Adını yandırdım eşq çırağımda,
Saxladım sirrini dodaqlarımda.
Durub gecə-gündüz dərd otağımda,
Səni gözləyirdim,başqası gəldi.
Xəyalım yanından itirdi sənsiz,
Səbrim tükənirdi, bitirdi sənsiz.
Gözüm yollarını çəkirdi sənsiz,
Səni gözləyirdim başqası gəldi.
Usanmış könlümün səndin, imdadı,
Qışqırır, yanına çatmır fəryadı.
İnan istemirdim özgəni, yadı ?
Səni gözləyirdim başqası gəldi.
Bilmirdim, xatirəm qalmaz yadında,
Əvvəl alışırdım sevgi odunda.
Sevindim qapının astanasında,
Səni gözləyirdim başqası gəldi.
Axtardım özgədə doğmamı tapdım,
Ruhuna qərq olub canımı tapdım.
Dərin baxışların sehrində azdım,
Səni gözləyirdim başqası gəldi.
Vədəmiz hədərdi, əhdimiz yalan,
Seliylə sevgiyi yuyacaq zaman.
Vallah, başqasını sevmədim, inan,
Səni gözləyirdim başqası gəldi.
Sözün qəmzəlidi, söhbətin şirin,
Nolar, göz yaşını axıtma, sevin !
Qonaq müqəddəsdi, neynəsin momin?
Səni gözləyirdim başqası gəldi.
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Sevgi şerləri