beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mannada Memarlıq

Manna dövləti ərazisində müxtəlif yaşayış yerlərində arxeoloji qazıntılar aparılmış və müxtəlif qala – şəhərlər aşkarlanmışdır. Bu tipli yaşayış məskənləri ən çox Qərbi Azərbaycanda tədqiq olunmuşdur. Burada Urartu memarlıq cizgiləri ilə səciyyələnən qara vulkan daşından tikilmiş dördbucaqlı tikili olan Siyahtəpə qalası aşkar edilmişdir.

Yaxınlıqda isə Oğluqala adlı qala yerləşir. Urmiya gölünün sağ sahilində Kazımbaşı təpəsindəki xarabalıqda da qala divarlarının qalıqları aşkar edilmişdir. Mərənddən 19 km Şimal – Qərbdə, Livar təpəsində qala divarlarının qalıqları aşkar edilmişdir. Güclü yanğın izləri qalmış evlər yonulmamış daşlardan hörülmüşdür. Küncləri bürclü və geniş meydançalı qala divarlarının bir hissəsi saxlanılmışdır. Qazıntılar nəticəsində çoxlu Urartu keramikası (e.ə.VIII əsrədək) üzə çıxarılmışdır. V.Klayss gümün edir ki, Livar qalasının mövcudluğu Urartu dövründə Mərənd düzənliyinin sıx məskunlaşdığını göstərir və çox güman ki, II Sarqonun yürüş yolu bu vadidən keçmişdir.

Araz çayı vadisində Türkiyə – Azərbaycan – İran sərhədlərinin qovşağında Qala Sərənc adlanan qala aşkar edilmişdir. Müdafiə divarları Qərb tərəfdə yaxın, Şərq tərəfdə isə seyrək yerləşdirilmiş bürclərə malikdir. Uşpu – Nəgadehdən 8 km Şimal – Şərqdə keramika tapıntılarına görə Urartu dövrünə aid edilən istehkamın qalıqları aşkar edilmişdir. İstehkamın divarları yonulmamış sal daşlardan tikilmişdir. İndi bürc çıxıntıları gözə dəymir. Bu tikili çox güman ki, Uşnu vadisindən Urmiya düzənliyinə gedən yol üzərində keşikçi istehkamı olmuşdur.

Uşnudan 15 km Şərqdə çox böyük və dik bir təpədə qalatgah xarabalıqları yerləşir. Bəzi yerlərdə yaxşı yonulmuş sal daşlardan tikilmiş müdafiə divarları qalmışdır. Təpənin ən yüksək nöqtəsindən bütün Uşnu vadisi və Sulduz vadisinin bir hissəsi görünür.Qalatgah tapıntıları Həsənli III dövrünə uyğun gəlir. Keramika Həsənli və Ziviyə tapıntılarında olduğu kimi sadə və üçbucaqlarla cızılıb haşiyələrlə bəzədilmiş oyma oturacaqlı qırmızı və boz monoxrom gil məmulatı ilə təmsil olunur. Bundan əlavə bir neçə zərif, diqqətlə şüyrələnmiş Urartu tipli qırmızı keramika qalıqları da aşkar edilmişdir.Burada ağ daşdan hazırlanmış qaçan heyvan təsvirini stilizə edən Urartu tipli çökük silindrvari möhür də tapılmışdır. Silindrin asmaq üçün ilgəyi də var. Buradan sındırılmış daş blok üzərində Urartu kiitabəsi də aşkarlanmışdır. Mətndə Urartu hökmdarları İşpuini və Menuanın adları çəkilir.

Makudan Cənub – Şərqdə, Ağçay çayı vadisində, Bastam kəndi yaxınlığında böyüklüyünə görə az qala Van qalası və Torpaqqala ilə müqayisə ediləcək qədər möhtəşəm və yaxşı qalmış qala aşkar edilmişdir. Bir qədər əvvəl bu rayondan aşkar edilmiş və hazırda Tehran Arxeolji Muzeyində saxlanılan kitabəsin sayəsində müəyyən edilmişdir ki, qala Urartu hökmdarı II Rusa (e.ə.685-645) dövründə tikilmişdir. Kitabədə "Rusanın kiçik şəhəri"nin Xaldi tanrısına həsr olunmuş məbədin tikintisi barədə məlumat verilir. Təpənin ətəyində qala ilə eyni dövrdə mövcud olmuş, yaşayş məskəni yerləşirdi. Tikili qalıqları göstərir ki, burada binalar daş bünövrələr üzərində çiy kərpicdən tikilmişdilər. Buradan üzərində silindrvari möhür izi və mixi yazı olan gil bulla tapılmışdır. Yaşayış məskəni də qala ilə eyni vaxtda məhv olmuşdur. V.Klayssa görə qala və yaşayış yerləri təxminən e.ə. 600-cü ildə məhv edilmişdir.


Tarix: 27.01.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 126 Bölmə: Ümumi