beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İranzunun hakimiyyəti

Hökmdar Udakidən sonra e. ə. 737-ci il yüruşləri ilə əlaqədar III Tiqlatpalasarın və II Sarqonun e. ə. 718-ci ilə aid kitabələrində Manna hökmdarı İranzunun adı çəkilir.[126] Manna özünün ən parlaq çiçəklənmə dövrünə, görünür hökmdar İranzunun sələfləri və onun öz hakimiyyətinin əvvəllərində çatır. İranzunun sələflərinin adları bizə məlum deyildir, belə ki, həmin dövrdə Manna ilə daha çox toqquşan Urartu hökmdarı öz kitabələrində Manna hökmdarlarının adlarını çəkmirlər. Onlar ümumiyyətlə nadir hallarda öz rəqiblərinin adlarını çəkirlər. Lakin həmin dövrdə Mannanın Urartu əleyhinə hücuma keçməsi faktının özü Mannanın gücləndiyini göstərir. Buna Aşşurun Mannada hərbi əməliyyatlar aparmaması da şərait yaradırdı. Aşşur hökmdarı III Tiqlatpalasar artıq Aşşuru xeyli dərəcədə narahat edən madaylarla mübarizə ilə məşğul idi. III Tiqlatpalasarın e. ə. 744 və e. ə. 737-ci illərdə madaylar əleyhinə apardığı hərbi yürüş marşrutlarının İ. M. Dyakonov tərəfindən aparılmış təhlili göstərir ki, bu yürüşlərin yolları Mannanın şərq sərhədləri boyunca keçmiş, lakin onun ərazisinə toxunmamışdır.[127]

Bu Mannanın bir hərbi qüvvə kimi varlığını, eləcə də onun Aşşur ilə dostluq münasibətlərini göstərir.[128] III Tiqlatpalasar həmin dövrdə Urartu ilə də mübarizə aparırdı və bu mübarizədə sonuncunun zəifləməsi nəticəsində Mannanın vəziyyəti yüngülləşdi.[129] Manna dövlətinin böyüklüyü barədə biz II Sarqonun nəzarətindən azad olmağa çalışan asılı əyalətlər və onun tabeçiliyində qalan əyalətlər haqqındakı müfəssəl məlumatına əsasən təsəvvür yarada bilərik. Urartu görünür öz qüvvələri ilə Manna ilə bacara bilməmişdir və ona görə də Mannaya tabe olub müstəqilliyə cəhd göstərən əyalətlər arasında özünə dayaq axtarmışdır. Naxçıvan və Manna ərazilərində aşkar edilmiş arxeoloji materiallarda izlənilən sıx mədəni əlaqələr belə deməyə imkan verir ki, görünür müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir.[130] İranzunun hakimiyyətinin sonunda Manna hökmdarının mövqeyi bir qədər zəifləyir. Zikertu əyaləti ilə birlikdə Şuandaxul və Durdukka şəhərləri də onun əleyhinə çıxır. II Sarqonun köməkliyilə onlar yenidən Mannaya tabe edildilər.


Tarix: 27.01.2015 / 17:49 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Ümumi