Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

10-cu hissə
10-cu hissə

O gecə ay görünmürdü. Yelkənli qayıq Xəzər dənizinin donuq suları dalğaları üzəri ilə yellənə-yellənə
üzürdü. Acı və duzlu su köpükləri üzümüzə səpələnirdi. Qayığın başımızın üstündəki qapqara yelkəni
gecə vaxtı nəhəng bir quşun qanadlarını andırırdı.
Mən qoyun dərisindən olan kürkə bürünüb qayığın göyərtəsində uzanmışdım. Sükançımız girdə və
saqqalsız sifətini laqeydliklə ulduzlara tərəf çevirib baxırdı. Başımı qaldırdım və əlim qoyun dərisinin
qıvrım tüklərinə toxundu. “Seyid Mustafa?” deyə səsləndim.
Çopur Mustafa başını mənə tərəf əydi. O, əlində dənələri qırmızı olan təsbehini çevirirdi... Elə bil
barmaqları qan damlaları ilə oynayırdı.
Seyid Mustafa:
– Narahat olma, Əli xan, mən buradayam. “Sən rahat yat” – dedi.
Onun gözlərini yaşlı görüb, durub oturdum.
– Məmməd Heydər həlak oldu – dedim. – Onun cəsədini Nikolay küçəsində gördüm. Burnu ilə
qulaqlarını kəsmişdilər.
Seyid üzünü mən tərəfə çevirdi:
– Ruslar Bayıl tərəfdən gəlib bulvarı mühasirəyə aldılar. Sən onları Duma meydanından qovub,
çıxardanda onlar bulvar tərəfə qaçırdılar.
Yadıma düşdü:
– Sonra da Əsədullah gəldi və hücum əmrini verdi. Biz süngü və xəncərlə hücuma keçdik. Biz hücuma
keçərkən sən yasin surəsini oxuyurdun.
– Bəs sən? Sən də düşmənlərinin qanını içirdin. Bilirsənmi Haşım evinin dalanında kimlər bizi
gözləyirdi? Bütün Naçararyanlar nəsli. Onlar hamısı qırıldı.
Hamısı qırıldı, – deyə təkrar etdim. Mən Haşım evinin damında səkkiz pulemyot ələ keçirdim. Biz
bütün məhəlləyə hakim olduq...
Seyid Mustafa alnını ovuşdurdu. Elə bil onun üzünə kül üfürmüşdülər: “Evin damında bütün günü
pulemyot atəşi davam etdi. Kimsə sənin ölmüş olduğunu söylədi. Nino da bunu eşitdi, ancaq heç bir
şey demədi. O, otağında oturub susurdu. Pulemyotlar da atəş açmaqda davam edirdilər. Nino birdən-
birə əlləri ilə üzünü tutdu və “Qurtarın artıq, qurtarın” – deyə çığırdı. Amma pulemyotçular öz
işlərində idilər. Sonra hərbi sursatımız qurtardı. Ancaq düşmən bunu bilmirdi. Atəş kəsiləndə, düşmən
elə zənn edirdi ki, bu bir tələdir. Musa Hacı da öldü. Lalay onu əlləri ilə boğub öldürdü... Daha
deməyə bir söz yoxdur”.
Mən susurdum. Sükançımız hələ də ulduzlara baxırdı. Yüngül dəniz küləyi onun rəngarəng ipək
libasını yellədirdi.
Seyid sözünə davam edib dedi:
– Sənin Sisianaşvili darvazası yanındakı əlbəyaxa vuruşunda olduğunu eşitdim. Mən şəxsən bu hadisəni
görmədim, çünki qala divarlarının o biri başında idim.
– Düzdür, mən əlbəyaxa – vuruşunda oldum. Orada qara meşindən pencək geymiş bir cəmdək var idi.
Mən onu xəncərimlə dəldim. O, qana boyandı. Mənim xalam qızı Aişəni də öldürdülər.
Dəniz sakit idi. Qayığın gövdəsindən qətran iyi gəlirdi. Qayıq, Qızılqum səhrasının sahilləri kimi adsız
idi.
