beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çaykənd əməliyyatı

Çaykənd əməliyyatı — Göygöl rayonunun (keçmiş Xanlar) Çaykənd kəndinin erməni işğalçılarından azad edilməsi ilə başa çatmış əməliyyat.

1991-ci il 17 mart tarixində SSRİ-nin yeni ittifaq müqaviləsi əsasında saxlanılmasına dair referendumun keçirilməsi nəzərdə tutulurdu. Azərbaycan rəhbərliyi referendumun keçirilməsinə razılıq verdi, Ermənistan isə 5 digər müttəfiq respublika ilə birlikdə boykot yolunu tutdu. Ona görə də Kreml Ermənistan rəhbərliyini cəzalandırmaq və yenidən öz təsir dairəsinə qaytarmaq üçün bəzi yarımçıq addımlar atmaq qərarına gəldi. Sovet imperiyasının Müdafiə və Daxili İşlər nazirliklərinin, həmçinin Azərbaycan XTMD-nin 6 minlik qüvvəsi ermənilərin baza rayonlarına qarşı yeridildi. Bu qüvvələrin 3 min nəfəri Azərbaycan Xüsusi Təyinatlı Milis Dəstəsinə məxsus idi və əsas ağırlıq da onların üzərinə düşürdü.

Çaykəndin azad edilməsi SSRİ-nin rəhbəri Mixail Qorbaçov, SSRİ müdafiə naziri, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycanın rəhbəri Ayaz Mütəllibov səviyyəsində müzakirə olunmuş, respublika rəhbərlərinin hamısı Xanlara (indiki Göygöl) gəlmiş və 1991-ci ilin aprelin 30-da başlamış əməliyyat mayın 4-də tamamlanmışdı.

30 apreldən 15 may tarixinə qədər davam edən əməliyyat nəticəsində Çaykənd (Getaşen), Qarabulaq (Martunaşen), Hadrut istiqamətlərində ermənilərin bir sıra baza məntəqələri ləğv edildi, canlı qüvvələri, o cümlədən Ermənistan Daxili İşlər Nazirliyinin 11 əməkdaşı məhv edildi. Lakin Moskva əməliyyatı çox tez dayandırdı və baza rayonlarının ləğv edilməsi başa çatdırılmadı. İyul ayında Azərbaycan XTM Dəstəsi müstəqil şəkildə Goranboy rayonunun içərilərinə doğru irəlilədi. Ağır döyüşlərdən sonra Manaşid, Buzluq, Erkəç baza məntəqələri düşmənlərdən azad edildi. 1991-ci ilin yaz-yay əməliyyatndan sonra ermənilər ciddi şəkildə geri çəkildilər.

1991-də azərbaycanlıları Ermənistandan deportasiya başa çatdırıldıqdan sonra Respublika fərmanı ilə qaçqınlar Xanlar (Göygöl) rayonun həmin ermənilərdən təmizlənmiş Çaykənd və Qarabulaq kəndlərinə köçürüldü.

Çaykənd əməliyyatı ilə yanaşı eyni zamanda Xocavənd rayonu ərazisində Hadrut separatist erməni silahlıları tərk-silah edildi.


Tarix: 12.02.2015 / 15:07 Müəllif: Feriska Baxılıb: 109 Bölmə: Ümumi