beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar - Sacilərdən vassal asılılığı

Şirvanşahlar qısa bir müddət – 908 - 909-cu illərdə Cənubi Azərbaycanın ərazisində Sacoğulları sülaləsinin yaratdığı Sacilər dövlətindən vassal asılılığı vəziyyətində olmuşlar. Şirvan şahları Sacilərlə yaxşı münasibətləri qoruyub saxlamağa çalışırdılar. Belə ki, Şirvanşah Yezid h.320 (932)-ci ildə Yusif ibn Əbu Sacın Azərbaycan əmiri Balduyədən qaçaraq, ondan sığınacaq istəyən qulamı Müflihi həbs edib Balduyəyə göndərmişdi. Deylemlilərlə sülh bağladıqdan sonra Şirvanşah onlarla birgə bizanslılara, gürcülərə və digər xristian xalqlara hücum etməyə razılıq vermişdi. Salarilərdən vassal asılılığı

Şirvanşah Əbu Tahir Yəzidin hakimiyyəti dövründə Azərbaycanda Sacilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Onları Deyləmli Salarilər sülaləsi əvəz etdi. Şirvanşahların Salarilərdən vassal asılığında olması haqqında mənbələrdə məlumat saxlanmışdır. İbn Havqəlin h.344 (955)-cü ildə Müsafir Mərzubana vergi verən məlikliklər haqqında məlumatı Şirvanşah Məhəmməd ibn Yəzidin hakimiyyəti dövrünə aiddir. İbn Havqəlin dediyinə görə, "Şirvanşahın (yəni, Şirvanın) şahı və hökmdarı Məhəmməd ibn Əhməd Əzdiyə" qoyulan təzminat bir milyon dirhəm idi.

Dərbəndin birləşdirilməsi
H.333 (944)-cü ildə Dərbənd əhalisi Əbdülməlik əl-Haşiminin oğlu əmir Əhməd əleyhinə üsyan qaldırdılar və onu şəhərdən qovdular. Onlar Şirvanşah Əbu Tahir Yezidin yanına adamlar göndərərək, onu əl-Bab hakimliyinə dəvət etdilər. "Əbu Tahir Yezid oğlu Əhmədi əl-Baba göndərdi və əhali ona öz əmiri kimi sədaqət andı içdi. Əhməd bir qədər orada qaldıqdan sonra əhali onu qovub, Əhməd əl-Haşimini hakimiyyətə qaytardı. Əbu Tahir Yəzid əl-Baibın ətrafına hücum çəkib, oraları qarət etdi".

Sasanilərin hakimiyyəti dövründən ənənəvi olaraq Dərbəndi özünün irsi mülkiyyəti sayan Şirvanşahlar bu iddia ilə dəfələrlə hücum edib oranı tutmuşdular. Lakin həmin vaxt Dərbənddə artıq başqa sülalə - Ərəb Xilafəti tərəfindən təyin edilmiş, ərəb mənşəli Haşimilər hakimiyyətdə idi.

Xəlifələr, Sasanilər dövründə olduğu kimi, sərhəd məntəqəsi olan Dərbəndə böyük əhəmiyyət verərək, onu varlı Şirvan vilayətinə aramsız basqınlar edən xəzərlərdən, köçəri türklərdən və digər xalqlardan müdafiə məqsədi ilə möhkəmləndirirdilər. Onlar Dərbənddəki ərəb qarnizonunun saxlanmasına külli miqdarda vəsait sərf edir, bu xərcləri isə neft hasilatından böyük gəlir götürən Bakıdan və duz mədənlərindən çıxarırdılar. Şirvanşahlar neft quyularının və duz mədənlərinin mədaxilini toplamaq üçün xüsusi vergiyığanlar təyin etmişdilər.

Toplanan gəlir xəlifənin fərmanı ilə vəqf kimi Dərbəndin müdafiəçilərinə ənam verilmək üçün oraya göndərilirdi.”Dərbəndnamə"nin verdiyi məlumata görə xəlifə Mütəmid h.276 (883/4)-cı ildə Məhəmməd ibn Əmmarəni həmin mədənlərin rəisi təyin etdi ki, o, toplanan bütün gəliri keçidləri qoruyan əsgərlərə paylamaq üçün Dərbəndə göndərsin.

Əsərini h.332 (943)-ci ildə tamamlamış əl-Məsudi xəbər verir ki, bu vaxt Şirvanın hakimi h.318 (930)-ci ildə aralarında toqquşma olmuş kürəkəni Əbd əl-Məlik ibn Haşimin ölümündən (h.327 (939)-ci il) sonra Xursanı, Vardanı və Dərbəndi zəbt etmiş Məhəmməd ibn Yəzid idi. Məhəmməd ibn Yəzid bütün sadalanan əraziləri Şirvan və Layzanla birləşdirmişdi. Beləliklə, Məhəmməd ibn Yəzidin hakimiyyəti dövründə Dərbənd birdəfəlik Şirvanşahlar dövlətinin ərazisinə qatılmış, Haşimilər sülaləsinin hakimiyyətinə son qoyulmuşdu.

Kiyev knyazı Svyatoslavın 965-ci ildə Volqaya və Şimali Qafqaza səfəri barədə İbn Havqəlin h.358 (969)-ci ildə verdiyi məlumat da Əhməd ibn Məhəmmədin hakimiyyət vaxtına təsadüf edir. İbn Havqəlin sözlərindən görünür ki, ruslar, Səməndər də daxil olmaqla, bütün Xəzər torpaqlarını tutmuş və vaxtı ilə qüdrətli olan Xəzər dövləti ehtimal ki, bu sarsıntıdan sonra bir daha özünə gələ bilməmişdi. Xəzər xaqanlığından qaçanlar Abşeron və Manqışlaq yarımadalarında sığınacaq tapdılar. İbn Havqəlin dediyinə görə bəzi qaçqınlar Şirvanşah Məhəmməd ibn Əhməd əl-Əzdinin köməyilə Xəzər paytaxtlarına (İtil, Xəzəran) qayıtmağa başlamışdılar. Şirvanşah onlara öz qoşunu və adamları ilə yardım göstərmişdir.


Tarix: 12.02.2015 / 13:37 Müəllif: Feriska Baxılıb: 134 Bölmə: Şirvanşahlar dövləti