beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

4 iyun Gəncə qiyamı

4 iyun Gəncə qiyamı – Gəncədə Surət Hüseynov rəhbərliyi ilə hökumətə qarşı qiyam.
4 iyun 1993 – Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

8 iyun 1993 – Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Bu arada respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib.

9 iyun 1993 – Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib.

13 iyun 1993 – Milli Məclisdə Gəncə hadisələri (4 iyun) ilə bağlı gərgin müzakirələr başlayıb. Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi tələb edirdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşüb.

15 iyun 1993 – Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev parlamentin sədri seçilib.

17 iyun 1993 – Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edərək Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırıb. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub.

24 iyun 1993 – Milli Məclisdə ölkədəki ağır siyasi böhran geniş müzakirə olunub. Prezident Ə.Elçibəylə danışıqlar aparmaq üçün Kələkiyə getmiş bir qrup ziyalılının nəticəsiz geri dönməsindən sonra parlament Konstitusiyanın tələbini nəzərə alaraq prezident səlahiyyətlərinin Ali Sovet sədrinə verilməsi barədə qərar qəbul edib. Parlamentin qərarı ilə Ali Sovetin sədri Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayıb.

27 iyun 1993 – Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın şimalında Ağdərə (Mardakert) rayon mərkəzini ələ keçiriblər. Ağdərə 1992-ci ilin yayında Azərbaycan ordu hissələrinin nəzarətinə keçmişdi. Ağdərə şəhəri ilə yanaşı, rayonun bir neçə kəndini ələ keçirən ermənilər Ağdam şəhərinin bir neçə kilometrliyinə gəlib çıxıblar.

30 iyun 1993 – Milli Məclis prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin təqdimatı əsasında Surət Hüseynovun baş nazir təyin olunmasını təsdiqləyib. Bu təyinat Gəncə hadisələrindən sonra ölkədə yaranmış böhranı qismən aradan qaldırmaq, S.Hüseynovun arxasındakı qiyamçı hərbi birləşmələri neytrallaşdırmaq üçün zəruri addım idi.


Tarix: 12.02.2015 / 15:08 Müəllif: Feriska Baxılıb: 130 Bölmə: Ümumi