Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ömər Xəlvəti

Ömər Xəlvəti - Mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi, xəlvətilik təriqətinin banisi.

Haqqında
Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və qardaşı oğlu, xəlvətilik təriqətinin banisi, piri və mürşidi Əbu Abdulla Siracddin Ömər Xəlvəti şeyx nəslindən olub, soyu Şirvanın məşhur şeyx ailələrinə dayanır. Atası Şeyx Əkmələddindir. Pir Ömər Avaxıl kəndində dünyaya göz açmış və burada böyümüşdür. Daha sonra Xarəzmə getmiş və orada Məhəmməd Xəlvətinin söhbətlərində yetişmişdir. Daha sonra əmisi ilə birgə Heriyə gəlmiş, ölümündən sonra onun yerinə səccadəyə oturmuşdur. Öncə Xoy şəhərində, sonra Misirdə, daha sonra Hicazda elm öyrənmişdir. Sultan Üveysin dəvəti ilə Təbrizə gəlmiş, orada bir versiyaya görə 1349-cu ildə, digər bir versiyaya görə isə 1397-ci ildə vəfat etmişdir. Mehmet Rıhtım birinci tarixi daha çox həqiqətə uyğun hesab edir. Ləmazatda onun qəbrinin Təbriz yaxınlığında, Mir Əli türbəsi adlanan yerdə olduğu bildirilir.

Şamaxının Avaxıl kəndində Pir Ömər Sultan ziyarətgahı deyilən qədim bir qəbristanlıq var.

Pir Ömərin xəlvətilik təriqətində sahib olduğu mövqe böyükdür. Xəlvətiliyin bir çox prinsipləri onun tərəfindən qoyulmuşdur. Bunlardan biri təriqətin ad atası olmasıdır. Bir digəri də təriqətin əlaməti saylan tacın (papaq ,əmmamə) formasının onun tərəfindən müəyyənləşdirilməsidir.

Şeyxin xəlvət məsələsində göstərdiyi israr xəlvətilikdə xəlvətin ən mühüm cəhətlərindən biri, bəlkə də birincisi halına gəlməsinə səbəb olmuşdur. Beləliklə təriqətin adı da Xəlvətilik kimi müəyyənləşmişdir. Zahidiliyin digər qolu olan səfəvilik təriqəti daha sonralar xəlvəti tərk edərək cəlvəti üstün tutmuşdur. Yəni xəlvətiliyin əksinə olaraq, xalqla birlikdə olmağa üstünlük vermiş, cəlvətiliyə çevrilmişdir.

Onun hər hansı bir əsərinin olması barədə mənbələrdə məlumat verilmir. Ancaq mənqəbənamələrdə onun bəzi sözləri nəql edilmişdir.


Tarix: 11.02.2015 / 17:56 Müəllif: Feriska Baxılıb: 136 Bölmə: Ümumi
loading...