beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan müəllimlərinin IV qurultayı

Azərbaycan müəllimlərinin IV qurultayı — 25 may 1925-ci ildə keçirilmişdir.

IV qurultayın gündəliyindən
1925-ci il mayın 25-dən iyunun 1-dək Bakıda Azərbaycan sovet müəllimlərinin I (əslində Azərbaycan müəllimlərinin IV qurultayı) qurultayı çağırıldı.

250 nəfər nümayəndənin iştirak etdiyi qurultayın gündəliyində aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdu:

1. Şuralar İttifaqının beynəlxalq vəziyyəti.

2. Şura quruluşunda maarif məsələləri.

3. Müəllimin ictimai rolu.

4. Müəllimlər və Lenin Kommunist Gənclər İttifaqı.

5. Müəllimlər və həmkarlar hərəkatı.

Qurultayda birinci söz Azərbaycan MİK-in katibi Tağı Şahbaziyə verilmişdir. O, çıxışında müəllimlərin ictimai həyatda böyük rolundan danışmış, fəhlələrlə kəndlilərin ittifaqının möhkəmləndirilməsi zərurətinə toxunmuşdur.

D.Bünyadzadə Azərbaycan Kommunist Firqəsinin Mərkəzi Komitəsi tərəfindən qurultayı təbrik edərək müəllimlərin xüsusən kəndlərdə rolunun genişləndirilməsini vacib saymışdır.

Qurultayda Xalq Komissarlar Sovetinin sədri Qəzənfər Musabəyov respublikada mədəni quruculuq sahəsində Azərbaycan müəllimlərinin vəzifələri barədə çıxış etmiş, müəllimləri öz fəaliyyətini mədəniyyətin inkişafına, cəhalətlə mübarizəyə, zəhmətkeş balalarının savadlandırılması işinə həsr etməyə çağırmışdı. Qurultayda xalq maarif komissarı Mustafa Quliyev hesabat məruzəsi ilə çıxış etmiş (2 saat Azərbaycan, 2 saat rus dilində), I və II pilləli məktəblərin, ali məktəblərin milliləşdirilməsi məsələlərindən danışmış, məktəb şəbəkəsinin inkişafından bəhs etmişdi.

Məruzə əsasında qurultayın geniş qətnaməsi qəbul edilmişdi. Qətnamədə yeni sovet məktəbinin gələcək inkişaf yolları müəyyənləşdirilmiş, ötən illərdə (1920-25-ci illər) məktəb quruculuğu sahəsində görülmüş işlərə yekun vurulmuş, qarşıdakı dövrdə məktəb şəbəkəsinin daha da inkişaf etdirilməsi, qadın təhsilinin prioritetlərdən biri kimi ön plana çəkilməsi, məktəb tikintisi, yeni tipli maarif ocaqlarının yaradılması, savadsızlığa qarşı mübarizə, dərslik nəşrinin genişləndirilməsi və digər mədəni-maarif məsələlərinin həlli yolları qərara alınmışdı.

Qurultayda Azərbaycan SSR-də məktəb quruculuğu sahəsində qazanılmış nailiyyətlərə yekun vuruldu və qarşıda duran vəzifələr müəyyənləşdirildi.

Mayın 27-də keçirilmiş III iclasda Şəmkir, Lənkəran, Zaqatala, Cəbrayıl, Salyan, Dağlıq Qarabağ, Göyçay və s. bölgələrdən olan nümayəndələr çıxış etmişlər. Ali məclisdə son sözü Mustafa Quliyev demiş, əlifba məsələsinə aydınlıq gətirmişdi.


Tarix: 12.02.2015 / 14:40 Müəllif: Feriska Baxılıb: 135 Bölmə: Ümumi