Əgər çatılsaydı qaşın kamanı,
Kainat ətrinə dəysəydi əgər,
Elə silkələrdim mən asimanı,
Ulduzlar tut kimi tökülədilər.
Qayıt, apardığın günəşlə qayıt,
Günəşsiz qalmışam, aysız qalmışam.
Sanki təcrid edib məni kainat,
Mən sözə-söhbətə parçalanmışam.
Qayıt evimizə, qayıt deyirəm,
Məni də özünlə qaytar gətir sən.
Gecə də qapını açıq qoyuram,
Bəlkə də...Bəlkə...Bəlkə də birdən...
Səni ömrüm boyu gözləyəcəyəm,
Qayıt deyəcəyəm son nəfəsimdə.
Ancaq yalvarıram, sevmirsən əgər,
Qayıtma, qayıtma, "qayıt" desəm də.
Sevmədim dünyada qızıl-gümüşü,
Dedim ki, vüqarım - etibarımdır.
Gözəl sevgilimin şirin gülüşü
Mənim dövlətimdir, mənim varımdır.
Sevmədim dünyada varı-dövləti,
Onları həyatda əfsanə sandım.
Bax, həmin dediyin varı-dövləti
Öz halal qanımla özüm qazandım.
Axtarıb gəzərəm sirdaşlarımı,
Gəzərəm ömrümün baharı kimi.
İstəsə sevgilim, göz yaşlarımı
Düzərəm boynuna mirvari kimi.
Uca bir dağam ki başı qarlıyam,
Demə zirvəndəki o bulud nədir.
Mən ki varlılardan daha varlıyam,
Dövlətim məhəbbət, varım sevgidir.
Qəlbimə sığmayan dünya elə bil,
Sənin yaşadığın küçəyə sığıb.
Qaşların kədərdən düyünlənəndə,
Mənim də qəlbimi kədər, qəm sıxıb.
Bizdən sizə qədər ölçülüb çox vaxt,
Ömrü kədərin də, xoşbəxtliyin də.
Ömürlük səadət taparam inan,
Sənin bircə anlıq xoşbəxtliyində.
Məhəbbət yaşadır insanı hər an,
Səndən ayrı düşüb, ayrılsam da mən,
İstərəm o qədər xoşbəxt olasan,
Mənə də pay düşə səadətindən.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 211 Bölmə: Sevgi şerləri