Ustad Şəhriyarın bu taya
Gələcəyi xəbərini eşidərkən yazılıb
Fəxr et,gözün aydın Azərbaycanım !
Güz günü qoynuna ilk bahar gəlir.
Çiçək sərgisidir Milim,Muğanım,
Əllərdə titrəyən laləzar gəlir.
Mənim varlığımda bir şad xəbər var.
Desəm,buz içindən göyərər bahar.
Gərər qanadını qoca qartallar,
Görərsən yüz şahin,min şonqar gəlir.
Sığmır yatağına nə Araz,nə Kür.
Xəzərə qəlbimdən Xəzər tökülür.
Ayrılıq sədləri lay – lay sökülür.
Yurdumun yarısı mənə dar gəlir.
O tayda bit atəş,bir günəşdi o,
Arazın üstündən dalğın keçdi o.
Baxdı...gözlərilə nəhri içdi o.
Sərhədlər,məftillər tarimar gəlir.
Axır dağdan axan sellərlə birgə,
Çırpınır çöllərdə ellərlə birgə,
Ana da,oğul da bəxtiyar gəlir.
Bir rəssam nəqş edib “Heydərbaba”nı,
Baxmağa çağırır eli,obanı.
Fırçası – kirpiyi,rəngi – öz qanı,
Əl boyda şəkildə dünyala gəlir.
Mənim xəstə anam qalxır yataqdan,
Səsinə səs verir quşlar budaqdan.
Sevinci coşğundur çaydan,bulaqdan,
Cansız sinəsinə iqtidar gəlir.
Nədir əllərdəki,bu lalə,nərgiz?
Bu hansı rayihə,hansı ətirdi?
O,özü gəlmədi,onu sevgimiz
Canlı maqnit kimi çəkdi,gətirdi.
Gəlir,gözlərində sevinc dolu yaş,
Brilyant taclara əyilməyən baş,
Baş əyir müqəddəs Azərbaycana.
Öp o ağ saçları,ey qaya,ey daş !
Bu axşam hamının gözü ondadı.
Sənətin ən böyük sözü ondadı.
Yanar bir ocağın közü ondadır,
Çıxıb od içindən bir qatar gəlir.
“Humayun” üstündə çalacaq özü,
“Segah” odlara salacaq bizi.
Üçcə tel üstündə ana Təbrizi
Dünyaya göstərən bir setar gəlir.
O incə tellərə qurban olum mən,
Arazım süzülür o pərdələrdən.
Gözümdə,könlümdə göz yaşı dən – dən,
Üstümdə gah çiçək,gah da qar gəlir.
Bu gün sevincimdən divanəyəm mən,
Zərgər gəlib çıxıb,dürdanəyəm mən,
Gör hansı işığa pərvanəyəm mən,
Fikrimə az qala nağıllar gəlir.
Bir az gecikmisən,möhtərəm ustad !
Vahid çox gözlədi,görmədi,heyhat,
Mən elə bilirəm:bura bu saat
Sökülüb tökülən bir məzar gəlir.
Döndü gülüstana fəxri xiyaban.
Cabbarlı,Üzeyir,Vurğun yanbayan.
Vətən milyon – milyon işıqlarla yan !
Hər iki sahili işıqlandıran
Qəlbimiz dünyaya məşəldar gəlir.
Mətin əqidəli,mərd etiqadlı,
Tərlan arzuları,Təbriz qanadlı,
Koroğlu qılınclı,Babək inadlı,
Savalan köküslü sənətkar gəlir.
Can atır çayları Kürləşdirməyə,
Xırda duyğuları iriləşdirməyə.
Quzeyi Güneylə birləşdirməyə
Fəxr elə,ey Vətən,Şəhriyar gəlir.
Tarix: 01.06.2015 / 11:33 Müəllif: Aziza Baxılıb: 255 Bölmə: Xəlil Rza UluTürk