cı il 20 Yanvar faciəsi zamanı təsadüf nəticəsində sağ qalmışdır. Həmin gecə ağır texnika ilə şəhərə daxil olan Sovet qoşun hissələri heç kimə aman vermədən qarşısına çıxan hər şeyi əzib keçirdi. Fərhad bir az da ləngisəydi, tankın altında qalacaqdı. O, bu hadisədən sonra bir tankçı kimi Vətənin keşiyində durmağı qarşısına məqsəd qoyur və 1991-ci ilin oktyabr ayında cəbhəyə gedir. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılaraq, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərir.

Fərhadın döyüş yolu çox çətin olmuşdur. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçmiş və düşmənin 5 postunu dağıtmışdır. Fərhad 1992-ci il 29 martda Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olmuşdur.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Binəqədi rayonunda qəhrəmanımızın adına park salınmış, büstü qoyulmuşdur.


Tarix: 26.01.2015 / 18:43 Müəllif: Feriska Baxılıb: 101 Bölmə: Azərbaycanın müharibələri‎