Seyid yavaşca danışırdı: – Məscidlərimizin möminləri ilə gələn meyitləri üst-üstə qaladıq. Sonra da
xəncərimizi siyirib düşmənin üstünə cumduq. Bu döyüşdə çox adam həlak oldu. Lakin məni Allah
qoymadı ölüm. İlyas bəy də sağdır. O kənddə gizlənir. Heç bilirsən sizin evinizi necə talan etdilər.
Evinizdə heç bir şey qalmadı: nə bir xalı, nə mebel və nə də qab-qacaq. Hər şeyi soyub apardılar. Yalnız
lüt divarlar qaldı.
Gözlərimi yumdum. Bütün bədənim elə bil yaxıb yandırıcı bir ağrıdan ibarət idi. Bibiheybətin xam
neftlə islanmış sahilində meyitlərlə dolu arabalar və əlində bir bağlama tutmuş Nino gözlərimin
qabağına gəldi. Nargin adasından qüllədən fənərin işığı gəlirdi. Şəhər gecənin zülmət qaranlığında
qərq olmuşdu. Qapqara neft buruqları qəmgin sifətli həbsxana qarovulçularını xatırladırdı...
İndi də burada, kürkə bürünüb qayığın göyərtəsində uzanmışam və dözülməz bir ağrı sinəmi
yandırırdı. Başımı qaldırdım. Qayığın balaca bir küncündə Nino uzanmışdı. Onun sifəti çox solğun
idi. Soyuq əlini əlimə aldım və barmaqlarının yavaşca titrəyişini hiss etdim.
Arxamızdakı qayığın sükançısı yanında atam oturmuşdu. Onların söhbətləri qırıq-qırıq qulağıma
çatırdı. Mənasız şeylər danışırdılar.
Atam deyirdi:
Deməli siz həqiqətən inanırsınız ki, Cərco vahəsində insanlar öz istəkləri ilə gözlərinin rəngini
dəyişdirə bilirlər? Sükançı da buna cavab verib dedi ki, bəli Əli xan, dünyanın yalnız bir yerində
insanlar gözlərinin rəngini dəyişdirə bilirlər. O yer də – Cərco vahəsidir. Vaxtı ilə müqəddəs bir kişi
bu barədə qabaqcadan xəbər vermək qabiliyyətində olmuşdu.
Mən Ninoya müraciətlə dedim:
– Nino, atam Cərco vahəsinin möcüzəsi barədə söhbət edir. Hər halda dünyanın dərdlərinə tab
gətirmək üçün insan gərək belə olsun.
Nino cavab verdi:
– Yox Əli xan, mən belə edə bilmərəm. Mən belə etməyi bacarmıram. Əli xan, bilirsən, küçənin
tozları da qandan qıpqırmızı olmuşdu.
O üzünü əllərinin içinə aldı və için-için ağlamağa başladı. Onun çiyinləri əsirdi...
Mən onun yanında oturdum və böyük qala divarının bayırındakı Duma meydanını, Məmməd
Heydərin Nikolay küçəsində sərilmiş meyitini, birdən-birə qırmızı rəngə boyanan qara meşin pencəyi
xatırladım. Həyatda sağ qalmaq insana iztirab verirdi.
Çox uzaqlardan atamın səsi gəldi: Deyirsən Çələkən adasında çoxlu ilanlar var?
– Bəli, xan, həm də həddindən artıq uzun və zəhərli ilanlar... Ancaq indiyə kimi o ilanları heç kəs gözü
ilə görməyib. Yalnız Mərv vahəsində yaşayan müqəddəs bir kişi nəql eylədi mənə...
Mən bu danışığa dözməyib, sükana yaxınlaşdım və dedim:
– Ata, Asiya məhv olub, dostlarımız döyüş meydanında həlak olublar, biz də didərgin düşmüşük. Biz
Allahın qəzəbinə gəlmişik, sən isə burada oturub Çələkən adasındakı ilanlardan danışırsan.
Atamın sifətindəki ifadə dəyişmədi. O qayıqdakı kiçik yelkən dirəyinə söykənib, uzun zaman üzümə
baxdı:
– Oğlum, Asiya məhv olmayıb. Onun yalnız sərhədləri dəyişilib. Bakı artıq Avropa olub, bu təsadüfi
deyil. Çünki Bakıda artıq asiyalı qalmamışdır.
– Ata, mən üç gün, üç gecə Asiyanı pulemyot, süngü və xəncərimlə müdafiə etmişəm.
