AÇIQ SAXLA Dərd qəlbini deşik-deşik dələn olar, Öz dərdinin soyuğunda ölən olar. Öz ömrünü sənin ilə bölən olar, Qızdır evi qəlbindəki od-ocaqla, Qəlbini də, qapını da açıq saxla! Vaxtsız ağrı qamətini əysə belə, Sevənlərin qəmdən libas geyə belə. Vaxtsız əcəl qapıları döysə belə, Sən həyatı həyat kimi sıx, qucaqla, Qəlbini də, qapını da açıq saxla! Allah səni ocaq kimi pir eləsin, Min dərdini heç eləsin, bir eləsin. Tanrı sənə öz qəlbində yer eləsin, Min qucağa salam göndər bir qucaqla, Qəlbini də, qapını da açıq saxla! Ustad bilər, ozan bilər, lələ bilər, Sevincini, həsrətini bölə bilər. Yolçu olan səni deyib gələ bilər, Yaxşılıqda yüzə yetiş, mini haqla, Qəlbini də, qapını da açıq saxla! Bu dünyanın bu başından o başına, Sevinc göndər yoldaşına, qardaşına. Görən görsün, bilən bilsin, duyan duysun, Bir sirdaş ol yerlə, göylə, bu torpaqla, Qəlbini də, qapını da açıq saxla!
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi şerləri