beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xursan

Xursan – Tarixi Azərbaycan ərazisinin bir hissəsi. Şirvana tabe olan kiçik vilayətlərdən biri.

Xursan – Xrsan adına ilk dəfə V əsr müəllifi Yeğişedə rast gəlinir. "Erməni coğrafıyası"nın qədim nüsxəsində Asiya Sarmatiyasının xalqları sırasında xsranların da adı çəkilir. Həmin coğrafiyanın yeni nüsxəsində deyilir: "Qafqaz iki dağ silsiləsinə bölünür. Onlardan biri düz istiqamətdə Şirvan və Xsrvandan keçərək Xorsvemədək uzanır..." Xsranlar, xsrvan adları, görünür, təhrif olunmuş xursanlar, xursan, eləcə də, Xors-Xurs, qayası demək olar, Xorsvem Beşbarmaqdır.

IX əsr ərəb müəllifı əl-Yəqubi XIII əsrdə xəzərlərin xəlifə ordusu ilə müharibəsi barədə məlumat verərkən ərəb sərkərdəsi Yəzid ibn Üseydin geri çəkildiyi Ərməniyyədəki Xurs vilayətinin adını qeyd edir. Xursanın adı əl-Bəlazuridə Sasani I Xosrov Ənuşirəvanın (VI əsr) Cənubi Dağıstanda al-ləkzlərin Xursanşah titullu şahını və hal-hazırda mövcud olmayan Məsqət məmləkətinin şahını təyin etməsi münasibətilə çəkilir. Sonra müəllif xəbər verir ki, Mərvan ləkzlərin müqavimətindən sonra (VIII əsrin birinci yarısının sonunda) sülami ərəbi Həşrəmi onlara hakim təyin etdi, özü isə Şirvan hakiminin "dəniz sahilindəki Xirş (Xurs) adı ilə məşhur olan qalasına yollandı. Qalanın hakimi (Mərvanın) öz üzərində hakimiyyətini dərhal tanıdı və düzənliyə endi".

Bakının qədim adı Xursanı xatırladan Xunsar olmuşdur. Ehtimal ki, müəyyən dövrlərdə, Abşeron da daxil olmaqla, Xıdır-Zində və Beşbarmağa qədər cənuba doğru dənizboyu yerlər Xursanın tərkibinə daxil olmuşdur. Xursan vilayəti geniş ərazini tuturdu və görünür, Məsqətdən (Müşkürdən) cənubda Dərbənd bölgəsinin cənub hissəsinə müvafiq olub, artıq Şirvanın tərkiibnə qatılmış ləkz ərazisinin bir hissəsi idi. X əsrin sonunda Cənubi Dağıstandakı ləkz vilayətləri artıq Şirvanşaha tabe edilmişdilər. Ehtimal ki, Şirvanşahlardan başqa ləkz və tat tayfalarının məskun olduğu Xursan vilayəti Qafqaz dağlarının yamaclarınadək, Lahıcla Quba arasında yerləşirdi. Həmin tayfaların qalıqları indiyədək buradakı Buduq, Xınalıq, Qrız və Haput kəndlərində yaşayır. Sulut, Məlhəm, Qonaqkənd, Zarat, Dəmirçi və s.ətraf kəndlərlə birlikdə Lahıc (Layzan)da Xursan vilayətinin tərkibində idi.


Tarix: 12.02.2015 / 19:05 Müəllif: Feriska Baxılıb: 208 Bölmə: Ümumi