– Sən cəsursan, Əli xan, Lakin, cəsarət dediyin nədir? Avropalılar da cəsurdur. Sən və səninlə birlikdə
döyüşənlərin hamısı artıq asiyalı deyilsiniz. Mən Avropaya nifrət etmirəm. Sadəcə ona qarşı etinasızam.
Avropanın bir tikəsini sən özündə daşıyırsan. Sən rus məktəbində oxumusan, latıncanı öyrənmisən,
arvadın da avropalıdır. Sən özünə hələ də asiyalı deyirsən? Sən müharibədə qalib gəlsəydin, Avropa
həyat tərzini sən özün Bakıya gətirəcəkdin. Bizim üçün nə fərqi var, ölkəmizdə zavod və fabrikləri
kimlər tikəcək – biz və yaxud ruslar. İşlər o durumda davam edib gedə bilməzdi. Saysız-hesabsız
düşməni məhv edib qana susamaq yaxşı asiyalı olmaq demək deyil.
– Bəs nə zaman yaxşı asiyalı sayılmaq olar?
– Sən yarı avropalısan, Əli xan. Ona görə də bu sualı verirsən. Onu sənə izah edə bilmərəm, çünki sən
həyatda yalnız adi gözlə görünən şeyləri görürsən... Sən ancaq yerə baxırsan. Bax, buna görə
basılmağımız səni ağrıdır və sən ağrıdığını büruzə verirsən.
Atam susdu. Baxışları donuq bir ifadə almışdı. O bizim həqiqi dünyamızdakı şeylərdən daha artığını
bilirdi.
O bakılı və iranlı qocaları kimi başqa bir dünyadan içərisinə çəkilə biləcəyi, orada kimsənin özünə
girişə bilməyəcəyi, hücum etməyəcəyi bambaşqa bir dünyadan xəbərdar idi. Halbuki mən bu insanın
dostlarını basdırdıqdan sonra bir yelkənli qayığın sükançısı ilə Cərco vahəsinin möcüzəsi barədə bəhs
ediləcək aləmdən də xəbərsiz idim. Mən də bu aləmin qapısını döydüm, amma məni oraya qəbul
etmədilər. Deməli mən artıq asiyalı deyildim. Bunu heç kim mənə irad tutmurdu, amma deyəsən
bunu hamı bilirdi. Mən bu arada bir əcnəbiyə çevrilmişdim.
Lakin yenə öz evimdə olmağa, Asiyanın xəyal aləminə can atırdım.
Qayıqdan dənizin qapqara güzgü kimi parıldayan suyuna baxırdım. Məmməd Heydər öldü, Aişə həlak
oldu, evimiz talan edildi. Mən isə balaca bir yelkənli qayıqla Şahın diyarına, böyük sakitliyin hökm
sürdüyü İrana gedirəm.
Birdən Nino gəlib yanımda durdu və İranda biz nə edəcəyik? – deyə soruşdu.
– Dincələcəyik, Nino – dedim.
– Elədir, istirahət edəcəyik deyilmi? Mən də yatmaq istəyirəm Əli xan. Bir ay, bir il yatmaq istəyirəm.
Yaşıl ağacları olan bir bağçada yatmaq istəyirəm. Amma orada müharibə, atəş səsləri olmamalıdır.
– Sən elə belə bir ölkəyə gedirsən. İran min ildir yatır və çox nadir hallarda orada atəş səsləri eşidilir.
Biz kiçik göyərtəyə çıxdıq. Nino o saat yuxuya getdi. Mən isə Seyidin siluyetinə və onun barmaqlarının
hərlənən qan damlasını andıran təsbeh dənələrinə baxaraq uzun zaman uzandığım yerdə oyaq qaldım.
Seyid dua edirdi. O, gizli dünyaya, həqiqi həyatın sona çatdığı yerdə başlayan dünyaya yaxşı bələd idi.
Günəşin doğduğu üfüqün arxasında İran yerləşirdi. Qayığın döşəməsində oturub balıq yeyirdik, su
içərkən İranın artıq nəfəsini duymağa başlamışdıq. Təkinen qəbiləsindən olan yeganə əcnəbi sükançı
atamla söhbət edir və adi bir əşyaya baxan kimi mənə etinasızlıqla baxırdı.
