Yox sözün desə də mənə sevgilim ,
Ağlayıb köksümü sellə yağlama.
Demə ki, ürəyin ağlayır sənin
Ürək ağlasa da gözlər ağlama.
Baxma ki, dünyada kədərim çoxdur,
Baxma ki, dünyada sevənim yoxdur,
Hicranı qəlbimə batan bir oxdur,
Ürək ağlasa da gözlər ağlama.
Neyliyim dünyanı, onsuz bu varı,
Sən mənə sevdirdin vəfasız yarı,
Günəş də çıxmadı əridə qarı
Ürək ağlasa da gözlər ağlama.
Sevdiyim o, gözəl atsa da məni,
Qara saçlarıma salsa da dəni,
Düşmənim ağlayan görməsin səni
Ürək ağlasa da gözlər ağlama.
]Ürəyim ağlayır, ağlayır yaman,
Dərdimi eşidib inləyir kaman,
Bil, kömək olacaq dərdimə zaman
Ürək ağlasa da gözlər ağlama.
Bəlkə də bu kədər keçici hissdir,
Bu sönən ocaqdan çıxan bir hisdir,
Ağlamaq kor edər, korluqsa pisdir
Ürək ağlasa da gözlər ağlama.
Zamanlar keçəcək, illər ötəcək,
Hicran kədərləri artıq itəcək,
Ürək sevmək üçün səni seçəcək
Ürək ağlasa da gözlər ağlama.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Sevgi şerləri