beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Laçın haqqında bilmədiklərimiz

Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb.

1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.

Məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında «Laçın» sözü diqqəti cəlb edir.Onun adı belədir: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar gəlmişlər. O zaman «Laçın» türk tayfası Türkmənistanın cənubunda Kopetdağında məskunlaşmışdılar. Hindistanda yaşayıb-yaratmış, dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında tayfasının adı göstərilmişdir.

«Laçın» türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayırdı. Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana pənah gətirib. Onlar Qarabağın yuxarı bölgəsində — Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskən salmışlar. «Laçın» türk tayfasının bir hissəsi isə Hindistanda sığınacaq tapmışdır.

Orta əsrlərdə Azərbaycanda Laçın qalası və Laçın şəhəri də olmuşdur. Qarabağda Laçın qalasının olmasını Kirakos Gəncəli qeyd etmişdir. O, yazır ki, Laçın Həsən Cəlalın qalalarından biri idi. Azərbaycanda orta əsrlərdə Laçın adlı şəhər də olmuşdur ki, bu şəhərdə pul kəsilirdi. Bu şəhər Çobani xanlarının zamanında daha da şöhrətlənmişdi.

Ermənistan ordusu 1992-ci il mayın 17-də Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək Laçını işğal edib. İşğal 18 mayda tam başa çatıb...

İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib.

Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

Laçınlılar Respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.

Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 238 nəfər şəhid olub, 66 adam girov götürülüb, 105 nəfər əlilə çevrilib. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsi ilə daxil olub.


Tarix: 10.12.2014 / 11:08 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Ümumi Melumat