Dördüncü günün axşamı üfüqda sarımtıl bir zolaq göründü. Bu zolaq buludu andırırdı, həqiqətdə isə
görünən İran sahilləri idi. Mən komaları və çox kasıb bir limanı gördüm. Bu şahın Ənzəlidəki limanı
idi. Biz köhnə və taxtaları çürümüş limana yaxınlaşıb lövbərimizi atdıq. Uzun cübbəli bir kişi bizə
yaxınlaşdı. Onun papağının üzərində qabaq pəncəsindən birini qaldırmış şir və doğan günəş rəmzi
olan İran gerbi parıldayırdı. Məmurun arxasınca üst-başı tökülmüş iki liman polis nəfərləri gəlirdi.
Onlardan birincisi iri, yumru gözləri ilə bizə baxdı və dedi:
– Uşaq doğulduğu gün günəşin ilk şüalarını necə salamlayırsa mən də sizi eləcə salamlayacayam.
Kimliyinizi isbat etmək üçün yanınızda sənədləriniz varmı?
Atam cavab verdi ki, “biz Şirvanşirik”.
– Şah həzrətlərinin almaz qapısının özlərinə açdıqları Əsəd-əs Səltənə Şirvanşir damarlarında sizinkiylə
eyni qanımı daşıyır?
– Bəli, o mənim qardaşımdır.
Biz qayıqdan düşdük. O adam bizi müşayiət edirdi. Anbarın yanına çatanda dedi: “Əsəd-əs-Səltəne”
bilirdi ki, siz gələcəksiniz. Onun göndərdiyi maşın şirdən güclü, ceyrandan iti, qartaldan gözəl, qayalar
üzərində qurulmuş qaladan möhkəmdir.
Biz tini döndük və onun təriflədiyi maşını gördük. Haradasa dağılmaq üzrə olan bir “ford” maşını yol
üstündə durmuşdu. Onun köhnə rezin şinləri bir neçə yerdən yamanmışdı. Maşına mindik, motor
titrəyərək işləməyə başladı. Sürücü, okeandakı nəhəng sərnişin gəmisinin kapitanı kimi gözlərini
uzaqlara dikmişdi. Yarım saatdan sonra biz Rəşt yolu ilə Tehrana gedirdik.

Ənzəli, Rəşt yollarından səhra nəfəsi ilə qızmış küçələr ... Üfüqdə “Abi-Yezid” şeytan suyu zaman-
zaman bir xəyalət kimi parlayırdı. Rəştə gedən böyük yol çay kənarından keçirdi. Çayın özündə isə su
yox idi. Onun yatağı qızmar günəş altında cadar-cadar olub. Camur yatağına çevrilmişdi. Adətən İran
çaylarında su olmur, ancaq orada su yığıntılarından əmələ gəlmə palçıqlı gölməçələrə təsadüf etmək
olurdu. Bu gölməçələrin qupquru sahillərində qumlar üzərinə kölgələr salan əzəmətli qayalar dururdu.
Bu qayalar ibtidai dövrdən qalmış azman qayaları xatırladırdı. Uzaqdan bir karvanın zınqırov səsləri
gəlirdi. Sürücümüz maşının sürətini azaltdı-biz sıldırım dağ silsilələrinin ətəklərində dəvələrin ağır
yerişlə getdiklərini gördük. Əlində əsa tutmuş sarban karvanın lap qabağında gedirdi. Onun arxasınca
da başdan ayağadək qara geyimli adamlar gedirdilər. Əsəbi dəvələr isə yollarını etinasızlıqla davam
edirdilər. Onlar addımlarını atdıqca boyunlarından asılan zınqırovların səsləri yüksəlirdi. Dəvələrin
bellərindən uzun kisələr asılmışdı. Bu kisələrdəkilər görəsən İsfahan parçalarımı ya da gilan yunu idi?
