beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurban Primov

Primov Qurban Baxşəli oğlu (oktyabr 1880, Gülablı, Şuşa qəzası - 29 avqust 1965, Bakı) — Azərbaycanın xalq artisti, musiqiçi, tarzən.

Qurban Primov müasir Azərbaycan tarının yaradıcısı olan Sadıqcandan dərs almışdır. 1905-ci ildən Cabbar Qaryağdıoğlu və S. Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaratmışdır. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşasında (1908) orkestrin solisti olmuşdur. Q. Primovun ifa etdiyi muğamlar 1912-ci ildə Varşavada "Sport-rekord" firması tərəfindən qrammofon valına yazılmışdır.Mündəricat
1 Həyatı
2 Adlar və mükafatlar
3 Filmoqrafiya
4 Mənbə
5 Xarici keçidlər
6 Həmçinin bax


Həyatı

Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII-ci əsr Qarabağın məşhur aşıqı olan Valehin nəticəsidir. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşaiyət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir.

Məşhur xanəndələri müşaiyət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. Sənəti uca tutan tarzəni görkəmli musiqişünas Şuşinski xatirələrində belə yad edirdi: "Mən Qurban Primovu son dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, "Rahab" çalırdı. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürək oxşayan səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən "Rahabı" 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni 3 dəfə səhnəyə dəvət etdilər".

Xalq artisti Canəli Əkbərov da tarzəni böyük məhəbbətlə xatırlayır: "Mən ağlım kəsəndən bu sənətin aşiqi olmuşam. Dahi sənətkarın evimizdə çoxlu qrammofon valları var idi. Həmişə onlara qulaq asar, eynilə onlar kimi oxuyardım. Hətta Cabbarın oxuduğu "Heyratı"nı eyni ilə onun kimi oxuyardım. Bunu eşidənlər mənə məsləhət bildilər ki, oxumağımı tarzənə eşitdirim. Məqam elə gəldi ki, dənizkənarı parkda Qurban əmini görərək özümü görməməzliyə qoyub oxumağa başladım. Tarzən səsi eşidib ayaq saxladı. Tez tarını çıxardıb məni müşaiyət edərək dinlədi və dedi: "Sən gələcəyin böyük xanəndəsi olacaqsan". Qurban əmi çalanda sanki tar dil açıb danışırdı. Tarzən əlinə tarı alanda çalğısı ilə gözəl rəvan dərsi tədris edən, mahnını sevdirən müəllimi xatırladırdı. Onun çalğısında bir balans, muğam cütlüyündən kənara çıxmayan kvadratura olub".

Canəli müəllim deyir ki, sənətkarın həyatında ən maraqlı hadisə erməni tarzəni ilə yarışması olub. "50-ci illər olardı. Erməni tarzəni Bala Merkomyanla onun sənət yarışması olub. Bu yarış üçün erməni tarzəni xüsusi tar bağladıb. O, "Mahur"u, Qurban əmi isə "Bayatı Şiraz"ı çalıb. Qurbanın çalğısına sinə gərmək hər tarzənə qismət olmayıb. O, elə aydın, səlis yumşaq, şirin çalıb ki, həmkarı tarı qoyub, səhnəni tərk edib". Canəli müəllimə ilk dəfə oxuduğu "Çoban bayatısı"nı da tarzənin çalğısı sevdirib. O, qeyd edir ki, bu cazibədə ifanı eşitməsə idi, bəlkə də oxumaq üçün özündə güc tapa bilməzdi: "Qurbanda Cabbar ifasının qüdrəti var idi. O, heç vaxt musiqinin əlifbasından kənara çıxmayıb. Hər zaman xanəndənin yolunu gözləyib. Necə ki, sənət ədəb-ərkanını Cabbarda görüb, o cür də ömrünün sonuna qədər davam etdirib. Onun səhnəyə adi gəlişində, oturuşunda, tarı tutmağında bir şagird nizam-intizamı olub. O, ömrünün sonuna qədər özünü şagird sayıb". Canəli müəllim deyir ki, tarzənlə yaxınlıq edənlər onun həmişə hörmətini saxlayıb, onda olan yaxşı olan keyfiyyətlərdən bəhrələnməyə çalışıblar.

Qurban Primovla 30 il sənət əlaqəsində olan respublikanın əməkdar artisti Firudin Ələkbərovun da tarzənlə bağlı maraqlı xatirələri var. O deyir ki, Qurban əmi muğamlarımızı dərindən bilən sənətkar olub. Qurban əmi tar çalanda mizrabından qığılcım çıxıb: "Onun vaxtında mikrofon az idi. Ancaq heç vaxt mikrofondan istifadə etməzdi. Onun gur çalğısı bütün zala yayılırdı. Mizrabı simlərə vuran kimi bütün zalda əyləşənləri məcbur edirdi ki, ona qulaq assınlar".

Bəli, onda özünəməxsus çalğı ştrixləri olub. Bunlar onun öz tapıntısı, ürəyinin hərarəti idi. Q.Pirimovu tanıyanlar onun həm də çox zarafatcıl olmasını xatırlayırlar. Həmişə zarafatla tarzənlərə deyərmiş ki, birdən yolla gedəndə sizə daş atarlar, tez əllərinizi gizlədin. Bircə əlləri qoruyun. Qurban Primov haqlı idi. Məhz həmin əllər idi bizləri heyrətə salan, möcüzələr yaradan. Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə bilirdi. Ustadlarımız bu gün böyük sənətkarın yolunu davam etdirərək, öz sələflərini unutmağa qoymurlar. Ancaq Qurban Primovun öz sözləri ilə desək, "öyrənmək ustad olmaqda ümdə şərtdir. Amma gərək hər bir ustadın öz barmaqları olsun".

Qurban Primov, Nabat xanım Ağalar qızı ilə ailə həyatı qurub və Əsgər, Sara, Tamara, Ədilə adında dörd övlad atası olub.

29 avqust 1965-ci ildə, Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Adlar və mükafatlar
Azərbaycan Xalq Artisti (1931)
"Şərəf Nişanı" Ordeni
"Qırmızı Əmək Bayrağı" Ordeni

Filmoqrafiya
Neft və milyonlar səltənətində (film, 1916)-Tarzən (Tammetrajlı Bədii Film)
Bakılılar (film, 1938)
Üzeyir ömrü (film, 1981)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
Qızıl fonddan seçmələr (film, 2001)


Tarix: 03.02.2013 / 18:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 665 Bölmə: Aktyorlar