beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsgəran qalası

Əsgəran qalası – El arasında "Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.Ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə də Azərbacan ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.

Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdürdü. Əsgəran qalası çayın hər iki sahili boyunca sağ və sol sahilində tikilmişdir. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş, ikiqat daş divarlarından ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləriylə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilmişdir. Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqların yaratdığı kompleksindən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafıə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilmişdir. Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirir.

Yuxarı qala həyətinin hər küncündə bir bürc yerləşməklə demək olar ki, kvardrat formalı qapalı istehkamdır. Bu həyətdən aşağı həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar vardır. Aşağı həyət şərq tərəfdən açılmışdır, belə ki, hər iki divar yalnız çaya çatır. İstehkamın sol sahildəki altı bürcün hər biri mərkəzində kiçik aşınma olan tağtavanla iki mərtəbəyə ayrılır. Üçüncü mərtəbə yalnız mazğallara qədər mühafızə olunub. Yuxarıdakı kvadrat biçimli istehkam, görünür, müdafiə sistemində xüsusi əhəmiyyət kəsb edirdi və elə inşa olunmuşdu ki, hətta qalanın aşağı hissəsi düşmənin əlinə keçdikdə də burada mübarizəni davam etdirmək mümkün olsun. Hündürlüyü 9 m, qalınlığı 2 m-dən ibarət qala divarları üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilmişdir. Horizontal sıralı döşəmə daşlar tikintini daha da canlandırır.

Məlum olduğu kimi erməni təcavüzü nəticəsində bir çox abidələrimiz kimi Əsgəran qalası da düşmən əlinə keçib. Lakin Əsgəran qalasının təcavüzə məruz qalması hərbi münaqişədən əvvəl baş verib. Azərbaycan abidələrinə erməni təcavüzü bir neçə yolla həyata keçirilir: 1. Erməniləşdirilmə – qonşu xalqların abidələrini mənimsəyərək öz abidələri kimi təqdim etmək. 2. Mədəniyyət və arxeoloji abidələrə qarşı terrorizm – abidələrin dağıdılması və məhv edilməsi.

Əsgəran qalası indi erməni işğalı altında olmaqla yanaşı, həm də erməniləşdirilməyə də məruz qalıb. Belə ki, Şaqen Mkrtçyanın "Историко-архитектурные памятники Нагорного Карабаха" (Dağlıq Qarabağın tarixi – memarlıq nümunələri) adlı kitabında bölgədəki digər abidələrlə yanaşı Əsgəran qalası da mənimsənilərək tarixi tamamilə təhrif olunub. Kitabda qalanın adı Mayraberd-Əsgəran kimi göstərilir. Qalanın adının necə yarandığını açıqlayan müəllif onun orta əsr erməni kəndi olan Mayraberd kəndi yaxınlığında salındığından kəndin adı ilə Mayraberd, qoşunların dayanacaq yeri olduğu üçün isə Əsgəran adlandırıldığını bildirir. Qalanın adına gəldikdə, məlumdur ki, Azərbaycanın bu bölgəsində nə orta əsrlərdə, nə də sonra bu adda yer adına, nə də toponimikasında bu cür mənşəli sözə rast gəlinməyib. Qalanın adının ikinci hissəsinə gəlincə isə Əsgəranı rus variantında Askeran səsləndirən müəllif açıq şəkildə saxtakarlığa əl atdığını biruzə verir, Əsgəran sözünün mənşəyinə gəldikdə isə "Azərbaycan toponimləri. Ensiklopedik lüğət"də toponim XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın (digər məlumata görə Mehrəli xanın) tikdirdiyi Əsgəran qalasının adı ilə əlaqələndirilir. Qalanın adı isə Əsgəran adlı yerlə bağlanaraq, Azərbaycan dilindəki əski (köhnə, qədim) sözündən və Aran toponimindən ibarət olduğu göstərilir. Qiyasəddin Qeybullayev Əsgəran toponimini Azərbaycan dilindəki əski – "qədim", "köhnə" sözündən və Arran etnonimindən ibarət olduğunu yazır: "Əsgəran rayonu ərazisində Pənah xan tərəfindən tikilmiş "Əsgəran" qalasının xarabalıqları vardır. Qala yerin adı ilə Əsgəran adlanmışdır, başqa sözlə qala tikilməzdən əvvəl ərazi ətraf əhali içərisində Əsgəran, (yəni Əski Aran) adı ilə məlum idi".
Qalanın tikilmə tarixindən söz açan erməni müəllif onun 1778-1779-cu illərdə müdafiə məqsədilə tikildiyini bildirsə də, qalanın kimin tərəfdən inşa olunduğunu qeyd etməyi lüzum görmür. Qeyd etmək lazımdır ki, müəllif qalanın tikilmə tarixini də yanlış göstərir. Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılmışdır. Bir qisim tarixçi qalanın tikilməsini Mehrəli xan Qarabağlıın, digər qisim isə İbrahimxəlil xanın adı ilə bağlayır. Eyni zamanda tikilmə tarixi də müxtəlif cür verilir. Rzaqulu bəy Mirzə Camal oğlunun "Pənah xan və Ibrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri" əsərində müəllif qeyd edir: "Mərhum İbrahim xanın yadigarlarından üçüncüsü hər iki Əsgəran qalasıdır. Bu qalaları hicri 1203, miladi 1786-cı ildə tikdirmişdir. (Əslində Əsgəran qalaları 1783-1784-cü illərdə tikilmişdir - qeyd Nazim Axundovdandır.). Bu qalalar Şuşa qalasının üç ağaclığında, Qarqar çayının keçidi olan iki dağın arasında yerləşmişdir. Şirvan, Şəki və Dağıstan vilayətləri əhalisi mərhum Pənahəli xan Qarabağlı ilə düşmən olduqlarından ehtiyat üçün böyük oğlu Ibrahim xana vəsiyyət etmişdi ki, əgər fürsət tapmasam, sən bu iki Əsgəran dağının arasında iki qala tikdir ki, düşmən gələn zaman piyada qoşunlarımız bu qalalarda olsunlar. Oradan Şuşa qalasına 8 verstə qədər məsafə vardır. Düşmən oradan keçib qalaya gələ bilməz.