Sürücümüz maşını saxladı. Dəvələrin bellərindəki yük qara kəfənlərə bükülmüş meyitlər idi. Onların
sayı iki yüzə qədər idi. Dəvələr ağır yerişlə yanımızdan ötüb keçirdilər. Bu karvan dağlardan, duzlu
səhraların göz qamaşdıran hamar səthindən və saysız-hesabsız vahələri keçərək yük daşıyırdılar. Bu
dəvələr çox uzaqda olan türk sərhədinə çatdıqda diz çökəcəklər. Başlarında qırmızı fəs olan
kömrükçülər yükləri yoxladıqdan sonra, karvan yenidən yola düzəlib, müqəddəs Kərbəla şəhərinin
günbəzinə qədər məsafəni qət edəcəkdi. Karvan İmam Hüseynin məqbərəsinə çatıb yenə dayanmalı
idi. Orada dəvələrə yüklənmiş meyitlər qayğıkeş əllərlə hazırlanmış məzarlarda dəfn ediləcək və
qiyamət günü şeypur səsi onları əbədiyyət yuxusundan oyadana kimi onlar Kərbəla qumlarının altında
rahatlıq tapacaqlar.
Əllərimizlə gözlərimizi bağlayaraq onların qarşısında ehtiramla səcdə etdik. Bərkdən qışqırıb dedik ki,
“İmamın məzarında bizim üçün də dua edin”. Sarban da cavab verib dedi ki, “biz özümüz də bir duaya
möhtacıq”.
Karvan yenə yoluna davam etdi. O, böyük səhranın xəyaləti olan Abi Yezid kimi sakitcəsinə
uzaqlaşırdı.
Biz Rəştin küçələrindən keçirdik. Taxta və palçıqdan tikilmiş komalar üfüqün qabağını kəsmişdi.
Burada biz keçən yüzilliklərin nəfəsini açıq-saçıq duyurduq. Bircə baxışla palçıq evləri və dar küçələri
nəzərdən keçirmək olurdu. Burada hər şey eyni rəngdə idi. Şəhərdə hər şey balaca idi. Ancaq
hərdənbir komaların arasından baş qaldıran bir məscid gördükdə adam sarsılırdı.
Kişilər ülgüclə qırxılmış başlarına qabağı andıran yuvarlaq şapkalar qoymuşdular. Onların sifətləri də
adama maskaları xatırladırdı.
Hər yer toz, torpaq, natəmizlik içində idi. Bu o demək deyil ki, iranlılar toz, torpaq içində olmağı
xoşlayırlar. Onlar sadəcə hər şeyi necə varsa, elə də saxlamaq istəyirdilər. Çünki hər bir iranlı,
nəhayətdə hər şeyin toza çevriləcəyini zənn edirdilər.
Biz balaca bir çayxanada oturub istirahət etdik. Otaqdan nəşə iyi gəlirdi. Kişilər gözlərini Ninoya
zilləmişdilər. Küncdə saçları dağınıq, ağzı açıq, dodaqlarından tüpürcək axan və əlində naxışlı mis
piyalə tutan bir dərviş dayanmışdı. O, hamıya baxırdısa da, heç kimi görmürdü. Elə bil o var gücünü,
bütün vücud və şüurunu gözə görünməyən varlığın səsinə yönəltmişdi və o gözə görünməyən
varlıqdan işarə gözləyirdi. Birdən birə o yerindən sıçrayıb bağırdı:
– Baxın, günəş qərbdən yüksəlir; mən onu görürəm.
Şəhərin valisi tərəfindən göndərilmiş nümayəndə çayxananın qapısında göründü:
– Əlahəzrət əmr edib ki, bu çılpaq qadının mühafizəsi üçün burada keşikçi qoyulsun. O, çadrasız
Ninonu nəzərə alırdı. Ninonun halı dəyişmədi, çünki o, farsca başa düşmürdü.
Gecəni şəhər valisinin evində keçirtdik. Səhər tezdən keşikçilərimiz atları yəhərlədilər. Çarşab
örtməyən Nino çılpaq sayıldığı üçün və eləcə də ölkəni bürümüş quldurlardan qorunmaq üçün
keşikçilər bizi Tehrana kimi müşaiət etməli idilər.
Maşın yavaş-yavaş irəliləyirdi. Köhnədən qalmış yollarla Qəzvini keçirik. Şah Şahpur ordularını burada
toplamışdı. Səfəvilər, sənətçilər, sənətçilərin xeyirxahları və müqəddəsləri burada məclis qurardılar.
