beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alazan çayı sahilində döyüş

Qney Pompey VI Mitridatı təqib edərkən iberlərlə döyüşməli oldu, onların məğlubiyyətə uğratdı və hökmdar Artokun iki oğlunu girov kötürdü. E.ə. 65-ci ilin əvvəlində, o, albanların üsyan qaldırması xəbərini aldı. Plutarx yazır ki, Qney Pompeyə albanların yeni qiyamı barədə məlumat çatdı. Qney Pompey hirs və qəzəb içində geriyə, onlara qarşı döndü. O, yenə Kür çayını çətinliklə keçdi və ordunu təhlükə qarşısında qoydu, çünki barbarlar çayın sahilinə uzun çəpər çəkmişdilər. Susuz çöllə uzun və əziyyətli məsafə (yol) keçəcəyini nəzərə alaraq, o, on min tuluğun su ilə doldurulmasını əmr etdi. Düşmənə qarşı gedən Qney Pompey onları Abanta (ind. Alazan) çayı yaxınlığında, artıq döyüş qaydasında düzülmüş gördü. Barbarların ordusu 60 min piyada və 12 min süvaridən ibarət idi. Dion Kassinin məlumatına görə, Qney Pompey albanları qəfil yaxalamaq üçün Armeniyanın ərazisi ilə hərəkət etdi. Ehtimala görə, o, indiki Ağstafa tərəfdən Kürün sahilinə çatdı. Buradan Alazan çayına doğru hərəkət etdi. Alazan çayının sahilində Pompeyi albanlar gözləyirdilər. Plutarxın məlumatına görə, alban ordusunun başında hökmdarın qardaşı Kosis dayanmışdı. Yəqin ki, ilk döyüş əməliyyatını keçirmək Kosisə həvalə edilmişdi. Döyüş meşədə başladı. Dəstənin bir hissəsinə hökmdarın qardaşı Kosis başçılıq edirdi. Dion Kassi Pompeyin hərbi taktikası barədə yazırdı ki, o, öncə süvariləri yerləşdirdi, piyadaları isə onların arxasında qalxanla dizi üstə oturdaraq, səssiz-səmirsiz gözləməyi əmr etdi. Pompeyin məqsədi Oroysu tələyə salmaq idi. Pompeyin hiyləsini başa düşməyən albanlar süvarilərə hücum etdilər. Süvarilər qəsdən geriyə çəkilib, yan tərəflərə dağılışdılar. Bu məqamda Pompeyin piyada dəstələri döyüşə atılaraq alban süvari dəstələrini mühasirəyə aldılar. Qanlı döyüş başlandı. Döyüşün gedişində Kosis Pomleyin dayandığı yerə çatdı və nizəsini ona atdı. Lakin nizə onun zirehli geyiminə dəyib yerə düşdü. Pompeyin atdığı nizə isə Kosisi ölümcül yaraladı. E.ə. 65-ci ildə baş vermiş bu döyüş romalıların qələbəsilə sona yetdi. Alban qoşununun qalan hissəsi qaçıb meşədə gizləndi. Pompey meşəni mühasirəyə aldı. Onun əmrilə meşə yandırıldı və orada gizlənən alban döyüşçüləri həlak oldular. Appian yazır ki, əsirlərin arasında xeyli yaralı qadınlar vardı. Antik müəlliflər onları amazonkalar adlandırırdılar.

Alban süvari dəstələri və Kosis Pompeyin qurduğu tələyə düşərək, məhv oldular. Oroys döyüşə girməyib dağlara çəkildi. Güman ki, o, yenidən müqavimət göstərmək niyyətində imiş. Lakin Pompey sülh yolu ilə albanları razı saldı. Antik müəllif Flor (II əsr) yazır ki, Pompey "albanlara mərhəmət göstərdi. O, Qafqaz altında düşərgə salaraq, Oroysa düzənliyə enməyi əmr etdi". Oroys Pompeyin yanına getmədi, lakin ona məktub və hədiyyələr göndərdi. Oroysun barışıq təklifini Pompey qəbul etdi. Burdan belə bir nəticə çıxır ki , Albaniya xalqı yazı ilə tanış idi və bunun ən böyük sübutu da Alazan çayı sahilində döyüşdən sonra Pompey və Oroys arasında olan məktublaşmalar oldu .

Bəzi qədim qaynaqlarda deyilir ki, "Pompey... albanların və indi alan adlandırdığımız massaketlərin ölkəsini keçdi, bu tayfanı da məğlub etdi və Xəzər dənizini gördü". Plutarx isə yazır ki, "döyüşdən sonra Pompey Hirkan, yaxud Kaspi (Xəzər) dənizinə doğru hərəkətə başladı, lakin sürünən zəhərli ilanlar üzündən bu niyyətdən əl çəkdi"

Əslində isə, albanların yenidən üsyana qalxması və yolun çətinliyi onu Xəzər dənizinin sahilinə çıxmaq niyyətindən daşındırmışdı. Pompey albanlarla sülh sazişinə gəldikdən sonra, ona müraciət edən digər tayfalarla da müqavilə bağladı. Ola bilsin ki, Pompey kaspilərlə də ittifaqa girmişdi. Dion Kassinin yazdığına görə, "Pompey albanlar ilə sülh sazişi, sonra isə elçilər vasitəsilə Kaspi dənizinə qədər Qafqazın bəzi başqa sakinləri ilə müqavilələr bağladı". Yadellilərə qarşı müharibədə albanlara köçərilər də kömək edirdilər, onlar Qafqaz Albaniyasının müqəddəratında böyük rol oynayırdılar. Bospor padşahlığında tezliklə VI Mitridata qarşı üsyan qalxdı. Üsyanın başında onun oğlu Farnak dayanırdı. E.ə. 63-cü ildə Mitridat həlak oldu. Bospor padşahlığı Roma hakimiyyəti altına keçdi.


Tarix: 10.01.2015 / 13:10 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Ümumi