Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadir Məmmədov

Həyatı
Sadir Məmmədov 14 fevral 1950-ci ildə Azərbaycan Respublikası, Ağdam rayonunun Göytəpə sovetliyinin Kəngərli kəndində anadan olmuşdur. 1956-cı ildə Göytəpə kənd orta məktəbinə daxil olmuş, 1966-cı ildə həmin məktəbin X sinfini bitirərək H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitututunun tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildə həmin fakültəni bitirmişdir. 1970-ci ildən Ağdam rayonu Söyüdlüqol orta məktəbində tarix, ictimaiyyət müəllimi işləmişdir. Eyni zamanda Ağdam şəhəri Üzeyir Hacıbəyov adına müsiqi texnikumunda həmin fənlər üzrə müəllim işləmişdir. 1971-ci ildə hərbi xidmətə çağırılmış, 1972-ci ildə xidməti başa vuraraq Söyüdlüqol orta məktəbində müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 1973-cü ildə Özbəkistan Respublikası Daxili İşlər orqanlarında xidmətə başlamışdır. 1 oktyabr 1973-cü ildə Buxara vilayətinin Nəvoi şəhər daxili işlər şöbəsində cinayət-axtarış bölməsində əməliyyat müvəkkili vəzifələrində xidmətə başlamışdır. 1979-cu ildən Buxara şəhər Daxili işlər idarəsinin cinayət axtarış şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1982-ci ildə Moskva şəhərində keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına daxil olmuşdur. 1984-cü ildə həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Bakı Milis Məktəbində xüsusi fənlər üzrə müəllim, baş müəllim və həmin kafedranın rəisi vəzifələrində işləmişdir. 1986-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. 1988-ci ilin 11 fevralında Dağlıq Qarabağ Muxtar Vilayətində yaranmış vəziyyətlə əlaqədar AR Dİ nazirinin əmrinə əsasən Xankəndində (Stepanakertdə) ezam olunmuşdur. 1989-cu ildə Azərbaycan Respublikası DQMV-i Şuşa Rayon Daxili İşlər Şöbəsinin rəisi, 1990-cı ildə DQMV-nin Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. 1992-ci il iyunun 17-də Ağdərə Rayon Polis Şöbəsinə rəis vəzifəsinə təyin olunmuşam və həmin il iyul ayının 24-də həmin vəzifədən azad olunmuşdur. 1992-ci ildə Özbəkistan Respublikası DİN-nin Ali Milis Məktəbində xüsusi fənlər üzrə baş müəllim vəzifəsində işləmişdir. 1992-ci ilin may ayında Özbəkistan Respublikası DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 1993-cü ildə Azərbaycana qayıtdıqdan sonra Azərbaycan Respublikası DİN-in Narkomaniya və Narkobiznesə qarşı mübarizə İdarəsinin rəis müavini vəzifəsində, 1995-ci dekabrından Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsində şöbə rəisi, 2000-ci ildən isə həmin baş idarədə Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2005-ci ildə yaş həddinə görə Daxili İşlər orqanlarından təqaüdə çıxmışdır. 2007-ci ildə elmi işini müdafiə etmiş və elmlər namizədi alimlik dərəcəsi almışdır. 2010-cu ilin yanvar ayından bu günə kimi Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Diplomatiya və xarici siyasət kafedrasının dosenti və Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzində böyük elmi işçi və Qarabağ bölməsinin rəhbəri vəzifəsində işləyir. Qarabağ müharibəsi veteranıdır. Ailəlidir, 3 övladı, 4 nəvəsi var.


Tarix: 23.01.2015 / 18:10 Müəllif: Feriska Baxılıb: 108 Bölmə: Azərbaycanın müharibələri‎
loading...