Yüz-yüzəlli kilometr yol getdim. Yol ilan kimi qıvrılırdı. Nəhayət uzaq Dəmavəndin qarlı təpəsindən
Tehran qapısının dörd qülləsi ehtişamla yüksəlirdi. Qapı rəngarəng yumşaq çinilərlə bəzədilmişdi.
Qapının üzərində zərif ərəb yazıları ilə həkk edilmiş kəlamlar elə bil şeytan gözləri kimi mənə baxırdı.
Böyük qapının altında toz-torpaq içində bədənlərini yara basmış dilənçilər və pərişan dərvişlər
oturmuşdular. Onlar incə barmaqlı arıq əllərini bizə uzadaraq hökmdarlara layiq Tehran şəhərinin
gözəlliyi və əzəməti haqqında şerlər oxuyurdular, amma onların səsləri qəmgin və kədərli idi. Onlar bu
minbir qübbəli şəhərə neçə illər bundan əvvəl böyük ümidlə gəlmişdilər. Lakin onların ümidləri puça
çıxmışdı.
Balaca maşın əyri-üyrü dar küçələrdən, Top meydanından və şah sarayının Almas darvazası yanından
keçib şəhərin o biri tərəfinə, Tehranın yaxınlığındakı Şəmiran qəsəbəsinə gedən geniş yola çıxır.
Şəmiran saray bağçasının qapıları taybatay açılmışdı. Qapıdan içəri girdikdə qızıl gülün ətiri bizi vurdu.
Biz bağçadakı fəvvarələrin yanından keçib saraya girlik. Pəncərələri pərdələrlə örtülmüş qaranlıq otaq,
bulaq suyu kimi sərin idi. Nino və mən başımızı yumşaq balışlara qoyub şirin yuxuya getdik.
Biz yatdıq, oyandıq, mürgülədik, yuxular gördük və yenidən yatdıq. Pəncərələri pərdələrlə örtülmüş
bu sərin otaqda yatmaq həddindən artıq xoş idi. Saysız-hesabsız döşəklər, yastıqlar və xalılar alçaq
divanın və döşəmənin üstünü örtmüşdülər. Yuxulu-yuxulu bülbüllərin cəhcəhini eşidirdik. Adamı
qeyri-adi bir hiss bürüyürdü. Biz bütün təhlükələrdən, Bakının əldən düşmüş qala divarlarından çox
uzaqlarda, böyük bir sakit evdə mürgüləyirdik. Vaxt səssiz-səmirsiz keçirdi. Nino hərdənbir dərin bir
ah çəkir, yuxulu qalxır, sonra başını mənim sinəmə qoyub yenidən yuxuya gedirdi. Mən isə İran
hərəmxanasının cazibədar ətri gələn yumşaq yastığına başımı qoyub yatırdım. Məni dəhşətli bir
tənbəllik bürümüşdü. Burnum qaşındığı zaman onu qaşımaq üçün əlimi qaldırmağa belə tənbəllik
edirdik. Nəhayət burnumun qaşıntısı öz-özünə dayandı və mən yenidən yuxuya getdim.
Nino birdən oyandı və başını qaldırıb dedi:
– Əli xan, acından ölürəm.
Biz bağçaya çıxdıq. Fəvvarələrin ətrafını qızıl güllər bürümüşdü. Sərv ağacları göyə ucalırdı. Rəngarəng
qanadlarını yelpinc kimi açmış tovuz quşu batmaqda olan günəşi, seyr edirdi. Uzaqlarda Demavənd
dağı ucalırdı. Mən əl çaldım. Şiş sifətli bir hərəm xidmətçisi tez yanımıza gəldi. Onun dalınca da
əlində xalça və yastıq tutan yaşlı bir qadın gəlirdi. Biz bir sərv ağacının kölgəsində oturub süfrə açdıq.
Hərəm xidmətçisi su və ləyən gətirdi. Sonra yerə sərilmiş xalının üzərinə İran mətbəxinin ən ləziz
yeməkləri ilə dolduruldu.
Pulemyotun şıqqıltısını eşitməkdənsə xörəyi əllə yemək yaxşıdır, deyən Nino sol əlini buğlanan plova
uzatdı. Xədimağası qorxunc bir ifadəylə ona baxdı. Ağasının utanmasına şahid olmasın deyə xidmətçi
üzünü yana çevirdi.