Belə ki, bu qalaların ətrafı möhkəm dağlar, meşələr, daşlar, qayalar və böyük səhralardır. Düşmənçilik zamanı elat xalqı və başqaları orada sığınacaq edərlər. Qalalarda tüfəngçilər qoyarlarsa düşmən oradan keçib, zülm və talan etmək fıkri ilə əlini uzadıb xalqın mal-qarasını qarət və talan edə bilməz. Mərhum Ibrahim xan həmən vəsiyyətə görə hər iki qalanı birini Şərq, o birini isə Qərb tərəfdə daş və əhənglə tikdirib, möhkəm bürc və barı çəkdirdi". Mirzə Vəli bəy Baharlının "Əhvalati-Qarabağ" əsərində qalanın salınması Pənah xanın adı bağlanır:"...Pənah xan qalanı tamam edib və Pənahabad adı qoyub, sonra yenə fıkrə düşüb ki, qaladan bir neçə ağac aşağa bir qalaça qoşundan ötrü təmir etsin. Belə ki, həmən Əsgəran adlanan qalaçaları ki, biri Qarqar çaymın o tərəfində və birisi digər tərəfdə təmir olub, həmən qalaçaları təmir elədib və bir cəm qoşun həmişə qalalarda durarmışlar". XIX əsr Azərbaycan tarixçisi Əhməd bəy Cavanşir "1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi vəziyyətinə dair" adlı əsərində yazırdı: "Mehrəli xan Qarabağ xanlığının idarəsini ələ aldıqdan sonra, atasının vəsiyyətinə əsasən xanlığın daxili işləri ilə məşğul olur; Şuşanın möhkəmləndirilməsini başa çatdırır, o zamanlar köçəri tayfaların qışladığı Şuşa ətrafındakı yerlərə basqın edən quldur dəstələrinin yolunu kəsmək üçün Əsgəran və Ağoğlan qalalarını tikdirir". Bu faktı Y.A.Paxomov da təsdiqləyir: "Qala İbrahim xanın qardaşı və Pənah xanın oğlu Mehrəli xan tərəfindən hicri təqvimi ilə təqribən 1172-1174-cü illərdə (miladi 1750-1760) tikilmişdir".
Göründüyü kimi qalanın müəllifi və tikilmə tarixi nisbətən mübahisəli olsa da çox güman ki, qalanın inşasının əsası Mehrəli xan Qarabağlı tərəfindən qoyulmuş, İbrahim xan tərəfindən isə davam etdirilərək başa çatdırılmışdır. Qalanı tikdirənin adını çəkməməsi məlumdur ki, erməni müəllifinin maraqlarından kənardır. Şaqen Mkrtçyan qalanı siyasi təbliğat üçün istifadə etməyi də unutmur: "1805-ci ilin iyununda 40 minlik İran ordusu onlarla erməni kənd və monastırlarını qarət edib, yandıraraq Şuşa qalasını ələ keçirmək və orada yerləşən rus qarnizonunu məhv etmək məqsədilə Qarqar dərəsinə soxuldular. Şuşaya köməyə gələn mayor Karyaginin 400 nəfərlik dəstəsi Əsgəran yaxınlığında Xramort kəndi ərazisində mühasirəyə düşdü. Rus ordusunu qaçılmaz ölümdən xilas etmək üçün başda məliklər Vani və Akop Yüzbaşı Atabekyanlar olmaqla Qarabağ könüllüləri həyatlarını təhlükə altına ataraq rus döyüşçülərini mühasirədən çıxartdılar. Kusapat və Moxratax əhalisi isə öz qida ehtiyyatlarını rus əsgərləri ilə bölərək onları aclıqdan xilas etdi".

Rus ordusunun köməyinə gələn ermənilər barədə həqiqətən əsərində kifayət qədər saxtakarlıq və təhriflərə yol verən V.Pottonun yazdığına görə o zaman Vani adlı erməni Qarabağda ruslara kömək edir: "Şuşada mühasirədə olan Lisaneviçə köməyə gələn Karyagin iyunun 24-ü tezdən çaydan keçərək Şah Bulağa doğru irəlilədi. Lakin İran qoşunları tərəfindən mühasirəyə düşdü. İran süvarilərinə zərbələr endirərək dəstə artıq Əsgəran dərəsinə yaxınlaşdı, lakin birdən onların qarşısını Pirqulu xanın əsas qüvvələri kəsdi. Aydın idi ki, farslar artıq Əsgəran qalasında möhkəmləniblər və Şuşaya gedən yol bağlanıb. Vəziyyət çox təhlükəli idi. Yalnız bir yol qalmışdı – müdafiə üçün daha etibarlı yer tapmaq. Xoşbəxtlikdən Karyaginin dəstəsində bütün ətraf ərazini çox yaxşı tanıyan Vani-yüzbaşı adlı bir gənc erməni vardı və o, Qara-Hacı-Baba adı ilə tanınan böyük müsəlman qəbirstanlığının yaxınlığındakı təpəni göstərdi və orada müdafıə olunmağı təklif etdi. Yer həqiqətən əlverişli idi və Karyagin bu məzarlığa çataraq orada möhkəmləndi".


Tarix: 12.02.2015 / 18:20 Müəllif: Feriska Baxılıb: 326 Bölmə: Ümumi