Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənətkara Azadlıq
Sənətkara Azadlıq

Xəlil Rza – bir ağ saçlı bahadır,
Elbrusdan,Savalandan ucadır.
Hər misrası bir qızıl gül,qonçadır.
Başı qarlı,özü bahar laləzar.
Azad edin,hür yaşasın sənətkar.

Arxasında aşıb – daşır milyonlar,
Neylər ona əyləncələr,oyunlar?
Ey tüfəngli,avtomatlı qoyunlar,
Kameranın gözü kordur,özü kar.
Azad edin,qələm çalsın sənətkar.

Od nəfəsi barmaqlığı yandırır.
Müdrik sözü qanmayanı qandırır.
Şair hansı təlatümdən yan durur.
Qoşun ona alagözlü bir nigar.
Azad edin,eşq əhlidir sənətkar.

Gedin,öpün ayağından,əlindən.
Üzr istəyin obasından,elindən.
İldırımdır,düşüb göyün qəlbindən.
Hər sətrində Misri qılınc hökmü var,
Azad edin,yerdi,göydü sənətkar.

Azərbaycan – planetin gözüdür.
Bağrı - atəş,daşı – gövhər,özü – dür.
Xəlil Rza – insanlığa sözüdür.
Anlayırmı əqli naqis,gözü dar:
Zindanlara sığa bilməz sənətkar.

Aleksandr Yakov oğlu köçəri,
Əziz ŞairŞsalma dərdi içəri.
Bu darğalar nökərindi,nökərin.
Ya əfv elə,ya da itib batsınlar.
Biz qulunuq,sənətkardı hökmdar.

Çiçək səpək yolağına,yoluna.
Şux gözəllər gəlib girsin qoluna.
Çələng verək ərzin cəsur oğluna,
Fələk yalnız ucaldanı ucaldar.
Yerin,göyün baş tacıdır sənətkar.

Xəlil Rza – Azadlığa bayraqdar,
Məhbəsləri söküb tökən əzmi var.
Buraxmasa qul ürəkli ağalar,
Sök zindanı,ey laləzar,ey bahar!


Tarix: 01.06.2015 / 11:33 Müəllif: Aziza Baxılıb: 158 Bölmə: Xəlil Rza UluTürk
loading...