Mən Ninoya, İranda plovun sağ əlin üç barmağı ilə necə yeyildiyini öyrətdim. Bakını tərk etdiyimiz
gündən bəri ilk dəfə olaraq Nino güldü. İndi mən də artıq özümü sakit hiss edirdim. Şah ölkəsində,
Şəmiran sarayında, dindar şairlərin və müdriklərin diyarında həyat çox gözəl idi.
Nino birdən soruşdu:
– Bəs sənin əmin Əsəd-əs Səltənə ilə onun hərəmxanası haradadır?
– Hər halda, şəhərdəki saraydadı. Üç arvadı da onun yanında olmalıdır. Hərəmxananı soruşursan? Bu
bağça və ətrafındakı otaqlar elə hərəmxanadır da!
Nino güldü:
– Deməli, məni hərəmxanaya gətirmisən, eləmi? Mən bilirdim ki, əvvəl-axır belə olacaq.
Bu zaman ikinci bir hərəm xidmətçisi gəldi. Bu xidmətçi bədəncə arıq və bir qoca idi. O, bizə
yaxınlaşıb soruşdu ki, bizim üçün mahnı oxusun ya yox. Biz istəmədiyimizi bildirdik. Üç qız gəlib
xalçaları bükdülər. Əvvəlki qoca xidmətçi də gəlib süfrədən artıq qalan yeməkləri yığışdırıb apardı.
Balaca bir oğlan da tovuz quşuna yem verirdi.
– Əli xan, bu adamlar kimdirlər?
– Xidmətçilər.
– Görəsən nə qədər xidmətçi var burada?!
Mən bunu bilmədiyim üçün xidmətçini çağırıb ondan soruşdum. O bir qədər fikirləşəndən sonra dedi
ki, Hərəmxanaya iyirmi səkkiz qulluqçu xidmət edir.
– Bəs burada neçə arvad yaşayır?
– Hal-hazırda ancaq biri, o da sənin yanında oturan qadındır. Amma burada kifayət qədər yer vardır.
Əsəd-əs-Səltənə arvadları ilə birlikdə şəhərdə yaşayır. Bu indi sənin hərəmxanandır.
Sonra o oturub sözünə davam etdi:
Mənim adım Yəhya Quludur. Mən sənin namusunun keşikçisiyəm, xan. Mən yazmağı, oxumağı və
hesablamağı bilirəm. Evi idarə etməyi və qadınlarla əlaqədar bütün məsələlərdən başım çıxır. Mənə
bel bağlaya bilərsən. Yanınızda oturan qadının əcnəbi olduğu bəllidir. Amma mən ona yavaş-yavaş
əxlaq və rəftar qaydalarını öyrədə bilərəm. Mən görürəm ki, onun qoltuqlarının altı tüklüdür. Bəzi
ölkələrdə qadınların tərbiyəsinə son dərəcə etinasızlıq edirlər. Sabah onun dırnaqlarına həna
qoyacağam və yatmazdan əvvəl onun ağzını da müayinə edərəm.
– Ay Allah, daha bunlar nəyə lazımdır?
– Çürük dişləri olan qadınların ağzından pis iyi gəlir. Mən onun dişlərinə baxıb, nəfəsini iyləməliyəm.
– Bu adam orada nə boşboğazlıq edir? – deyə Nino soruşdu.
– O diş həkimi kimi öz xidmətini təklif edir. Əcaib bir tipə oxşayır.
Qəribə bir vəziyyətə düşmüşdüm. Sonra hərəm xidmətçisinə dedim:
– Yəhya qulu, görürəm sən mədəniyyətə aid olan bütün məsələlərdən xəbəri olan səriştəli bir
adamsan. Lakin, mənim arvadım hamilədir və ondan muğayat olmaq lazımdır. Elə bu səbəbdən də,
körpə dünyaya gələnədək tərbiyə məsələlərini təxirə salırıq.
Bunu deyərkən utandığımdan yanaqlarımın qızardığını hiss edirdim. Nino həqiqətən hamilə idi,
amma buna baxmayaraq mən yenə yalan danışırdım.
