beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Skiflərin Ön Asiya tayfaları ilə münasibətləri

Skiflər Manna dövləti ərazisində məskunlaşdıqdan sonra Assur sərhədlərini təhdid etməyə başladılar.
Aşşurbanipalın (e.ə. 668-635/27) "Rassam silindri" adlanan kitabəsinə görə Assurla ittifaq bağlamağı rədd edən, "öz gücünə arxalanan və lovğalanan" Luddu (Lidiya) hökmdarı Quqqu (Qiqes) kimmerlərlə döyüşdə öz ölümünü tapdı. Bu hadisə astrologiyaya bağlı bir mətndə də əks olunmuşdur. Bu mətndə göstərilən astronomik məlumatların tədqiqi həmin hadisənin dəqiq tarixini məhz e.ə.657-ci il 16/17 may kimi söyləməyə imkan verir. Aşşurbanipalın dövrünə aid ilahə İştarın şərəfinə yazılmış mərmər lövhədəki mətndən bizə öz hakimiyyətini saklar və Qutium (bu ad altında Manna nəzərdə tutulur) üzərində bərqərar etmiş kimmer (Q.Qeybullayevə görə əslində sak) hökmdarı Tuqdammenin adı məlumdur.

Təqribən e.ə. 639-cu ildə Tuqdammenin vərəsəsi Sandakşatru Assurun Şimal-Qərb sərhədlərinə təcavüz edir. Elə həmin dövrdə skif-massaget birləşmələri assurlar tərəfindən məğlub edilir və Azərbaycana doğru geri çəkilməyə məcbur olur. Bu məğlubiyyətdən sonra Assur mənbələrində massagetlərin adı çəkilmir (masssagetlər Azərbaycanın Şimal-Şərq sərhəddlərinə köçərək indiki Dərbənd-Xaçmaz bölgəsində məskunlaşmışdılar). Skiflər uzun müddət Yaxın Şərqdə təhdidedici qüvvəyə çevrildilər. Burada bir şeyi də qeyd etmək lazımdır ki, bu ərazidə baş verən bütün bu hadisələr Assuriyanın zəifləməsinə və süqutuna səbəb oldu. Bunu Aşşurbanipaldan sonra rəsmi dövlət kitabələrinin olmaması da sübut edir.

Assurlara qarşı mübarizədə mannalar skiflərin köməyindən faydalanır, müttəfiq kimi birgə çıxış edirdilər. Qələbələrini sadalayan Assur hökmdarı Asarxaddon özü haqqında məlumat verir:

"Manna ölkəsinin adamlarını, ram olmayan kutiləri pərən-pərən salan mən silahla onları xilas edə bilməyən müttəfiq, skif İşpakayın qoşununu əzişdirdim".

Lakin skif hökmdarları tədricən elə güclənir ki, onu öz müttəfiqi kimi görmək istəyən Asarxaddon öz qızını skif hökmdarı Partatuaya ərə vermək yolu ilə skiflərlə münasibətləri nizamlamağa çalışdı. Lakin bu işlə də sülh əldə edilmədi. Belə ki, orakullara müraciət mətnlərini tədqiq edən Y.Aronun fikrincə skiflər Asarxaddonun hakimiyyətinin son illərində təhdidedici qüvvə olaraq qalmaqda idilər. O, öz nəticəsini onunla əsaslandırır ki, Partatuanın adı çəkilən mətn düşmən skifləri xatırlayan digər mətnlərdən əvvəl tərtib olunmuşdur.

Bizə məlum olan mixi yazılı məmbələrə görə Skif hökmdarlığı təqribən 80 il mövcud olmuşdur. Herodotda daha bir skif hökmdarının – Prototinin (mixi yazlı mənbələrdəki Partatua ilə eyniləşdirilir) oğlu Madinin adı saxlanmışdır. (Herodot,I,103) Onun dövründə skiflər Midiya hökmdarı Kiaksarı məğlubiyyətə uğradıb Midiyada özlərinin 28 illik hökmdarlıqlarını yaratdılar və viranedici yürüşlərini həyata kçirdilər. Lakin madaylar skifləri məğlub edərək yenidən öz hakimiyyətlərini bərpa edə bildilər. Skiflər isə yenidən Şimali Azərbaycana doğru geri çəkildilər.


Tarix: 05.02.2015 / 13:01 Müəllif: Feriska Baxılıb: 208 Bölmə: Ümumi