beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan şəhəri - Orta əsrlər

Sasanilərin hakimiyyəti
Erkən orta əsrlərdə Naxçıvan inkişaf edir və böyüyürdü. Məhz bu dövrdə Naxçıvanda Sasani şahlarından III Yezdəgirdin hakimiyyəti zamanı (632 – 651) Naxçıvanda Yezidabad qalası inşa edilmişdir. Bu zaman şəhərdə 30 minə yaxın yaşayış evi və 150 mindən artıq əhali var idi. Naxçıvan Ekbatandan (müasir Həmədan şəhəri yaxınlığında) Artaşata (Ermənistanın qədim paytaxtlarından biri olan bu şəhərin xarabalıqları hazırda şərqi Anadolu ərazisindədir) gedən yollar üzərində mühüm ticarət və sənətkarlıq mərkəzi hesab olunurdu. Şəhər İranın, Gürcüstanın (xüsusilə Msxeti bölgəsinin) bir sıra şəhərləri ilə, Qara dəniz limanları, Kiçik Asiya və Beynəlnəhreyndəki şəhərlərlə sıx ticarət əlaqəsi saxlayırdı.

VI əsrin I yarısından Naxçıvanda Sasanilərə məxsus zərbxana fəaliyyət göstərməyə başlamışdır. Bu, Azərbaycanda ən qədim zərbxanalardan biri hesab edilir. Tarixçi – numizmat prof. Y. A. Poxomovun fikrincə, Sasani hökmdarlarının adından kəsilmiş “naxç” işarəli gümüş dirhəmlər Naxçıvan zərbxanasına məxsusdur. 625 – ci ildə Bizans imperatoru İraklinin (619 – 641) yürüşü nəticəsində dağıdılan Atropatena – Adərbayqan şəhərlərindən biri də Naxçıvan olmuşdur.

Ərəb Xilafətinin tərkibində
654 – cü ildə isə Naxçıvan xəlifə Osman ibn Affanın (644-656) hökmranlığı zamanında ərəblər tərəfindən tutulmuşdur. Həbib ibn Məsləmə Naxçıvanı işğal edəndən sonra onun əhalisi ilə sülh müqaviləsi bağlamış və aşağıdakı fərmanı vermişdi:

"Bismillahirrəhman-irrəhim. Bu fərman Həbib ibn Məsləmə tərəfındən Naşava (Naxçıvan) şəhəri əhalisinə, onun burada olan və olmayan kahinlərinə və yəhudilərinə, ona görə verilir ki, mən sizin əmin-amanlığınızı və əmlakınızı, sizin kilsə və ibadətgahlarınızı və şəhərinizin hasarlarını mühafızə altına alıram. Siz əmin-amandasınız və biz sizinlə bağladığımız müqaviləni o vaxtadək yerinə yetirməyi təəhhüd edirik ki, siz özünüz ona əməl edib cizyə və xərac verəsiniz, ən mötəbər zamin olan Allah özü buna zəmanətdir. Fərman Həbib ibn Məsləmənin möhürü ilə təsdiq olunur".

Ərəb əmiri Həbib ibn Məsləmə ilə Naxçıvan əhalisi arasında bağlanmış sülh müqaviləsinə görə Naxçıvan əhalisi Xilafətə hər il cizyə və xərac ödəməyi öhdəsinə almışdı. 656 – cı ildə Naxçıvan qalası yaxınlığında Xilafət və Bizans qoşunları arasında güclü döyüş baş vermişdi. Bizansa qarşı əsas dayaq nöqtələrindən biri olan Naxçıvan Ərəb Xilafətinin Azərbaycanda inzibati və hərbi mərkəzi və ərəb əmirlərinin əsas iqamətgahlarından biri idi.


Tarix: 12.02.2015 / 14:13 Müəllif: Feriska Baxılıb: 154 Bölmə: Ümumi