Hərəm xidmətçisi cavab verdi:
– Siz çox ağıllı hərəkət edirsiniz, xan. Hamilə qadınlar anlaşılmaz olurlar. Yeri gəlmişkən deyim ki,
doğulacaq uşağın oğlan olmasını təmin etmək üçün bir əlac var. – O, bunu deyib Ninonun zərif
vücudunu nəzərdən keçirdib əlavə etdi:
– Mənə elə gəlir ki, onun üçün hələ bir-iki ay vaxtı var.
Eyvandan çoxlu ayaq səsləri gəldi. Xidmətçilər və qadınlar bir-birlərinə qəribə işarələr etdilər. Yəhya
Qulu eşiyə çıxdı və dərhal çox qayğılı halda geri qayıtdı.
– Xan, möhtərəm Seyid Mustafa həzrətləri səni salamlamaq istəyir.
Hərəmxanada sizi narahat etməyə cürət etməzdim, amma Seyid də Peyğəmbər nəslinə mənsub elmli
bir adamdır. O, sizi Böyük Salonda gözləyir. “Seyid” sözünü eşidən kimi Nino başını qaldırdı:
– Seyid Mustafanımı deyirsiniz. Deyin gəlsin, hamımız birlikdə çay içərik.
Mən çaşqın və bir az da utancaq halda dedim:
– Seyid buraya gələ bilməz, Nino. Bura hərəmxanadır.
– Ah, buranın nə qəribə adətləri var. Onda onunla kənarda görüşərik.
– Nino, qorxuram ki... Sənə necə başa salım... Bilirsən də İranda bir çox şeylər bizim ölkəmizdəkindən
fərqlidir. Seyid axı kişidir.
Təəccübdən Ninonun gözləri bərəldi.
– Yəni demək istəyirsən ki, məni Bakıdan Dağıstana aparan Seyid Mustafa buraya gələ bilməz?
– Hə, Nino, qorxuram... Heç olmasa müəyyən vaxt keçənə qədər...
Nino birdən birə soyuq bir tərzlə “yaxşı” – dedi. “İndi isə çıx get”.
Əzab çəkə-çəkə bayıra çıxıb getdim, sonra da Seyidlə böyük kitabxanada oturub çay içirdim. Seyid
Mustafa deyirdi ki, Bakı kafirlərin əlindən azad olunana kimi Məşhədə gedib orada məşhur əmisinin
yanında qalmaq istəyir. Dedim ki, bu çox yaxşı düşünülmüş fikirdir, Seyid çox nəzakətli bir adam idi.
O, Ninonu heç soruşmurdu və bir dəfə də olsun onun adını belə çəkmədi. Qəflətən qapı açıldı.
– Axşamınız xeyr olsun, Seyid.
Ninonun səsi boğuq idi.
Seyid Mustafa yerindən hoppandı. Onun çopur sifətində dəhşət ifadəsi var idi.
Nino xalçanın üstündəki döşəkdə oturdu: – Bir stəkan da çay içərsinizmi, Seyid?
Eşikdə təlaşla gəlib gedən adamların ayaq səsləri gəlirdi. Şirvanşir evinin nüfuzu birdəfəlik yerə
vurulmuşdu. Seyid yalnız bir neçə dəqiqədən sonra özünə gəldi. Nino qaşqabağını sallayıb güldü:
– Mən pulemyotdan qorxmamışam, sənin üç, beş, hərəm xidmətçilərindən mi qorxacaydım – dedi.
Beləliklə biz hamımız, axşama kimi bir yerdə qaldıq. Çünki Seyid sadəcə incə bir kişi deyil idi, eyni
zamanda da çox anlayışlı bir insan idi.
O gecə yatmazdan əvvəl hərəm xidmətçisi alçalmış bir adam kimi mənə yaxınlaşıb dedi:
– Ağa, mənim cəzamı veriniz. Mən arvadınızı gözümdən qoymalı deyildim. Lakin onun bu dərəcədə
çılğın və bu qədər yabanı olacağı kimin alğına gələ bilərdi. Bu mənim günahım, diqqətsizliyimdir ağa.
Özünü son dərəcə günahkar sayan bir insanın ifadəsi vardı onun girdə sifətində.


Tarix: 09.06.2015 / 13:04 Müəllif: Aziza Baxılıb: 280 Bölmə: Qurban Səid - "Əli və Nino"
loading...